Allaha acıq getməsin, futbol da araq kimidi – hər dəfə adama fərqli təəssürat bəxş edir.
Srağagün axşam saatlarında “Tofiq Bəhramov”dan çıxıb avtobus dayanacağına yollananda şəxsən mən bilmirdim ki, bir qədər əvvəl bitən oyunun nəticəsinə görə sevinim, yoxsa kədərlənim? Bir tərəfdən, əlbəttə, ötən il olduğu kimi, yenə “Qarabağ” Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb, yəni ən azı geri addım atmayıb. Amma digər tərəfdən, 1-ci yeri tutmaq, deməli, həm də Avroliqanın 1/8 finalında oynamaq imkanı böyük ölçüdə əldən verilib.
İlk 30 dəqiqəni izləyən istənilən şəxs “Qarabağ”ın bu oyunda qalib gələcəyini iddia edənlərlə razılaşar, hətta qonaqlıqdan mərc də gələrdi. Amma olmadı və etiraf etmək lazımdı ki, tribunaları dolduran 30 mindən artıq azarkeş stadiondan qarışıq hisslərin təsiri altında ayrıldı. Biri də mən idim ki, artıq hisslərimin “rəngini” çatdırdım.
Avropa daha “Qarabağ”ı ciddi şəkildə öyrənir, konkret oyunçuları və bütövlükdə komandanı zərərsizləşdirmək üçün əlindən gələni edir. Söhbət məhz “Olimpiakos”dan gedirsə, bəzək-düzək vurmadan demək lazımdı ki, Yunanıstan çempionu Azərbaycan çempionundan, daha dəqiqi, Pirey biabırçılığının təkrarlanmasından çəkinirdi. Yoxsa adamlar nədən meydanın özünə aid hissəsinə çəkilib, meydanın digər tərəfində rəqib qapısının da olduğunu unutsunlar ki?! Təbii, “Olimpiakos” mümkün heç-heçənin uzaqbaşı Konfrans Liqasına yollanmaq üçün şans saxlayacağını bilirdi. Amma yunanlar hücum etməmək inadından əl çəkmirdi ki çəkmirdi. Düzdü, Miçel Qonsales 60-cı dəqiqədə qeyrətə gəldi, ötənlərin Valbuena və Marselo kimi iki ulduzunu meydana buraxmaqla oyunun axarını dəyişməyə çalışdı. Doğrudanmı, bu addım qələbə qazanmağa hesablanmışdı? Demək çətindi...
Əvəzində asanlıqla onu deyə bilərəm ki, “Olimpiakos”un Bakıdakı hədəfini xalla ifadə etmək belə gülüncdü. Açıq-aşkar hiss olunurdu ki, Yunanıstan çempionu ilk oyundan sonra üzləşdiyi tənqid dalğasını bir qədər yatırmaq, 0:3-ün ləkəsini imicindən təmizləmək, bir qədər primitiv ifadə etsəm, sadəcə, futbol oynamağı bacardığını göstərmək istəyir.
Ortada UEFA-nın “Qarabağ”ın “çərçivə”yə gedən bir zərbəsinin də olmadığını göstərən statistika da var. Əslində ağdamlılar total üstünlük fonunda elə ilk 30 dəqiqədə hesabı açmalıydı. Onda nə UEFA-nın statistikası yada düşəcək, nə də Qurban Qurbanova bununla bağlı sual veriləcəkdi. Sadəcə, qol buraxmadan yola verdikləri hər dəqiqə yunanları ümidləndirdi, onlar Bakıda xal qazanmağın mümkünlüyünü anladılar. “Qarabağ”ın futbolçuları isə anlaşılmaz şəkildə yorğun və gərgin göründülər. Bəlkə həqiqətən nəticənin məsuliyyəti (Qurbanovdan sitat: “birinci yer uğrunda mübarizə apardığımız yönündə danışıqlar gedirdi azarkeşlər, jurnalistlər arasında”) futbolçularda gərginlik, səhvdən qormaq duyğusu yaratmışdı? Amma onların həmişəkindən çox ötürmə səhvi, hücumun son anında doğru qərar verə bilməməsi, 2-ci hissənin müəyyən bölümündə hətta müdafiə ilə hücum arasında əlaqənin itdiyi görünürdü.
Nəticəyə Qurban bəyin baxış bucağından yanaşsaq, bəlkə 1 xalı da qazanc kimi qəbul edib, hər oyun üçün konkret hədəf müəyyənləşdirmək daha yaxşı yoldu. Belədisə, onda “Nant”la səfər oyunu üçün hədəfimiz ilk növbədə uduzmamaq olmalıdı. Mümkün 1 xal son tur ərəfəsində “Nant”la yanaşı, motivasiyasız oynayacaq “Frayburq”u məğlub etməyə qadir olan “Olimpiakos”u da bizə əngəl olmaqdan qurtarır. Hətta qarşıdakı turda “Qarabağ”la “Olimpiakos”un qələbəsi hər birimiz üçün xəyalların zirvəsi olardı. Bakıda qorxudan gizlənməyə yer axtaran yunanlar “Frayburq”u məğlub etməklə “Qarabağ”a yardım göstərə bilər. Biz isə səfərdə “Nant”a qalib gəlib, almanlarla taleyüklü ev oyununa hazırlaşardıq. Bax, bu artıq gözəl son olardı, yəni bu qrupun qalibinin kimliyi “Qarabağ”la “Frayburq”un duelində bilinərdi. Belə dramatik sonluq izləməsək belə, mənə elə gəlir ki, “Qarabağ”ın “Frayburq”a bir qələbə borcu var. Borcu sonraya saxlamağa dəyməz!
HUŞƏNG