Azərbaycan idmanı və idmançıları üçün daha bir Olimpiada başa çatdı.
Hər böyük turnirdən sonra olduğu kimi, bu dəfə də nəticələrin təftişi gedir, yəni ölkəmizi təmsil edən atletlər nə dərəcədə uğurlu çıxış edib, onlar tənqidə, yoxsa tərifə layiqdi? Təbii ki, müqayisə həqiqəti üzə çıxarmağın yeganə yolu deyil. Hər iki variantın tərəfdarlarının özünə görə dəlilləri və həqiqətləri var. Biz də bu mübahisəyə işıq salmaq üçün bəzi məqamları xatırladacağıq.
Atlanta-96-dan bəri ilk dəfə finalda olmadıq
Əvvəlcə onu xatırladaq ki, Azərbaycanın qadın idmançılarının Sidney-2000-dən başlayan hər Olimpiadada medal qazanmaq ənənəsi 24 ildən sonra Parisdə başa çatdı. Sidneydə olimpiya çempionu olan Zemfira Meftahəddinova Afina-2004-də də bürünc medal qazanıb. Olimpiadalarda ən çox medal qazanmış azərbaycanlı qadın idmançı isə Mariya Stadnikdi - 2 gümüş, 2 bürünc. Zemfira Meftahəddinova ilə İradə Aşumovadan başqa bütün qadın medalçılar “milliləşdirilən” legionerlərdi. Bu iki xanımın SSRİ idmanının yetirməsi olduğunu nəzərə alsaq, hələ də müstəqil Azərbaycanın yetişdirdiyi qadın idmançı Olimpiadada fəxri kürsüyə qalxmayıb.
Daha bir arzuolunmaz məqam: Parisə böyük ümidlərlə göndərdiyimiz güləş yığması vətənə fiasko ilə dönür. Azərbaycanın müstəqil dövlət kimi təmsil olunduğu Atlanta-1996-dan bəri ilk dəfə heç bir güləşçimiz finala çıxa bilmədi. Bizimkilər üçün 5 yarımfinalın hamısı məğlubiyyətlə bitdi. 9 güləşçi əliboş qaldı, yalnız Həsrət Cəfərov, Maqomedxan Maqomedov və Georgi Meşvildişvili 3-cü yeri tuta bildi.
Cüdoçular – Hidayət Heydərovla Zəlim Kotsoyev yarışın ilk günlərində qızıl medal qazandığından sonrakı günlərdə 3-cı “qızıl”ın da gələcəyinə, bununla da Azərbaycan idman tarixində bir ilk yaşanacağına ümidimiz böyük idi. Amma sonrakı günlərdə finala çıxan taekovondoçu Qaşım Maqomedovla boksçu Alfonso Dominges müqavimətsiz təslim oldu. Yenə Qaşıma ağır zədəyə görə bəraət qazandırmaq mümkündü. Kubalı boksçu isə özbək rəqibi üçün “armud” rolunu oynadı, sadəcə, döyüşmədi.
Üçüncü arzuolunmaz məqam: 7 medaldan 5-ni Azərbaycan üçün legionerlər qazanıb, yəni sırf azərbaycanlı idmançıların qazandığı 1 qızıl (Heydərov) və 1 bürünc (Cəfərov) medaldı. Bu iki medal isə bizə komanda hesabında heç ilk “60-lığ”a düşməyə imkan verməyəcəkdi. Əlbəttə, kimlərsə deyə bilər ki, onda Adil Osmanovun Moldovaya qazandırdığı bürünc, Pərviz Nəsibovun Ukraynaya qazandırdığı gümüş medalı da öz adımıza çıxmalıyıq. Əzizlərim, burda bir prinsipial fərq var: nə Adil, nə də Pərviz Azərbaycan idmanının yetirməsidi. Bizə Parisdə 5 medal qazandıran legionerlərin hər biri kimi!
Tokio ilə müqayisədə uğurdu, amma...
Xatırlayırsızsa, Azərbaycan idmançıları Tokio-2020-dən (əslində 2021) cəmi 7 medalla (3 gümüş, 4 bürünc) medalla dönmüşdü. Onda ölkə idmanına rəhbərlik edənlər nəticəsizliyi koronavirus probleminə görə Olimpiadaya lazımınca hazırlaşa bilməməklə bağladı. Bu gün isə Parisdə qazanılan nəticə məhz Tokio-2020 ilə müqayisə olunur, aralarında 2 “qızıl” da olan 7 medal böyük uğur sayılır. Təbii ki, belə düşünənlərə haqq qazandırmaq çətindi. Ötən müddətdə Azərbaycan idmanının maliyyətləşdirilməsinə heç bir problem yaşanmayıb, Rusiya və Belarus Olimpiadada yoxdu, Parisə yetərincə geniş heyətlə yollanmışıq, amma ortada cəmi 7 medal var. Sırf medalların sayına görə uğursuz Tokio Olimpiadasının təkrarıdı. Amma 2 “qızıl” komanda hesabında Xorvatiya ilə 30-cu yeri bölüşməyimizə şərait yaratdı. Xatırladaq ki, London-2012-də nəticəmiz bundan da yaxşı olmuşdu – 2 qızıl, 2 gümüş və 5 bürünc medal. Hələ mən Rio-2016-da 18 medal qazanmağımızı demirəm. Açıq-aydın görünür ki, Azərbaycan idmanında ötən müddətdə elə bir ciddi tərəqqi yoxdu. İdmanı siyasətə alət etməsək, hər şeyi öz adı ilə çağırsaq, acı gerçəklik belədi.
Ermənistanla müqayisə olar, Özbəkistan və Gürcüstanla yox?
Paris Olimpiadasındakı nəticəni uğur sayanlar Ermənistan, Litva, Estoniya, Latviya kimi postovet məkanı ölkələrinin, hətta nəhəng qonşumuz Türkiyənin qızıl medal qazanmamasını da önə çəkir. Yaxşı, bəs onda Özbəkistanın 8-i (!) qızıl olmaqla 13, Gürcüstanın 3-ü qızıl olmaqla 7 medal qazanmasını necə dəyərləndirək? Və ya başqa bir ritorik sual: Azərbaycanda zəngin tarixi ənənələri olan güləşlə boksu məhv etmişik, hər iki idman növündə əcnəbilərin hesabına ayaqda durmağa çalışmağımızın adı nədi? Ardıcıl 3-cü Olimpiadada komanda hesabında kiçik Gürcüstana uduzmağımızın məsuliyyəti kimin üzərindədi?
Bir daha legionerlər haqda
Azərbaycan idman ictimaiyyətinin legioner mövzusuna həssas münasibət bəsləməsi heç kimə sirr deyil. 2000-ci illərin sonlarında idmanın ən müxtəlif növbəri üzrə o qədər legioner “milliləşdirildi” ki, bu prosesin hətta dözülməz və biabırçı xarakter aldığını vurğulaya bilərik. Parisə yollanan heyətin də ən azı 40 faizini legionerlər təşkil edirdi. Biz bu məsələyə bəzən kənar gözlə baxmağı da öyrənməliyik. Ən müxtəlif millətlərin nümayəndələrinin formasında Azərbaycan bayrağı daşıması heç və yaxşı qarşılanmır. Və həmin legionerlər özləri də yersiz hərəkətlərlə ab-havanı korlayırlar. Məsələn, Alfonso Dominges finalda müqavimətsiz təslim olduğuna görə onu qınayanlara belə cavab verdi: