Son mövsümü uğursuz keçirən və Çempionlar Liqasından kənarda qalan “Mançester Yunayted” artıq bazar ertəsi yeni mövsümün hazırlığına başlayacaq.
Yeni baş məşqçi Erik ten Haq məşq bazasının personalına bir neçə xırdaçıl tapşırıq verib. Məsələn, stadionun personalına əmr edib ki, ot örtüyünün hündürlüyü düz 15 mm olmalıdı. Belədə futbolçular onun ötürmələrlə oyun qurmaq üslubuna daha yaxşı uyğunlaşmalıdı. “Mirror”un xəbərində o da iddia olunur ki, niderlandlı mütəxəssis məşqlərin ilk iki günündə oyunçuların ümumi fiziki hazırlığına şəxsən özü nəzarət edəcək.
Bundan sonra hamı birlikdə yemək süfrəsinə oturacaq
Ten Haq Aleks Ferqyusonun uğurlarını təkrarlayacağına ümid edir və belə görünür ki, məhz ünlü şotlandiyalının ilk dəfə klub üçün müəyyənləşdirdiyi qaydaları tətbiq etməyə meyillənib. Ser Aleks təqaüdə çıxandan bəri oyunçuların kollektiv şəkildə qidalanması praktikası tədricən aradan qalxdı. Deyilənə görə, futbolçular ya klub restoranında qidalanırlar, bunun üçün evə yollanan və ya məşqdən sonra birbaşa idman zalına üz tutanlar da olur. Ten Haq isə əmindi ki, istisnasız hər kəs məşqdən sonra yemək süfrəsinə oturmalı və ünsiyyət qurmalıdı ki, komanda ruhu dincəlsin, paltardəyişmə otağında atmosfer daha da yaxşılaşsın. Bundan sonra Ten Haq və klub personalı da qida qəbulu zamanı oyunçular arasında olacaq.
Qarşıdakı günlər üçün planlara gəlincə, “Yunayted” iyulun əvvəlində mövsümöncəsi turne niyyəti ilə Avstraliyaya və Cənub-Şərqi Asiyaya yollanacaq. Banqkokda “Liverpul”la oyunlar planlaşdırılıb, ardından “qırmızı şeytanlar” Avstraliyada “Kristal Pelas” və “Aston Villa” ilə görüşəcək.
Niderlandlı mütəxəssis transfer bazarında ciddi fəallıq göstərsə də, hələ ki əli boşa çıxır. Ten Haq Darvin Nunyesi sərəncamında görməyi çox arzulayırdı, ancaq futbolçu özü və “Benfika” təklif olunan şərtlərlə razılaşmadı – transfer baş tutmadı, Portuqaliya çempionatının ulduzu “Liverpul”a yollandı. Digər gənc istedad Malkolm Ebiovey isə Ten Haqın mətn mesajını iqnor etdi. Adı çəkilən futbolçu Ueyn Runinin rəhbərliyi altında çempionşipdə yarışan “Derbi Kaunti”də yaxşı mövsüm keçirib, “Monako”, “Tottenhem” və “Mançester Yunayted”in maraq dairəsinə düşüb. Ten Haq hətta köməkçisi Stiv Maklarendən xahiş edib ki, futbolçu ilə danışsın, transferlə bağlı fikrini öyrənsin. Ancaq 18 yaşlı istedad heç bir zəngə cavab verməyib. “Daily Mail” iddia edir ki, Malkolm tezliklə “Kristal Pelas”a qoşulacaq. “Yunayted”in baş məşqçisi yeni mərkəz müdafiəçisi də axtarır. Ten Haq “Ayaks”da rəhbərliyi altında oynayan Yurrien Timbersin xidmətində maraqlıdı. Ancaq yığmanın baş məşqçisi Lui van Qal gənc həmvətənini MY-yə keçmək fikrindən daşındırır. Bir sözlə, Mançester klubu yeni transferlərlə bağlı ciddi çətinlik yaşayır.
Qleyzerlər ailəsindən maraqlı gediş
Bu arada məlum olub ki, MY-nin sahibi olan Qleyzerlər ailəsi klubun vəsaitindən dividend kimi özünə 11 milyon funt götürüb. 2016-dan bəri ailənin özünə götürdünü pulun həcmi 122 milyon funta çatıb, 10 il ərzində isə bu məbləğ 282 milyon olub. Əslində bunda qeyri-adi heç nə yoxdu. Klub rəhbərliyi o tezisə əsaslanır ki, dividend götürməyin qoyulan investisiyaya (10 il ərzində 1 milyard funtdan çox) qarışacağı yoxdu. Son mövsümlərdəki heç də uğurlu olmayan nəticələrə baxmayaraq, klubun gəlirləri 2012-ci ildən 2019-cu ilə qədər artaraq rekord həddə - 627,1 milyon funta çatıb. Növbəti iki ildə məbləğ 494,1 milyona ensə də, yenə də biznes baxımından uğurlu layihədi. Həmin iki ildə gəlirlərin azalmasının əsas günahkarı da ...koronavirusdu. Ed Vudvord hələ 2018-ci ildə deyirdi: “Əslində idman uğurları klub biznesinin kommersiya tərəfinə o qədər də ciddi təsir göstərmir”. Düz deyir, MY son 9 ildə yalnız 4 dəfə finişə ilk “4-lük”də çatmaqla Çempionlar Liqasına vəsiqə qazanıb, amma orda da 1/4 finaldan irəli gedə bilməyib, yəni UEFA-dan elə böyük məbləğdə ödəniş almayıb.
Başqa problem də var: rəqiblər transfer bazarında oyunçu satmaq baxımından ciddi uğurlar qazansa da, “Yunayted”, adətən, futbolçuları azad agent kimi buraxır. Hərçənd bir çoxları, tutaq ki, biri elə Poqba böyük pullar hesabına alınıb. “Mançester Siti” ilə “Liverpul”un şəxsində əsas rəqiblər böyüməkdədi. MY isə təpənin dibindədi. Liverpul Universitetinin müəllimi, futbol iqtisadiyyatı üzrə mütəxəssis Kiran Maquayr isə belə hesab edir ki, hər halda, idman nəticələri gəlirin həcminə təsir göstərir: