İyunun 5-i Ukrayna yığması üçün önəmli gündü.
Belə ki, fevralın 24-dən bəri Rusiyanın təcavüzünə məruz qalan ölkənin əsas komandası Kardiffdə DÇ-2022-yə qatılmaq yolunda həlledici oyuna çıxacaq. Uels yığmasının dünyaca ünlü xavbeki Qaret Beyl oyun ərəfəsində açıqlama verib:
“Ukraynanı DÇ-yə qatılmaq imkanından məhrum etsək, üzr istəməyəcəyik. Bu futboldu, biz də dünya çempionatına getmək istəyirik. Dünya Ukraynanın halına yanır. Ukrayna üçün bu oyunda uğur qazanmağın necə vacib olduğunu anlayırıq. Ancaq biz də DÇ-də olmaq istəyirik. Ona görə yox ki, qəddarıq. Ölkəmiz və fanatlarımız üçün qələbə qazanmalıyıq. Ukraynada faciə yaşandığını bilirik, bütün bunlara görə təəssüflənirik. Heç bilmirəm ki, bunu karyeramın ən vacib oyunu saymaq olarmı?! Axı AÇ-2016-da yarımfinala qədər də irəliləmişdik. Birmənalı şəkildə vacib oyundu. Yalnız bir dəfə DÇ-yə qatılmışıq, yenidən orda oynamağı çox istəyirik”.