Yanvarın 25-də UEFA-nın İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Nyonda milli komandalar arasında turnirlər üçün nəzərdə tutulan təkliflər müzakirə olunub.
Football-plus.az xəbər verir ki, artıq Avropa yarışlarında islahatlarla bağlı müvafiq qərarlar verilib.
ML-də ikincilərə də şans verildi
UEFA Millətlər Liqasının (ML) formatında dəyişiklik edib: turnir əlavə pley-off mərhələsi ilə genişləndirilib. Qurumun saytının yaydığı məlumata görə, növbəti – 2023/24 mövsümündən həm A liqasında 4 qrupun qalibləri, həm də 2-ci yerləri tutan komandaların mübarizə aparacağı 1/4 final mərhələsinin əlavə edilməsi qərara alınıb. Komandalar bu mərhələdə evdə və səfərdə olmaqla iki oyun keçirəcəklər. 1/4 final matçları mart ayına təyin olunub. Qaliblər ML-in çempionunun müəyyənləşdiyi “Dördlər final”ına vəsiqə qazanacaqlar.
Liqalar arasındakı yerdəyişmə qaydası da dəyişib. A liqasında 3-cü yeri tutanlar B liqasının ikinciləri, B liqasında üçüncü olanlar isə C liqasının ikinciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçlarında qarşılaşacaqlar.
DÇ və AÇ-nin formatı da dəyişdi
Qitədə Avropa (AÇ) və dünya çempionatlarının (DÇ) final mərhələsi üçün komandaların seçilməsi sisteminə də yenidən baxılıb. İK hər iki nəhəng turnirdə seçmə mərhələnin formatında dəyişiklik edilməsi haqda qərar qəbul edib. Yeni formata əsasən, seçmə mərhələdə 4 və ya 5 komandadan ibarət 12 qrup yaradılacaq. 5 komandalı qruplarda mübarizə yığmaların ML-in pley-offundakı çıxışından asılı olaraq martda və ya iyunda başlayacaq. 4 komandalı qruplarda isə seçmə mərhələ sentyabrda start götürəcək. Hər bir qrupda seçmə turnir ikidövrəli sistemlə təşkil ediləcək. Qruplarda birinci yeri tutan komandalar Avropa və ya dünya çempionatına birbaşa vəsiqə qazanacaqlar. Qrup ikinciləri ya avtomatik final mərhələsinə yüksələcək, ya da pley-off mərhələsində iştirak edəcəklər (ML-dəkı uğurlu çıxışına görə Avropa çempionatında iştirak uğrunda pley-offa vəsiqə qazanan komandalarla birlikdə). Yeni format Almaniyada təşkil ediləcək AÇ-2024-dən sonra - 2026-cı ilə təyin olunan dünya çempionatının seçmə mərhələsindən başlayaraq qüvvəyə minəcək.
AÇ-də 32 yox, 24 komanda yarışacaq
İK Avropa çempionatını 32 komandanın iştirakı ilə keçirilməsi variantını qəbul etməyib. Qeyd edək ki, yeni formatın 2028-ci ildən mümkün tətbiqi planlaşdırılırdı, lakin UEFA bu islahatı planlardan çıxarmaq qərarına gəlib. 32 komandalı qitə çempionatının turnirin əhəmiyyətini və nüfuzunu aşağı sala biləcəyi qeyd olunub. Beləliklə, AÇ-nin final mərhələsi yaxın gələcəkdə də 24 yığmanın iştirakı ilə keçiriləcək.
Yeri gəlmişkən, AÇ-2024-ün seçmə turniri martın 23-də başlayacaq. Reqlamentə əsasən, qitənin 54 komandası (təşkilatçı ölkə Almaniyanın komandası seçmə mərhələdən azaddı) 10 qrupda ikidövrəli sistemlə mübarizə aparacaq. 7 qrupda beş, 3 qrupda isə altı komanda yarışacaq.
Kazanın yerini Afina tutdu
İK daha bir gözlənilən qərar qəbul edib. UEFA bu il Avropa Superkuboku oyununun keçiriləcəyi yeri dəyişib. Qurumun saytının xəbərinə görə, yeganə matça evsahibliyi etmək hüququ Rusiyanın Kazan şəhərindən alınıb. Yeni məkan kimi Afina seçilib. Yunanıstanın paytaxtı avqustun 16-da Çempionlar Liqası (ÇL) və Avropa Liqasının qalibləri arasında keçiriləcək oyunu təşkil edəcək.
Xatırladaq ki, Kazan Avropa Superkuboku matçına evsahibliyi etmək hüququnu 2020-ci ildə qazanmışdı. Bu, Rusiyada keçirilən ilk belə oyun ola bilərdi. Lakin şimal qonşumuz beynəlxalq futbol təşkilatlarından növbəti zərbə alıb. Bilindiyi kimi, FİFA və UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bu ölkənin milli komanda və klublarının beynəlxalq qurumların bayrağı altında keçirilən yarışlarda iştirakına qeyri-müəyyən müddətə qədər qadağa qoyub. Məlum səbəbdən 2022-ci ildə ÇL-in final oyununun təşkilatçılıq hüququ da Sankt-Peterburq şəhərindən alınaraq Parisə verilmişdi.
Reaksiyalar
Rusiya Futbol İttifaqının ictimaiyyətlə əlaqələr xidmətinin məlumatı: “Klub və milli komandalarımızın beynəlxalq qurumların bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulması fonunda Kazanın Avropa Superkuboku matçına evsahibliyi etmək hüququnu itirməsi gözlənilən idi. Bu qərarın idmanla heç bir bağlılığı yoxdu. Kazanın müxtəlif idman yarışlarını ən yüksək səviyyədə təşkil etmək baxımından böyük təcrübəsi var. Superkubok oyununun təşkili üçün əla infrastruktura və yüksək hazırlığa malik olan şəhər təhlükəsizlik təminatı da vermişdi. Hazırda səylərimiz Rusiya futbolunu beynəlxalq turnirlər sisteminə qaytarmağa yönəlib”.
Vyaçeslav Koloskov, Rusiya Futbol İttifaqının fəxri prezidenti: “Superkubok matçının Kazanda keçiriləcəyinə heç bir ümidim yox idi. Bu baxımdan hər şey aydındı. FİFA və UEFA-nın Rusiyanın milli komanda və klublarının bu beynəlxalq qurumların bayrağı altında keçirilən yarışlarda iştirakını qadağan etməsi ilə bağlı qərarını diqqətlə oxuyun. Avropa Superkuboku oyunu UEFA-nın bayrağı altında təşkil edilir. Ötənilki qərarlardan sonra bu matçın ölkəmizdə təşkilinə necə inana və ümid edə bilərdik? Bundan əvvəl ÇL-in final oyununun təşkilatçılıq hüququnu Sankt-Peterburqdan almışdalar. Odu ki, İK-nın Kazanla bağlı qərarı gözlənilirdi”.
Oleq Matıtsin, Rusiya Federasiyasının idman naziri: “Futbol qurumumuzun nümayəndələri yanvarın 24-də UEFA-nın təmsilçiləri ilə görüşdə komandalarımızın beynəlxalq yarışlara qaytarılmasının mümkünlüyü ilə bağlı məsələni müzakirə ediblər. Növbəti belə görüş fevrala təyin olunub. Rusiyanın futbol rəsmiləri UEFA ilə çoxdan təmaslardadı. Məlum məsələlərlə bağlı sualı onlara ünvanlayın. Mən artıq dəfələrlə demişəm ki, ölkə futbolunun inkişafı üçün daxildə rəqabət yaratmalı, infrastruktur qurmalı, uşaq futbolunu inkişaf etdirməli və peşəkar futbola kömək edilməlidi. Əlbəttə, bu işləri beynəlxalq aləmdən təcrid şəraitində görmək çox çətin olacaq”.
Dmitri Svişev, Rusiya Dövlət Dumasının Fiziki Hazırlıq və İdman Komitəsinin sədri: “Rusiya Futbol İttifaqının və kazanlı təşkilatçıların UEFA-nın qərarından şikayət edib-etməyəcəyini bilmirəm. Amma indiyə qədər çəkilən xərcləri hesablamalı və təzminat almağa çalışmalı olduğumuzu düşünürəm. Hərçənd bu planda şikayətlərimizə rədd cavabı almışıq. Bu, bizim üçün imiclə bağlı itkidi. UEFA üçün də itkidi. Onlar əvvəlcə təşkilatçılıq hüququnu verirlər, sonra isə alırlar. Bundan sonra kim belə təşkilata ciddi yanaşacaq? Sabitliyin, Kazanın müxtəlif idman yarışlarını təşkil etmək baxımından böyük təcrübəsinin olması orda təşkilatçılığın ən yüksək səviyyədə olduğunu sübut edir. UEFA-nın qərarı əsl qeyri-peşəkarlıq nümunəsidi”.