90-cı illərin əvvəlində Azərbaycan futbolunda bir çox oyunçu parlaq iz qoyub. Onlardan biri də Nazim Əliyevdi.
Adı çəkilən veteran futbolçu 4 dəfə ölkə çempionatının bombardiri olub. Bir mövsümə 39 top vurmaqla rekorda imza atıb. Milli çempionatlar tarixində 183 qolla hələ də rəqibləri üçün əlçatmazdı.
"Football-plus.az" olaraq ötən həftə 60 illik yubileyini qəbul edən Nazim Əliyevlə söhbətləşməyi lazım bildik.
- Aprelin 5-də 60 yaşınız tamamlandı. Yubiley münasibətiylə kimlər sizi təbrik etdi, tədbir keçirdizmi?
- Veteran futbolçuların əksəriyyəti telefonla təbrik etdi. "Neftçi" rəhbərliyi də məni yad etdi. İstər klubun prezidenti Kamran Quliyev, istətsə də mətbuat katibi Rüstəm Allahverdiyev sağ olsun, əvvəlcə telefonla təbriklərini çatdırdılar, sonra isə qəbul etdilər. AFFA-ın baş katibi Sərxan Hacıyev ölkə xaricində idi. Lakin qayıdandan sonra zəng edib təbriklərini çatdırdı. Sonra isə qəbul etdi.
Məclisdə təşkil etmək istəyirdilər. Sadəcə, Ramazan ayına düşdüyünə görə razı olmadım. Ümumilikdə məni təbrik edən, diqqətdə saxlayan hamıya təşəkkür edirəm.
- Deyəsən, Şahin Diniyevlə yaxın dostsuz. Məşqçilik karyeranızda da onunla bir yerdə olmusuz. Şahin müəllim təbrikdə hamını qabaqlamadı?
- Onu xüsusi vurğulayım ki, iş sahəsində dost yox, yoldaş olur. Mənim üçün dost anlayışı tam fərqlidi. Dost məhlədən, sinif yoldaşından olur. Ən yaxın dostum 50 ildən çoxdu tanıdığım Dadaş Əhmədovdu. O, əvvələr qısa müddət mənimlə futbol da oynayıb.
İstər birgə futbol oynadığım Şahin Diniyev, Yaşar Vahabzadə, Vaqif Sadıqov, Arif Əsədov, istərsə də bizdən bir qədər yaşda böyük olan Asəf Namazov, Rafiq Mirzəyev, Səməd Qurbanov və başqaları olsun, yada salan, təbrik edən hər birinə minnətdarlığımı bildirirəm. Mən yad etməyənlərə də təşəkkür edirəm.
- 60 il ömür yaşamısız. Geriyə dönüb baxanda futbolçu və məşqçi karyeranızdan razısız?
- Tam razı deyiləm. Çünki daha yaxşı oynamaq, başqa çempionatlarda çıxış etmək şansım olub, amma dəyərləndirməmişəm. Məsələn, 1992-ci ildə İran, 1993-də isə İsrail komandalarında çıxışı etmək şansım olub, birbaşa müqavilə bağlamağa dəvət ediblər. Amma getmədim. Bunun əsas səbəbi ailə həyatı qurmağım və övladımın dünyaya gəlişidi. Gənc ailə olaraq legioner həyatı yaşamağım alınmazdı. Düzdü, qərarımdan peşman deyiləm, amma gənc olsaydım, karyeramın arxasınca gedərdim. Ona görə futbolçulara üzümü tutub demək istəyirəm ki, daha da inkişaf etmək üçün xarici klublara keçsinlər və zəngin karyera qursunlar.
Məşqçi kimi də karyeramdan qismən razıyam. 2000-ci ildə İranda baş məşqçi işləməyim üçün şərait yarandı. Məşhədin 1-ci dəstədə çıxış edən komandasının “sükanı arxasına” keçdim. Millimizin sabiq futbolçusu Rafael Əmirbəyov da həmin komandada idi. Lakin ordakı fəaliyyətim bir həftə çəkdi. Mühit məni sıxdı. Orda əhalinin böyük əksəriyyəti farslar idi deyə, fars dili dominantlıq edirdi. Yəni tərcüməsiz nəsə edə bilmirdim.
Bundan başqa, Bakı mühitinə öyrəşmişəm deyə, oranın şəraiti mənlik deyildi. Klub rəhbərliyi ilə danışıb getmək istədiyimi dedim. Rafael də komandada qalmadı. Ümumilikdə ölkə futboluna imzamı atmışam və buna çox sevinirəm.
- Siz daha ağır şəraitdə futbol oynamısız. Həmin dövrün çempionatı ilə premyer-liqanı müqayisə edərdiz...
- Hər dövrün öz futbolu var. O vaxt indiki kimu daha əlverişli infrastruktur, yaxşı məvacib yox idi. Şəraitimiz hazırkı kimi olmasa da, bərbad da deyildi. Bölgələrdə futbol daha çox inkişaf etmişdi. Demək olar, hər rayonun bir təmsilçisi vardı. "Neftçi"ylə yanaşı, Qazax, Mingəçevir, Gəncə, Tovuz və başqa rayonların komandalarının bazaları, pis-yaxşı stadionları vardı. Həm komandalar, həm də futbolçular arasında güclü rəqabət yaşanırdı. Həmin vaxt Yunis Hüseynov, Samir Ələkbərov, Novruz Əzimov, Əsgər Abdullayev, Yaşar Vahabzadə və başqa futbolçular parladı.
Fikrimcə, bu gün də peşəkar klubların sayını artırmaq lazımdı. Klublar nə qədər çox olacaqsa, futbolçular arasında rəqabət və inkişaf olacaq.
- Dörd dəfə ölkə çempionatının bombardiri olaraq tarixə düşmüsüz. Sizin vaxtınızda bombardir olmaq asan idi, yoxsa indi? Hazırda premyer-liqanın ən sərrast futbolçusu Musa Qurbanlıdı. Onu Ramil Şeydayev, Coy-Lens Mikels və başqaları izləyir. Sizcə, hansı bombardir olmağa daha layiqdi?
- Bizim vaxtımızda rəqabət güclü idi deyə, hər bir futbolçu qol vurmaq üçün alışıb-yanırdı. İndi komandaların sayı çox deyil. Qollar da bol olmur. Bu mövsüm komandaların sayının artmasıyla qolları sıralayan futbolçular, bombardirlik yarışında intriqa var.
Çox sevindirici haldı ki, hazırda ən sərrast futbolçular arasında ilk iki pillədə yerli, milli komandamızın şərəfini qoruyan futbolçular yer alır. Musa "Qarabağ"da yeni şans qazananda müsahibələrimin birində demişdim ki, perspektivli futbolçumuz yetişir. Onun qapını yaxşı görməsi və qol duyumu var.
Bu mövsüm ərzində zərbələrinin, demək olar ki, böyük qismi “çərçivə”yə gedib. Yəni 20 qoldan əlavə, qapıçıları sınağa çəkib, dirəkdən-tirdən qayıdıb. Bu gün həm Musanın, həm də Ramilin bombardirlər yarışında ilk sıralarda olması məni çox sevindirir. Bu futbolumuzun inkişafı üçün bir stimuldu.
- Musa, yoxsa Ramil?
- Hər ikisi layiqdi. Amma mən bir az Musanın birinci olmasını istəyirəm. O, həm gəncdi, həm də millimizin gələcək qol silahıdı. İnanıran ki, bir qədər də üzərində işləsə, məni geridə qoyacaq (gülür).
- Premyer-liqanın səviyyəsi haqda hansı fikirdəsiz?
- "Qarabağ", demək olar, çempionluğu təmin edib. "Neftçi" bu mövsüm ümidləri doğrultmadı. Hazırda yeganə titul qazanmaq şansı ölkə kubokudu. Yəni 2-ci və ya 3-cü yeri tutmaq o qədər də önəm kəsb etmir. Məhz buna görə bütün güclərini kuboka yönəldiblər. "Sabah" bu mövsüm uğurlu çıxışla diqqəti çəkdi. "Qəbələ" ilə "Zirə" 4-cü yer uğrunda son tura kimi mübarizə aparacaq.
Hazırda ölkə çempionatında əsas mübarizə ikinci “5-lik" komandaları arasında gedir. Kimin elitanı tərk edəcəyini demək çox çətindi. İdman prinsipinə görə mən də sonuncu olan komandanın elitanı tərk etməsinin tərəfdarıyam. Digər tərəfdən, komandaların sayının artmasının tərəfdarıyam. Elitada 12, 14 komanda olmasını təmin edəndən, 1-ci divizionun səviyyəsini yüksəldəndən və ikinci divizionu yaradandan sonra sonuncu yerin sahibinin aşağı liqaya yuvarlanmasına keçid etmək daha yaxşı olardı.
- Yığmamız AÇ-2024-ün seçmə mərhələsinə uğursuz start verərək səfərdə keçirdiyi hər iki oyunda darmadağın oldu. Millinin sabiq üzvü kimi bununla bağlı nə deyərdiz?
- Vaxtilə klublarımız da qitəmiqyaslı yarışlarda, əsasən də səfərdə uğursuz çıxış edirdi. Amma "Qarabağ"ın sayəsində səfər sindromu aradan qaldırıldı. Hazırda Ağdam təmsilçisi üçün, demək olar, ev-səfər oyunları problem yoxdu.
"Qarabağ"ın uğurunu milliyə daşımaq lazımdı. Çoxları bu gün yığmanın baş məşqçisinin üstünə düşür. Məncə, bu ədalətli yanaşma deyil. Çünki meydanda futbolçular oynıyır. Həqiqət budu ki, millinin oyunlarında nəsə çatmır. Bunu ciddi araşdırmaq lazımdı. Əsasən futbolçuların çıxışına diqqət yetirilməlidi. Bizim vaxtımızda ölkənin əsas komandasında şərait ürəkaçan deyildi. Heç ölkə xaricində, demək olar, toplanış keçə bilmirdik. Hazırda hətta 1-ci divizionun bəzi təmsilçiləri belə Türkiyədə, Gürcüstanda və başqa ölkələrdə toplanış keçir.
Yığma üzvləri bizim dövrümüzdəki qəpik-quruşla müqayisədə yüksək məvacib, qonorar alır, infrastruktur, yaxşı şərait var. Bütün bunların fonunda oynamırlarsa, deməli, problem futbolçulardadı. Ona görə AFFA rəhbərliyi milli üzvlərinə qarşı son dərəcə tələbkar olmalıdı. Ölkənin atributlarını daşıyan formanı geymisənsə, dövlət himni ifa olunandan sonra ölkəni təmsil edirsənsə, bunun məsuliyyətini dərk etməlisən. Bu gün milli üzvlərimizdə istək, xarakter, əzm, döyüşkənlik çatmır.
- Yığmada əcnəbi, yoxsa yerli mütəxəssis çalışmalıdı?
- Mən yerli məşqçilərin tərəfdarıyam. Baxın, 1992-ci ildən bəri keçirilən ölkə çempionatında titul qazanan baş məşqçilərin 99 faizi yerlilərdi. Deməli, onlar heç də səriştəsiz deyil. Bundan başqa, öz məşqçilərimiz futbolçuları daha yaxşı tanıyır. Yetərincə PRO kateqoriyalı mütəxəssisimiz var, onlara şans verilsə, yaxşı olar. Yunis Hüseynov, Nazim Süleymanov, Tərlan Əhmədov və başqalarının adını çəkə bilərəm. Elə Arif Əsədov özü neçə illərdi yığmada köməkçi işləyir. Onun da təyinatı pis olmazdı.
- Sonda gənclərə, futbol ictimaiyyətinə nə demək istərdiz?
- Gənclərə hər şeydən öncə yaxşı insan olmalarını, üzərlərində daha çox işləyərək inkişaf etmələrini arzulayıram. Bunu xüsusi demək istəyirəm ki, klubda himn ifa olunmur, amma millidə olunur və bayraq qalxır. Ölkənin əsas komandasına dəvət almısansa, onun formasını geyisənsə, bu bir şərəfdi. Bu şərəfə də hər kəs nail olmur. Ona görə də yığmada çıxış edərkən bunu dönə-dönə xatırlamalı və buna uyğun davranmalıdılar.
Sonda məni yad, təbrik edən hər kəsə təşəkkür edirəm. Kimlərinsə bilməyib xətrinə dəymişəmsə, məni üzürlü saysınlar. Başda veteranlarımız olmaqla hamıya möhkəm cansağlığı, uzun ömür arzulayıram.
ABDULLA İSMAYILOĞLU