Son illər ayrı-ayrı tanınmış idmançıların cinayətkar aləmlə sıx əlaqələrinin olması faktdı. Adətən, döyüş növlərinin təmsilçiləri belə qruplaşmaların qurbanı olur. Ancaq ötən həftə yayılan xəbər onu deyir ki, artıq kriminal bütün idman növlərinə sızıb.
Ölkənin futzal yığmasının və “Araz-Naxçıvan”ın üzvləri Xətai Bağırovla Xəzər Ağalızadə qaçaqmalçılıqda ittiham olunub. Hər iki futzalçı 66 min manat dəyərində “İPhone 13 Promax” və qol saatlarını hava limanından qanunsuz ölkəmizə keçirməkdə təqsirli bilinib. Məhkəmə sənədindən məlum olub ki, bir müddət öncə Xətai Bağırovun Türkiyədə olan Məsim adlı tanışı ona zəng edərək gömrükdən 24 ədəd mobil telefon, 24 ədəd qol saatı keçirməkdə yardım göstərməyi xahiş edib. Xətai isə yığmanın düşərgəsindən tanıdığı Xəzərə zəng edərək bu işi həll etməsini istəyib. U-19 millisinin üzvləri Xorvatiyadan yarışdan qayıdarkən tranzit olaraq İstanbul hava limanına eniş edib. Bu zaman Məsim Xətainin dediyi telefonları və saatları hava limanında Xəzərə verib. Komanda yoldaşları arasında sözü keçən Xəzər hər futzalçıya iki-iki telefon paylayıb. Xətai bildirib ki, telefonları bu formada keçirsələr, problem olmayacaq. İş materiallarında qeyd edilib ki, telefonlar Azərbaycana gətirilərəkən açıq formada, qutusuz və aksesuarsız olub. Lakin Bakıda hava limanına endikdən sonra gömrük yoxlamasından keçərkən futzalçılar saxlanılıb. Telefon və saatlar onlardan yığılıb.
Məsələ ilə bağlı Xətai Bağırovla Xəzər Ağalızadə barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Xətai Bağırov məhkəmədə əməlin cinayət olduğundan xəbərsiz olduğunu deyib. O, Məsimi Bakıdan məhəllə uşağı kimi tanıdığını, ona görə də xahişini yerinə yetirdiyini bildirib. Xəzər Ağalızadə isə Xətainin futzalda ona çox dəstək göstərdiyini, “Araz-Naxçıvan”da bir yerdə oynadıqlarını, buna görə də onun xahişini yerinə yetirdiyini söyləyib. Məhkəmə hər iki şəxsin şəxsiyyətini nəzərə alaraq hökm çıxarıb. Futzalçıların hər biri 1500 manat cərimə olunub. Qeyd edilib ki, 24 ədəd “İphone 13 Pro Max” və 24 ədəd smart saat isə dövlət rüsumu ödənildikdən sonra onlara qaytarılacaq.
Xətai Bağırov məhkəmədə ifadəsində əməlin cinayət xarakteri daşıdığından xəbərsiz olduğunu deyib.
Görəsən, bizim məhkəmə hakimləri bu qədər sadəlövhdü ki, onun sözünə inanır? Adama sual verərlər: mobil telefonların və saatların ölkəyə icazəsiz, daha doğrusu, gömrük rüsumu ödənilmədən gətirilməsinin cinayət olduğunu bilmirdinsə, nəyə görə Xəzərin əli ilə U-19-un üzvlərinə onları açıq şəkildə sərhəddən keçirməyi tapşırmısan? Heç şübhəsiz, bu Xətainin ilk belə “əməliyyatı olmayıb”. Təcrübəli futzalçı bundan əvvəl də istər “Araz-Naxçıvan”, istərsə də yığma ilə səfərlərdən dönərkən qaçaqmalçılıqla məşğul olub. Sadəcə, “ilişməyib”.
Məsələnin ən pis tərəfi, bilirsiz, nədi? Bağırovun gəncləri, böyük idmanda yeni addım atmağa başlayan yığma üzvlərini cinayətə sövq etməsi...
Bundan böyük cinayət yoxdu! Təcrübəli (həm parketdə, həm də gömrükdə) futzalçı gənc nəslə qələbə qazanmağın, parketdə mübarizə aparmağın yollarını öyrətmək əvəzinə qanunu pozmağın yollarını aşılayır. Belə futzalçının yığmada oynaması da ölkə idmanı adına biabırçılıqdı. Xətai və onun kimi milli üzvləri - fərqi yoxdu, hansı idman növündə çıxış edirlər - şəxsi maraqları naminə “milli üzvü” statusunu gözdən salmamalıdı. Salanlar isə mütləq haqq etdiyi cəzanı almalıdı. Xətai və Azərbaycan qanunlarına hörmətsizlik edənlər bir daha ölkənin əsas komandasının formasını geyməməlidi. Onlar üzərində ölkənin gerbi olan formanı daşımağa layiq deyil. Bu gün Xətai bağışlanarsa, sabah başqa bir idmançı eyni əmələ qol qoyacaq, özündən dəfələrlə kiçik idmançıları əyri yollara təhrik edəcək.
Məhkəmənin qərarı məlumdu. İşi aparan hakim humanistlik edərək cinayətdə adı hallanan futzalçıları, yumşaq desək, bağışlayıb. Bəs Futzal Federasiyası Xətai və Xəzər barədə hansı tədbir görməyi planlaşdırır? Bu suala cavab tapmaq üçün federasiyanın mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq: