Bu mövsüm bir sıra Anadolu klubları maliyyə problemləri ilə üzləşib.
"Football-plus.az" xəbər verir ki, “Adana Dəmirspor” və “Kayserispor” borcları üzündən bəzi əsas oyunçuları ilə vidalaşmalı olub. İndi də eyni problemi “Konyaspor” yaşayır. Bir müddət öncə iki aparıcı futbolçu – albaniyalı forvard Sokol Çikalleşi ilə fransalı qapıçı Pol Bernardoni pulunu ala bilmədiyinə görə klubla müqaviləni birtərəfli qaydada ləğv etmişdi. Bernardoni artıq özünə yeni klub taparaq İsveçrə təmsilçisi “İverdon”a keçib.
Bu arada 26 yaşlı fransalı qapıçı Türkiyədə başına gə(tiri)lənlərlə bağlı ölkəsinin mətbuatına gündəmə düşəcək açıqlamalar verib. Onun “Le Parisyen” nəşrinə verdiyi açıqlamalar Türkiyə futbolunun Avropadakı imici üçün heç də yaxşı deyil. Çox uzatmadan onun sözləri ilə tanış olaq:
“Konyaspor”dan ayrılmağımın səbəblərindən biri pulumu ala bilməməyimdi. İlk iki ayda, ümumiyyətlə, mənə pul vermədilər. Sonradan iki dəfə ödəmə etdilər. Birincisi FİFA-nın xəbərdarlığından, ikincisi müqaviləmi ləğv etdikdən sonra. Hər dəfə “nə üçün pulu köçürmürsüz” deyə soruşduqda “tələsmə, bu yaxınlarda köçürüləcək” cavabını eşidirdim. Amma hər dəfə yalan danışırdılar. Onlar borcu hissə-hissə ödəməyi təklif etdilər. Mən də razı olmadım. Bunun əvəzini məndən başqa yollarla çıxdılar. Yanvarın əvvəllərində əvvəl “Qalatasaray” və “Fənərbaxça”ya qarşı oyunlarımız var idi. Komandanın avtobusuna minməyə hazırlaşırdım ki, birdən bütün oyunçuların yer aldığı “votsap” qrupundan çıxarıldığımı öyrəndim. Düzdü, idman baxımından 17 oyun da olsa, oynaya bildim. Amma insani baxımdan hər şey qorxunc səviyyədə idi. Karyeramın əvvəlindən bəri mənimlə birlikdə olan itim “Berni” zəhərləndi. Onunla bir dəfə gəzməyə çıxarkən bu olay başıma gəldi. Konyada çoxlu küçə itləri var və yerli insanlar onları çox da sevmir. İtimin ölümündən sonra Türkiyəni bir an öncə tərk etmək istədim. Klub tərəfindən həyat yoldaşımın viza problemi də heç cür yoluna qoyulmadı. Ona görə də Fransaya dönmək məcburiyyətində qaldı. Mənə 90 günlük Türkiyə vizasının bitməsinə cəmi 3 gün qaldığını söylədilər. Ona görə də yoldaşım Türkiyəyə qayıda bilmədi. Bu, mənim üçün bardağı daşıran son damla oldu. Əvvəlcə maaşımı ala bilmədim, sonra itim zəhərlənərək öldü, sonda da həyat yoldaşımdan ayrı qalmalı oldum. 3-4 ayda belə hadisələr yaşamaq həddən artıq çox idi. Artıq bu həyatı yaşamaq istəmədim. Başqa problemlər də oldu. Məsələn, evimin kirayə haqqını klub ödəməliydi. Amma bunu bir dəfə də etmədilər. Mənə fransızca danışa bilən bir tərcüməçi tutulacağına da söz verilmişdi. Onu da görmədim. Bir ara Konyada oynamış tanışlarıma mesajlar göndərdim. Mənə bilirsiz nə dedilər? Yalnız biri mənə ora qayıtmamağı məsləhət gördü. Qalanları isə “ən pis halda 1-2 ay gec də olsa, pulunu alacaqsan” dedilər. Mən də çoxluğun fikrini dinlədim. Amma bir neçə həftə sonra bu yalanları eşidənin tək mən olmadığımı anladım. Bəzi komanda yoldaşlarıma uşaqlarının gözəl məktəblərdə oxudulacaqlarına söz verilmişdi. Bu şəkildə onları transfer etmişdilər. Amma bu da yalan idi”.