Mahir Emreli futbolumuzun görkəmli karyeraya malik azsaylı simalarındandı.
Təəssüf ki,yığmanın və “Nürnberq”un hücumçusunun zədəli günləri davam edir. O yalnız sentyabrda məşqlərə başlaya biləcək. Bu isə o deməkdi ki, baş məşqçi Fernando Santuş Millətlər Liqasının gələn ay keçiriləcək oyunlarında Mahirin xidmətindən yararlana bilməyəcək.
Sirr deyil ki, Emreli tam sağalsa və yığmanın heyətinə qoşulsa belə, komandaya istənilən səviyyədə yardım edə bilməyəcəkdi. Nə qədər peşəkar olsa belə, sabiq klubu “Dinamo”da müntəzəm şans qazanmadığından formasından çox uzaqdı. Hələ zədəsi, bu üzdən buraxdığı oyunlar, meydanda olduğu dəqiqələrin azlığı da bizə çox söz deyir. Halbuki “Nürnberq” belə düşüncələrə qulaq tıxayıb onu rənglərinə bağladı. Özü də az qala toy-bayramla.
Ümumiyyətlə, Almaniya təmsilçisi Mahiri transfer etdiyinə görə çox məmnundu. İstedaflı hücumçunun, nəhayət, ümidləri doğruldacağını düşünənlərin sayı çoxdu. Əlbəttə, bu, yalnız “Nürnberq” rəhbərliyinin yox, xüsusilə milli üzvü olduğu üçün bizim də tələbimizdi. Yığmamızda onu müvəqqəti əvəz edə biləcək şəxslər var. Amma legionerlərimizin sayı mövsümlərarası fasilədə xeyli azaldı.
Ötən “futbol ili”ndə iki addım irəliləmişdiksə, indi dörd addım gerilədik. Odu ki, Emrelinin tezliklə sağlamlığını bərpa etməsinə və peşəsinin mahiri olduğunu almanlara, eləcə də bizə göstərməsinə ehtiyac var.
KƏNAN BAHADIR