Onun müsahibəsi bütün Avropada maraq yaratdı.
İngiliscə yaxşı danışa bilməsə də, özünəinam sayəsində fikirlərini az-çox izah etdi. Söhbət Avropa çempionatının ən yaxşı qapıçısı olan Davud Kərimidən gedir. 37 yaşlı qolkiper turnir ərzində yaşadıqlarını jurnalistlərlə bölüşdü.
– Avropa çempionu olduz. Nələr hiss edirsən?
– Təəssürat necə ola bilər ki?! Hər şey göz qabağındadı. Gördüyünüz kimi, hava limanına bizi qarşılamağa nə qədər futbolsevər gəlib. Bundan gözəl nə ola bilər?!
– Ən yaxşı qapıçı seçilməyinlə bağlı nə deyə bilərsən?
– Bu, komandanın yaxşı olmasından irəli gəlir. Sonuncu oyunda isə yaxşı çıxış etdim.
– Ümumiyyətlə, Slovakiyaya gedəndə qarşıya hansı hədəf qoyulmuşdu?
– Hədəf kimi qrupdan çıxmaq qoyulmuşdu. Ancaq qrupdan çıxandan sonra hədəflər artdı. Azərbaycan xalqının duası sayəsində Bakıya Avropa çempionu kimi dönmüşük.
– Əvvəl ingiliscə verdiyin müsahibə ilə məşhurlaşdın, daha sonra oyununla...
– Müsahibəmdə demişdim ki, “go, go, go, final”. Həmin finala da çıxdıq və sonda da qalib gəldik.
– Ən həlledici matç hansı oldu?
– Slovakiya ilə oyun. Meydan sahibi olduqlarından azarkeş və hakim təzyiqi vardı. Onlara qalib gəldikdən sonra inandıq ki, finalda da qələbə qazanacağıq.
– Altıqat Avropa çempionu Rumıniya ilə final görüşündə həyəcan yox idi?
– Həyəcan vardı. Onlar 7 dəfə Avropa çempionatının finalında oynayıblar, cəmi birində uduzmuşdular. Bizim isə itirəcəyimiz heç nə yox idi. Millimiz ikinci dəfə Avropa çempionatında çıxış etsə də, finala çıxmışdı. Ona görə də rəqibdən fərqli daha rahat idik.
– Qrupdakı ilk oyunda rumınlara 0:2 uduzmuşduz. Finalda nə etdiz ki, onlara qalib gəldiz?
– İlk oyunda ona görə uduzduq ki, meydana öyrəşməmişdik. Çünki Azərbaycanda belə meydança yoxdu. Rəqib oyunçuları da tanımırdıq. Ancaq ikinci matçda onları yaxşı təhlil etmişdik.
– Avropanın bir neçə mini-futbol komandası səninlə maraqlanır. Bu barədə nə düşünürsən?
– Vallah, mən də bunu sizin kimi eşitmişəm. Ancaq mənimlə əlaqə saxlayan olmayıb.
– Əvvəl böyük futbolda Türkiyənin 1-ci divizionunda çıxış etmisən. 37 yaşda karyeranı xaricdə davam etdirmək çətin olmaz?
– Hər şey maddiyyata bağlıdı. Maddiyyat yaxşı olsa, niyə də gedib oynamayasan?! Ailəmi də götürüb gedərəm. Amma ölkədə yaxşı pul verilsə, burda qalaram.
– Bu yaşında kubok qaldırdın. Hansı hissləri keçirirsən?
– Həqiqətən inanmazdım ki, bu yaşdan sonra çempion olaram. Böyük futbolda əsas millinin formasını geyə bilmədim. Amma mini-futbolda bunu artıqlamasıyla etdim.
İLKİN SULTANLI