Bax, futbolun bu üzü çox pisdi; dəstəklədiyin komanda uduzur, əlin-ayağın boşalır, nə yerindən qalxmaq, nə işləmək, nə də düşünmək istəyirsən. Adam özünü suyu sovulmuş dəyirman kimi hiss edir. Mən bu hissləri 80-ci illərdə - “Neftçi” SSRİ çempionatının oyunlarında acı məğlubiyyətlə üzləşdiyi günlərdə çox yaşamışam. Dünən axşam sözün pis mənasında hisslərim yeniləndi...
Adamın üstündə Allah var, Qurban Qurbanov tam 15 ildi “Qarabağ” vasitəsi ilə Azərbaycan futbolunun Avropadakı imicini yaxşı tərəfə dəyişməklə məşğuldu. Bu müddətdə o qədər böyük işlər görüb, elə uğurlara nail olub ki, nəinki yaxın, hətta uzaq gələcəkdə də kimsə onu təkrarlaya bilməyəcək. Və indi durub desəm ki, “Dinamo” önündəki belə acınacaqlı səfər məğlubiyyətinin səbəbkarı baş məşqçidi – bu ən azı acı gülüş doğurar. Və ya desəm ki, “Qarabağ” pis, məzmunsuz oynadı, darmadağını haqq etdi – bu da ciddi yanaşma olmaz. Yaxşı, onda dünən axşam nə baş verdi ki, “feysbuk”un Azərbaycan seqmentinə lal sükut çökdü, Çempionlar Liqasının əsas mərhələsində oynamaqla bağlı ümidlərimiz “dəfn olundu”?
Hücum, yoxsa müdafiə xətti, ya bəlkə orta sahə bərbad oynadı? Hər uğursuz oyundan sonra belə sualların yaranması təbiidi. Mənə elə gəlir ki, müdafiəçilər həmişəki kimi inamsız idi, sadəcə, hər dəfə hücum oyunçuları, daha doğrusu, onların vurduğu qollar sayəsində çatışmazlıqları ört-basdır etmək mümkün olurdusa, bu dəfə alınmadı. Oyun ərzində yaratdığı 7-8 real qol vəziyyətinin heç birindən yararlana bilməyən komanda bu səviyyəli rəqiblə qarşılaşmada məğlubiyyətə məhkumdu. Hətta mən məsələni bir qədər sərt şəkildə qoymaq istərdim: 7-8 imkanı boşa verən komandanın ÇL-in qrupunda nə işi var? Hə, oxucu sual verə bilər ki, bu qədər qol vəziyyətini qaçırmaq bəxtsizlikdi, yoxsa ustalıq səviyyəsinin aşağı olması? Mərhum Valeri Lobanovski deyirdi ki, dirəkdən, tirdən dönən zərbələrə görə çox heyifsilənməyə dəyməz, çünku bunlar da qeyri-dəqiq zərbənin bir növüdü. Məsələyə sırf bu ehkamın prizmasından yanaşsaq, “Qarabağ”ın oyunçularının bəxtsizliyindən söhbət gedə bilməz. Özü də hələ 1-ci dəqiqənin tamamında Leandro Andrade ofsayddan da olsa, rəqib qapısına yol tapmışdı, yəni “Dinamo”nun müdafiəsi keçilməz deyildi. 1-ci uzatma dəqiqəsində Patrik 8 metrdən 7 metrlik qapıya düşə bilmədi. Və ya Juninyonun penalti nöqtəsi üzərindən topu küncə yox, qapıçının üzərinə vurması... Hər qol epizodunda icra zamanı texniki səhvlər var idi ki, bunun da bəxtsizliklə heç bir əlaqəsi yoxdu! Belə incə detalları hazırlıq qruplarında, aşağı yaş qruplarında öyrədirlər, ÇL-in pley-offu artıq ali səviyyədi.
Daha çox klub rəhbərliyinə yönələn bir irad da var: guya “Qarabağ”ın ehtiyat oyunçular skamyası boşdu, Qurbanovun əlinin altında oyunu gücləndirmək üçün futbolçu yoxdu. Açığı, mən bu iradda həqiqət payı görmürəm. Lap tutaq ki, Riçard Almeyda yaşlıdı, bəs Aleksey İsayev, Hamidu Keyta, Musa Qurbanlı, Nəriman Axundzadə, Redon Cica? Yetərincə əzəmətli futbolçular deyilmi? Bunları heyətinə qatan istənilən başqa komanda premyer-liqada çempionluğa oynaya bilər! Bu başqa məsələ ki, Qurban bəy yalnız bir dəyişikliyə ehtiyac gördü. Hər halda, qərarının səbəbini öyrənmək imkanımız olacaq.
Təəssüf, 2022-ci ildə olduğu kimi, yenə də qrup mərhələsinin astanasında acı məğlubiyyətlə üzləşdik. Plzen “Viktoriya”sı kimi, Zaqreb “Dinamo”su da keçiləsi rəqib idi. Ya bəlkə hələ də keçiləsi rəqibdi? Ümid varmı? Sizi bilmirəm, mənə “hə” demək çox çətindi!
ORXAN