Azərbaycanda keçirdiyi üç il ərzində “Xəzər Lənkəran”dakı çıxışı ilə tanınan, eyni zamanda “İnter”lə “Simurq”un formasını geymiş braziliyalı Mario Souza ilə əlaqə saxladıq.
- Mario, salam, necəsən, hansı işlə məşğulsan?
- Yaxşıyam, hazırda mencerliklə məşğulam, Brazilyanın San-Paulu şəhərində ofisim var.
- Azərbaycandakı günlərini necə xatırlayırsan?
- Azərbaycanda hər şey gözəl idi. Hətta pis günləri də sevirdim. İnsanlarınız çox qonaqpəvər idi. Mən həmişə özümə qarşı hörmət hiss edirdim. Orda “Xəzər Lənkəran”, “İnter” və “Simurq” forması geydim, unudulmaz xatirələr yaşadım. Sizin ölkəyə təşəkkür edirəm.
- Karyeranın ən yaxşı dövrlərini “Xəzər Lənkəran”da yaşamısan. Həmin dövr yadında necə qalıb?
- “Xəzər Lənkəran” kimi bir klubda oynadığıma görə çox xoşbəxtəm. Gözəl mövsümlər keçirdik. Hər şey fantastik idi. Ölkə kubokunu qazandıq. Düzdü, o finalda mən oynamadım, lakin gözəl hisslər idi.
- Bəs “Xəzər Lənkəran”dan niyə ayrıldın?
- Komandaya rumıniyalı baş məşqçi Mirça Rednik gəldi. Onun oyun üslubu fərqli idi. Xoşuma gəlmədi, buna görə də oranı tərk etdim.
- Daha sonra “İnter” və “Simurq”da çıxış etdin…
- “İnter”də yaxşı günlərim oldu. Rəhbərlik mənə güvənirdi. “Simurq”da zədələr çox oldu. O günləri xatırlamaq istəmirəm. Ora ürəyimcə olan yer olmadı. Dizimdəki problem karyeramı davam etdirməyə imkan vermədi. Buna görə də 34 yaşımda karyeramı bitirdim. Lakin bu klublarda az oynasam da, dəstək olan çox idi. Hər bir rəhbərliyə minnətdaram.
- “İnter”də olarkən Kaxaber Sxadadze ilə problemin olduğu deyilirdi…
- Belə şey yox idi. Sxadadze çox yaxşı və güclü məşqçidi. Münasibətimiz də normal idi. Oynamamağımın səbəbi baş məşqçi ilə bağlı deyildi. Sadəcə, süni örtükdə oynamağa öyrəşməmişdim. Bir də zədələr imkan vermirdi.
- “Xəzər Lənkəran”la “Neftçi” arasındakı oyunları necə xatırlayırsan?
- Bu oyunlar möhtəşəm idi. Azarkeşlər bu oyunlarda dəliyə dönürdülər. Hətta elə vəziyyət olurdu ki, polislərə də hücum edirdilər. Bu matçlar həmişə dramatik keçirdi.
- “Xəzər Lənkəran”ın dağılmasına səbəb nə oldu?
- Bu haqda danışmaq istəmirəm. Amma həqiqətən kimin günahkar olduğunu bilirəm.
- Azərbaycanlı dostlarınla əlaqən varmı?
- Azərbaycanda gözəl dostlar qazanmışam. Futbaldan kənarda olan qardaşlarım da var. Bəzilərinin adlarını unutmuşam. Lakin gözəl insanlar idi. Azərbaycanda olduğum illərdə mənə kömək göstərirdilər.
- Ölkəmizdə başına gələn ən maraqlı hadisə nə olub?
- Maraqlı hadisələr çox idi. Məsələn, sizin milli bayramınız olan Novruzda tonqalın üzərindən atdanmaq var. Adama dəlilik kimi gəlirdi. Mən bunu həmişə edərkən sürüşürdüm. Çox qəribə idi. Bir də Lənkəranda məşq meydançamız var idi. Orda toplanış keçdiyimiz zaman ördəklər olurdu. Bilmirdin ki, ördəkə təpik vurasan, yoxsa topa (gülür). Həqiqətən gülməli idi.
- İşlədiyin baş məşqçilərdən ən çox bəyəndiyin hansı idi?
- Ağasəlim Mircavadov deyərdim. Çox xarakterli və gözəl insan idi. Çox şadam ki, onun rəhbərliyi altında oynamışam.
- Azərbaycan mətbəxti ilə aran necə idi? Bəyəndiyin yeməklər var idi?
- Yeməkləriniz çox dadlı olurdu. Lakin ən çox sevdiyim kabab idi. Çox bəyənirdim.
- “Xəzər Lənkəran” azarkeşlərini necə xatırlayırsan?
- Stadionda inanılmaz atmosfer olurdu. İnsan onları gördükcə meydandakı mübarizə hissi daha da artırdı. “Xəzər Lənkəran” fanatlarını kimləsə müqayisə etmək olmazdı.
CAVİD ƏLİYEV