“Red Bull”un sabiq rəhbəri Kristian Horner Çinin avtomobil istehsalı sahəsində məşhurlaşan BYD şirkətinin vitse-prezidenti Stella Li ilə bir neçə görüş keçirib. Bu görüşlərdə “Formula-1” üzrə dünya çempionatında 12-ci komandanın yaradılmasının mümkünlüyü müzakirə olunub. Bununla bağlı xəbəri “PlanetF1” portalı yayıb.
Horner ötən həftəsonu Kanna baş çəkib, iki gün ərzində Li ilə görüşüb. BYD “Cannes Night” tədbirindən kadrlar yayıb ki, Horner həmin mərasimə şirkətin qonağı kimi qatılıb.
Horner bir müddət əvvəl “Liberty Global”ın qonağı kimi Monakoda keçirilən “Formula-E” mərhələsini də izləyib. BYD hazırda mövcud olan komandalardan hansınınsa səhmlərini almağa yox, sıfırdan komanda qurmağa fokuslanıb.
Bazar dəyəri 125 milyard dollar olan BYD dünyada 3-cü ən nəhəng avtomobil istehsalçısıdı. Bu şirkətin “Yangwang” brendi “Nyurburqrinq”də elektromobillər üçün rekord (6:59.157) müəyyənləşdirib.