1948-ci il oktyabrın 5-də, gecə saatlarında Türkmənistanın paytaxtı Aşqabad şəhərində dəhşətli zəlzələ baş verib.
Zəlzələ nəticəsində şəhərdəki binaların 97-98 faizinin dağıldığı, 176 minə yaxın insanın isə həyatını itirdiyi bildirilir. Faciənin miqyasını təsəvvür belə etmək çətindi. Üzərindən illər keçib, amma bu ağır faciənin ağrı-acısı təkcə Türkmənistanda yox, keçmiş SSRİ-nin hər yerində hiss olunur, xatırlanır. Təsadüfi deyil ki, həmin vaxtdan bəri adamların dilində bir ifadə də qalıb: “Aşqabad batan kimi”. Yəni hardasa pis nəsə baş verəndə, kiminsə biznesi iflas edəndə, planları pozulanda bunu deyirlər: “Filankəs Aşqabad batan kimi batdı”.
İndi “Neftçi” gözümüzün önündə belə vəziyyətə düşüb. Yanlış idarəçilik səbəbindən ölkənin ən qocaman klubu batır, tarixi əzəmətindən uzaq düşür. Problemin xeyli ciddi olduğu artıq hər kəsə məlumdu. Artıq neçənci mövsümdü “ağ-qaralar” belə problemlərin məngənəsində çabalayır, azarkeşlərinin əhvalını korlamağa davam edir. Ötən mövsüm “Neftçi” turnir cədvəlində 5-ci yeri tutdu, avrokuboklara vəsiqə qazana bilmədi. Özü də 5-ci yer heç də təsadüfi deyildi. Mövsüm ərzində iki əcnəbi baş məşqçiyə tapşırılan komanda heç cür sabit çıxış edə bilmədi. “Qarabağ”la oyunlardakı fiasko bir tərəfə, “ağ-qaralar” heç “Sumqayıt”, “Zirə”, “Sabah” kimi ortabab iddialılara müqavimət göstərə bilmədi, hətta say üstünlüyü qazandığı oyunlarda da qələbəyə həsrət qaldı. Belədə 5-ci yer də qanunauyğunluq sayıldı. Komandanın baş məşqçisi də, klub prezidentinə bərabər vəzifədə oturan Fərrux Mahmudov da yola salındı. Artıq yola salınanların əvəzinə də yeni kadrlar gəlib, amma görünən odu ki, yeni təyinatlar da “Neftçi”yə uğur gətirməyib. Dəyişən nəsə yoxdu.
Hərdən adama elə gəlir ki, “Neftçi” üçün mövsüm bitməyib, ötən mövsüm davam edir. Çünki nə oyun üslubunda dəyişiklik var, nə də nəticələrdə. Roman Qriqorçuka olan hörmətimdən ukraynalı məşqçinin özü də xəbərdardı. Əminəm ki, mənim kimi siz də onun məşqçilik bacarığını şübhə etmirsiz, elə insan kimi də keyfiyyətlərini bəyənirsiz. Amma görünən odu ki, Qriqorçukun “Neftçi”dəki fəaliyyəti heç də istənilən kimi alınmır. “Qəbələ”dəki nəticələrin burda təkrarlanması heç də asan olmayacaq. Əlbəttə, biz klubun içində deyilik, orda nələrin baş verdiyindən xəbərsizik. Kənardan etdiyimiz müşahidələr isə müəyyən qənaətlərə gəlməyə əsaslar verir. Təxmin etmək çətin deyil ki, isveçli, türkiyəli kadrların əhatəsində, işbaz menecerlərlə eyni düşərgədə çalışmaq Roman İosifoviç üçün heç də ürəkaçan deyil. “Qəbələ”dəki fəaliyyəti zamanı ukraynalı mütəxəssis transfer məsələlərində daha sərbəst idi, onun sözü keçirdi. Heç də təsadüfi deyildi ki, heyətdə ukraynalı futbolçular üstünlük təşkil edirdi, həmyerliləri Qriqorçukun nə istədiyini daha tez başa düşür, meydanda effektiv yerinə yetirirdilər. “Neftçi”də isə elə olmadığı heç kimə sirr deyil.
“Neftçi” üç oyunda cəmi bir qol vurub, iki xal toplayıb və qələbəyə həsrət qalıb. Nəticələri, udub-uduzmağı bir kənara qoyuram. “Neftçi”nin oyununda məzmun yoxdu, futbolçular xaotik davranır, xətlərarası əlaqə yox səviyyəsindədi. Üstəlik “ağ-qara” formada meydana çıxan 11 nəfərdə əzmkarlıq görünmür, onlar emossiyasız robotlar kimi 90 dəqiqəni yola verməklə məşğul olurlar. Yeri gələndə nə hücumların kəsərini artıran var, nə də arxa xəttin köməyinə tələsən. Təkcə Rza Cəfərov az-çox nəsə etməyə çalışır, onun da üzərinə düşən vəzifə qapının toxunulmazlığının qayğısına qalmaqdı ki, təkbaşına rəqibin bütün hücumlarını dəf etmək də mümkün olmur. Ramil Şeydayev boş-boşuna ora-bura qaçır, Emin Mahmudov liderlik keyfiyyətlərini çoxdan itirib, başqaları da bu xaotik komandanın formasında gününü keçirir. Fərqi yoxdu bu heyəti kim formalaşdırıb, transferləri kim edib.
Komandanın baş məşqçisi Roman Qriqorçukdu, nəticələrə də o cavabdehlik daşıyır. Yeri gələndə, isveçli idman direktoru Yens Andersson da yaxasını çəkəcək, türkiyəli baş icraçı direktor Cenk Sümer də. Onlar Qriqorçuku hədəfə çevirib, yola salacaqlar, yenə də öz işlərinə davam edəcəklər. Buna görə də ukraynalı da ayıq-sayıq olmalı, nüfuzunu xərcləməməlidi.
Sonda Qara Qarayev məsələsinə də toxunmaq istəyirəm. Qriqorçuk deyir ki, Qaranı əsas heyətdə görmür, bunu özünə də deyib. Belə yerdə sual yaranır. Ukraynalı mütəxəssisin etimad göstərdiyi qalan futbolçular “Neftçi”nin əsas heyətinə layiqdilərmi? Onlar bunu nə ilə sübut edib, harda göstəriblər? “Səbail”ə, “Turan Tovuz”a bata bilməyən, yorğun və üzgün “Sabah”a müqavimətsiz təslim olanların heç biri “Neftçi”nin əsas heyətinə layiq deyil, Roman İosifoviç. Elə “Neftçi”ni Aşqabad kimi batıranlar da onlardı. Bizdən deməkdi, nəticəni özünüz çıxarın.
AMAL