Vaxtilə ölkəmizdə AZAL, "Xəzər Lənkəran" və "İnter"də (indiki "Şamaxı") çıxış edən, oyunu ilə daim diqqət mərkəzində olan futbolçulardan biri də braziliyalı hücumçu Junior Franko Nildo idi.
Artıq karyerasını bitirmiş futbolçu ilə əlaqə saxladıq, ötən günləri yada saldıq.
- Nildo, necəsən? Hansı işlə məşğulsan?
- Allaha şükür, yaxşıyam. Agent olmaq üçün çalışıram. Braziliyada bir neçə işlə məşğul oluram. Bəzən gənc futbolçularla işləyirəm. Məni menecer kimi işləmək üçün Dubaya dəvət etdilər. İnşallah, futbol sahəsində işləmək üçün BƏƏ-yə gedəcəm. Mərakeşdə də bir futbol məktəbi açmaq istəyirəm. Niyyətim bu sahəni bir çox yerlərdə yaymaqdı.
- Artıq uzun müddətdi ölkəmizi tərk etmisən. Azərbaycanı necə xatırlayırsan?
- Azərbaycanda çox vacib şeylər yaşadım, yaxşı insanlarla tanış oldum. Sizin Bakınızı sevirəm. Məndə bir xasiyyət var, hansı klubu gedirdimsə, ora möhkəm bağlılıq yaşayırdım.
- Azərbaycan çempionatını izləyirsənmi?
- Düzünü desəm, çox da izləyə bilmirəm. Lakin “Qarabağ”ın avrokuboklardakı oyunlarına baxıram. Almeyda hələ də ordadı. Onunla yaxşı münasibətim var. Ona və komandasına bu mövsüm ən yaxşısını arzulayıram.
- Ölkəmizdə üç klubda çıxış etmisən. Səni Azərbaycana ilk gətirən isə AZAL olub. O zaman bu komandaya keçidin necə alınmışdı?
- O vaxt komandanın baş məşqçisi Vaqif Sadıqov oyunlarımın videosunu izləyib bəyənmişdi. Daha sonra agentimlə bu barədə əlaqə saxladılar. Belə təklif olduğunu bildim və razılaşdım. Bu komanda qapılarını mənə açdı. Baş məşqçimiz Vaqif müəllimlə, uşaqlarla yaxşı mövsüm keçirdik. O dövrdəki kollektivə, klub rəhbərliyinə təşəkkür edirəm.
- Növbəti mövsüm isə "Xəzər Lənkəran"a keçdin. Bu kluba transferin necə alındı?
- Məni ora Con Toşak apardı. "Xəzər Lənkəran"la yaşadığım mövsüm yaxşı deyildi. Düzdü, yaddaqalan və xoşbəxt anlar yaşadım, ancaq tam istədiyim kimi işlər getmədi.
- "Xəzər Lənkəran"da səni nə qane etmədi?
- Əslində "Xəzər Lənkəran"ın rəhbəri Mais Mənsimov məni klubda görmək istəmirdi. Hətta müqavilə bağlamayım deyə, mənə təzyiq də etmişdi. Bir dəfə də üzümə dedi ki, səni burda görmək istəmirəm. Toşak bu yolda mənə dəstək oldu. O gedəndən sonra komandaya türkiyəli Mustafa Dənizli gətirildi. Lakin Dənizlinin rəhbərliyi altında özümə qayğı görmədim. Ayrılmaq zamanı gəlmişdi. "İnter"in baş məşqçisi Kaxaber Sxadadzedən təklif gəldi və bunu qəbul etdim. Lənkəran rəhbərliyindən də xahiş etdim ki, məni buraxsınlar. Yenidən xoşbəxt olmaq üçün "İnter" variantı əla idi. Paytaxt klubunda da yaxşı mövsüm keçirdim. Təəssüf ki, "Qarabağ"dan geri qalaraq çempionluğu əldən verdik. Lakin "İnter"də hər şey əla idi.
- "Xəzər Lənkəran”ın "Makkabi" ilə oyunda yaşadığı faciəni necə xatırlayırsan? 0:8 hesabıyıa məğlub olmağınıza səbəb nə oldu?
- Həmin matçı nə qədər unutmağa çalışsam da, alınmır, həmişə ağlımdadı. Karyeram ərzində belə hesabla uduzmamışdım. İsraildəki 0:2-nin əvəzini Lənkəranda çıxmaq istəyirdik. Lakin alınmadı. "Makkabi"yə uduzandan sonra çox utandım. 3 gün xəcalətimdən otağımdan çölə çıxmadım. Heç kimlə danışmırdım. Klubda hər kəs sarsılmışdı. Futbolçular bir-birinə şübhə ilə yanaşırdı.
- Səncə, komandanın dağılmasının səbəbi nə idi?
- Bu haqda nəsə bilmirəm. Çünki bu hadisələr mən ayrılandan sonra baş verdi. Lakin ölkədə ən böyük azarkeş kütləsi olan klubun dağılması çox kədərlidi. Mütləq rəhbərliyin hardasa səhvləri olub.
- Azərbaycandakı futbolçu dostlarınla əlaqən varmı?
- Amil Ağacanov, Aqil Nəbiyev ilə sosial şəbəkə vasitəsilə əlaqə qururuq. “Xəzər Lənkəran”da birlikdə çıxış etdiyim Adrian Skarlatake, Vanderson Skardoveli, “İnter”də mənlə oynayan Baçana Sxadadze və Mikel Alvaro ilə çox yaxşı münasibətim var. Futbolçu olmayan digər yaxın dostlarımı da bu siyahıya əlavə edə bilərəm.
- Ölkəmizdə başına gələn maraqlı hadisə olubmu?
- Azərbaycanda çıxış edən braziliyalı futbolçular və futzalçılar ilə bir masada əyləşərkən maraqlı, gülməli söhbətlər edirdik. Məncə, ən maraqlı günlərim belə keçirdi. Və Bakıda, Lənkəranda, Şüvəlanda, Naxçıvanda maraqlı şeylərlə tanış olmaqdan zövq aldım.
- Azərbaycan mətbəxi ilə aran necə idi?
- Həmişə dadlı yeməkləri sevmişəm. Ölkənizdə isə hər cür yeməkdən xoşum gəlirdi. Lakin ən çox sevdiyim makarondu. Sizin ölkənin mətbəxtində daha gözəl alınırdı.
- Azərbaycanlı futbolsevərlərə nə demək istərdin?
- Onlara təşəkkür edirəm. Həmişə mənə böyük hörmət bəslədilər. “Xəzər Lənkəran”ın azarkeşləri isə unudulmaz idi. Stadionda yaratdıqları atmosfer möhtəşəm olurdu. Bir də sonda qeyd edim ki, Azərbaycan mətbuatı ilə həmişə çox yaxşı əlaqələrim olub, heç vaxt müsahibə təklifindən boyun qaçırmamışam.
CAVİD ƏLİYEV