Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyununun biletləri srağagün saat 11.00-da "iticket.az" saytında satışa çıxarıldı.
Lakin portalın fəaliyyətində problem yaşandığına görə satış prosesi bir müddət dayandırıldı. Bu məsələ böyük səs-küy doğurdu. Bir çoxları saytın əməkdaşlarının qəsdən satışı dayandırdığını, bəziləri 5 manatlıq biletlərin “qara bazar”a ötürüldüyünü iddia etdi.
Adamlar bilet ala bilmədiyindən sosial şəbəkələrdə həm şirkəti, həm də klubu qınayırdı. “Feysbuk” istifadəçilərindən biri kütlədə qıcıq oyatdı. Əlizadə Bayramov adlı şəxsin postunu diqqətinizə çatdırırıq:
“Bu gün baş verən xoşagəlməz hadisəyə görə "Qarabağ"ın oyununa 100 bilet hədiyyə edirəm! 50 bilet artıq hədiyyə olunub, lakin 50 bilet qalıb! Biletlərdən yalnız 10 ədədi VIP-di, qalan 5 ədədi hədiyyə edilib! Ümumi qalan digər biletlər ümumi yer üçün nəzərdə tutulub. Hədiyyəni əldə etmək istəyən ciddi şəxslər mənimlə əlaqəyə keçə bilər. Bilet sui-istifadənin, dostlara yaraşmayan hərəkətlərin, fırıldaqçılıq hallarının qarşısını almaq məqsədilə yalnız matç günü (başlamamışdan dəqiqələr öncə) hədiyyə ediləcək.
* Bilet hədiyyə vermək məqsədilə bir neçə könüllü şəxs tərəfindən alınıb və öz aralarında hədiyyə edilib.
* 100 biletin 50 ədədi Vətən müharibəsi iştirakçılarına hədiyyə edilib”.
Maraqlıdı, bir insan necə 100 bilet əldə edə bilər? VİP-bileti olan şəxs bunları əldə etmək üçün ən azı 500-600 manat xərcləməlidi. Bilirik ki, “iticket.az”da bir nəfər 3 bilet ala bilər. Bəs bu say necə ortaya çıxır? Şirtkət həqiqətən “qara bazar” ilə əməkdaşlıq edir? Digər tərəfdən, bəzi adamlar iddia edir ki, sayta ödəniş etsə də, bileti əldə edə bilməyib, pul sistemdə qalıb. Bunun səbəbi nədi? Göründüyü kimi, “iticket.az” - “Qarabağ” əməkdaşlığı problem yaradıb. Başverənlərə aydınlıq gətirmək üçün şirkətin rəhbərləri ilə ofislərində görüşdük. “İticket.az”ın direktoru Kamran Abasov və texniki direktoru Elnur Axundov ilə narazılıq doğuran məsələləri müzakirə etdik.
- Əvvəlcə 100 bilet söhbətindən başlayaq. Bir nəfər necə bu qədər bilet əldə edə bilər? Axı avqustun 14-də “iticket.az”a daxil olmaqda problem var idi. Lakin bir nəfər iddia edir ki, onda 100 bilet var...
- K.A.: Mən həmin postu oxumuşam. Orda qeyd edib ki, ancaq oyun günü və matça bir neçə dəqiqə qalmış həmin biletləri paylayacaq. Çalışacağıq ki, bu məsələni yerində aydınlaşdıraq. Belə problemlərlə dəfələrlə üzləşmişik. Bəziləri sosial şəbəkələrdə yazır ki, mənim biletlərim var, satıram. Şirkət olaraq həmin adamlarla əlaqə saxlamışıq, ödəniş edib, bilet almaq istəmişik, amma sonradan yoxa çıxıblar. “İticket.az”ın rəsmi “instaqram” hesabında həmin şəxsin məlumatlarını ictimaiyyətə təqdim etmişik ki, aldanmasınlar. Bu yazılan post da belə bir nümunəyə aid ola bilər. İkinci bir məsələ də var ki, həmin adam, sadəcə, məşhur olmaq istəyir. Bu səbəbdən də belə post paylaşıb. İndi gündəm “Qarabağ” və bilet məsələsidi. Həmin adam da bundan istifadə edib, özünə kütlə yığır. Bu insan biletlərin şəkillərini qoysaydı, indiyədək kiməsə hədiyyə etsəydi, bunu araşdıra bilərdik. Amma bunu etməyə indi hansısa əsas yoxdu. Düşünürəm ki, həmin postun sahibi saxtakarlıqla məşğuldu. Biz hazırıq ki, sistemizi sizə göstərək, alınan və satılan bütün biletlərin hesabatlarını da kluba təqdim etmişik. Orda görəcəksiz ki, nə qədər sifariş var, amma hamısında maksimum 3 bilet satılıb (sistemdə maksimum dəyər 300 manat idi. Bir VİP-biletin qiyməti 100 manat olduğu üçün 3 dənəsini almışdılar. Sistemdə 11.00-dan 12.00-a kimi 10 minə yaxın biletin satıldığının şahidi olduq. Daha çox 5 manatlıq biletlər alınmışdı – İ.S.). Bu, “Qarabağ”ın istəyidi. Əvvəllər Çempionlar Liqasının matçları üçün 1 şəxsiyyət vəsiqəsinin sahibi 1 bilet ala bilirdi. Bu qərara görə azarkeşlər klubu çox tənqid etdilər. “Mən yoldaşımla, uşaqlarımla, qardaş-bacımla gəlirəm” deyərək etiraz etdilər. Buna görə də qərar verdik ki, 1 şəxsiyyət vəsiqəsinə 3 bilet sataq. Çox güman, növbəti oyunlarda yenidən əvvəlki sistemə qayıdacağıq. Görürük ki, bundan sui-istifadə edirlər. Sistemimizdə də şahidlik etdiz ki, biletləri alanlar fərqli insanlardı.
- E.A.: Əslində belə şeylərin qarşısını almaq çox çətindi. Kimsə 10 dənə hesab yarada bilər. Dost-tanışların şəxsiyyət vəsiqəsindən istifadə edib, 30 bilet ala bilər.
- “Techno festival” zamanı bir sistem tətbiq etmişdiz. Bir nəfər istənilən sayda bilet ala bilsə də, üzərinə hədiyyə etdiyi və ya verəcəyi adamın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, FİN kodunu yazmalı idi. Bu sistemi “Qarabağ”ın oyunlarında tətbiq etmək olmaz?
- E.A.: Əlbəttə, bunu tətbiq edə bilərik. Amma biletlərin istifadə edildiyi hər məkanın özünəməxsus təhlükəsizlik sistemi olur. Hamı bilir ki, oyun vaxtı Tofiq Bəhramov adına Respublika stadionuna insan axını həddən artıq böyük olur. Giriş qapılarını indi çoxaldıblar. Buna rəğmən, belə təhlükəsizlik prosesini həyata keçirmək çox çətin olacaq. Məsələ nədi? Bizdə xoşlayırlar ki, oyuna 5-10 dəqiqə qalmış stadiona daxil olsunlar. Heç kim 2 saat öncə arenaya gəlmir. Bunu yoxlayıb-bitirmək çətin olacaq. Bizdə elə olub ki, “Qarabağ”ın oyunu zamanı giriş qapısını söküb-dağıdıb gediblər.
- Belə başa düşdüm ki, stadionda turniketlər olsa, bu məsələni həll etmək olar. Məsələn, Avropa çempionatı zamanı belə sistemdən istifadə olunmuşdu...
- K.A.: 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” - “Roma” matçını stadiondan 60 mindən çox insan izlədi. Biz bu qədər adama bilet satmışdıq. Hamı normal qaydada oyunu izləmişdi. Hansısa problem yox idi. Avropa Liqasının final oyununda Olimpiya stadionunda turniketlər var idi. Onda da problem olmamışdı. Ümumiyyətlə, turniketlərin olması rahatlıqdı. “Tofiq Bəhramov”da bu vasitələrin olmaması bizim üçün böyük problemdi. Hər şeyi yoxlamaq olmur. Stadionda biri başqasını itələyib keçir. Elə olur ki, stadionda biletsiz adamlar da oyunu izləyə bilir. Yekun olaraq deyə bilərəm ki, turniket olsa, bütün problemlərimiz həll olunar.
- Sisteminizin çökməsinə səbəb nə idi? Bildiyim qədər şirkət özəl olsa da, dövlət səviyyəli bütün tədbirlərin bilet satışını təşkil edirsiz. Belə olan halda nə üçün sistem çökdü?
- K.A.: "Qarabağ" - "Viktoriya" görüşünün biletləri dünən saat 11.00-da satışa çıxmalı idi. Dediyimiz zamanda da proses başladı. Lakin həmin saatdan etibarən saytımıza daxil olan istifadəçilər çox olub. Müraciətin sayı fantastikdi. Saat 11.00-dan etibarən saytımıza 1,4 milyondan çox müraciət daxil olub. Bu, "Google Analytics" sistemində də əksini tapıb. Gəlin, 1 şəxsin 5 dəfə müraciət etdiyini düşünək. Bu zaman aydın olur ki, həmin anda 300 minə yaxın insan sayta daxil olub. Problem məhz bundan qaynaqlanıb. Bu qədər marağın olacağını biz də gözləmirdik. Məhz bu səbəbdən də sistem çökdü. Texniki departamentimiz 4-5 saat ərzində problemi aradan qaldırdı. İndi sistem işləyir və satış davam edir.
- Bəzi insanlar, hətta məşhur şəxslər iddia edir ki, saytdan istifadə edəndən sonra sistem pulumuzu çıxsa da, bizə bilet verilmədi. Klub qəti şəkildə bildirir ki, 14 gün ərzində hamının pulu geri qaytarılacaq. Niyə qaytarılma bu qədər müddət çəkir? Ümumiyyətlə, problemin yaranmasının səbəbi nədi?
- E.A.: Müştəri bilet almaq istəyir, pulu ödəyir, məlumat bizə qayıdan kimi bilet göndərilir. Sistem çökdüyünə görə məlumat bizə gəlmir. Amma hesaba pullar yığılır. Biz ümumilikdə 2 sistemdən istifadə edirik. Həmin bankların adını açıqlamayacam. Bir sistemdə görə bilirik ki, ödənişin vaxtı keçib. Bu zaman onlara avtomatik pulları qaytara bilirik. Digər bankda isə biz bunu əllə edirik. Bu sistemdə də 2 min adam bilet ala bilməyib. İndi biz həmin şəxslərin bir-bir pullarını geri qaytarırıq. 14 gün standart prosedurdu. Amma birinci sistemdəki şəxslərin pulları avtomatik qaytarılıb. Digərlərini isə, yenə deyirəm, bir-bir yoxlayırıq ki, kim bileti alıb, kim almayıb. Pandemiya dövründə elə olurdu ki, 3 aydan sonra ödəmələri geri qaytarırdıq. Hətta bəzi xarici şirkətlər deyirdilər ki, pulları niyə qaytarırsız? Növbəti tədbirlər zamanı onlara hədiyyə vermək olar. Məsələn, aviaşirkətlər belə edir. Amma biz müştəri məmnuniyyətinə üstünlük veririk. Rusiyada belə bir qanun var ki, heç bir şirkət müştərinin pulunu qaytarmaya bilər. İnternetdə bir az axtarış etsəz, görərsiz ki, bir çox Avropa ölkələrində belədi. Amma bizim bu pulları nə mənimsəmək, nə də başqa məhsulla əvəz etmək fikrimiz var. Çünki Azərbaycanda bu sistemi tətbiq edən yeganə şirkətik. Özbəkistanda, Türkiyədə, Qırğızıstanda fəaliyyət göstəririk. Yaxın vaxtlarda Qazaxıstanda da iş görməyə başlayacağıq. Bu sistemi də sırf azərbaycanlı mütəxəssislər qurub. Düzdü, arada hansısa problemlər olur. Amma dünyanın bütün onlayn bilet sistemlərində belə nüanslar baş verir. “Feysbuk”, “quql”, “ticket master” dəfələrlə çöküb. Belə problemlər hər yerdə olub.
- Bunları anladım. 4-5 saatlıq fasilədən sonra sistem bərpa olundu. Amma 5 manatlıq biletlər, demək olar ki, yox idi. Bəziləri deyir ki, şirkət və ya klub özü qəsdən belə edir. Həmin biletləri “qara bazar”a ötürürlər ki, baha olanlar satılsın. Bu iddialara necə cavab verər bilərsiz?
- K.A.: 6 nəfərlik masa təsəvvür edin. Düşünün ki, onun arxasında 40 nəfər əyləşib. 6 adam masanın ətrafında otura bilir, amma başqaları yox. 40 nəfərin arasından bəziləri, ümumiyyətlə, boş yeri görə bilmir. Bizim sistemdə bu baş verib. Bir çoxları sosial şəbəkələrdə bu problemi dilə gətirir. Amma elələri də var ki, biletə sahib olduğunu yazır. İndi düşünün ki, satışda cəmi 30 minə yaxın bilet var. Sayta birdən-birə 300 minə yaxın insan daxil olur. Onların arasından hər 6 nəfərdən 1-i bilet ala bilir, qalanlar yox. Hətta buna görə onlayn alışı dayandırdıq ki, insanlar kassalara müraciət etsinlər. Həmin yerlərdə də izdiham yaşandı. Bəzi satış məntəqələrimizi dağıdıblar. Onlaynda 5 manatlıq biletlərin sayının azalmasının səbəbi məhz bundan qaynaqlanırdı. Kassalardakı insanlar ən aşağı qiymətə olanları alıblar. Bu səbəbdən də sistemdə 5 manatlıqlar, demək olar ki, bitib. 50, 75, 100 manatlıqlar qalıb. Amma hamıya bəllidi ki, insanlar, adətən, aşağı qiymətli məhsullara daha çox maraq göstərirlər.
- Sözsüz, dünyanın hər yerində “qara bazar” problemi var. Amma nə etmək olar ki, bunun təsir qüvvəsi azalsın?
- K.A.: Avropa Oyunları zamanı belə bir qanun qüvvəyə mindi ki, ikinci əl bilet satanlar məsuliyyətə cəlb olunsun. İndi də bunu tətbiq etmək olar. Braziliyada keçirilən Olimpiada zamanı hətta Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini əlində bloklara bilet olan yerdə tutmuşdular. Bu, mediada böyük əks-səda doğurmuşdu. Yəni “qara bazar” bu səviyyədə inkişaf edib. Lakin biz Azərbaycan üçün bir sistem hazırlayırıq. Böyük ehtimalla 2023-cü ilin ikinci yarısında bunu həyata keçirəcəyik.
- Tofiq Bəhramov adına Respublika stadionunda turniketlərin quraşdırılması üçün kluba müraciət etmisiz?
- K.A.: Bununla bağlı danışıqlar gedir. İnşallah, gözlənilir.
- Sizi gözləyərkən diqqətimi bir məsələ çəkdi. Üç şəxs şirkətin nümayəndələrinə bildirirdi ki, pulu yox, bilet istəyirik. Hamı ilə danışmağa, onları razı salmağa çox vaxt getmir?
- K.A.: Bilirsiz, səhv bizimdi. Hamını məmnun etməliyik. Çalışırıq ki, səhvimizi düzəldək. Bacardığımız qədər hamını dinləməliyik. Kimsə telefonda dərdini deyir, kimsə ofisə gəlir. İndi bunu oxuyanların hamısı sabah gələcək ofisimizin qarşısına, bizdən bilet istəyəcək (gülür). Çalışırıq ki, insanları anlayaq, başa düşək. Hamı istəyir ki, oyunu arenadan izləsin. İş olan yerdə problem də var. Biz də istəyirik ki, hər şey şəffaf və aydın olsun. Nə “qara bazar” yaratmaq fikrimiz var, nə başqa bir şey. Təkcə biletləri satmaq haqda düşünürük. “Qara bazar” yaratmaq istəsək, tam başqa istiqamətdə fəaliyyət göstərərik. Bizim əsas məqsədimiz şəffaflığı qorumaqdı. “İticket.az”la əməkdaşlıq edən şirkətlər üçün də sistem tətbiq etmişik. Onlar hər şeyə nəzarət edir. Görürlər ki, hansı yerlər satılıb, hansılar boşdu, kassalarda nə qədər bilet qalıb, nə qədəri tükənib. Uğurlarımızın əsas səbəbi şəffaflığımızdı.
- “Qarabağ” ya Avropa Liqasının, ya da Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. Ümid edək ki, Avropanın ən əsas turnirində yolumuza davam edərik. Növbəti oyunlar zamanı azarkeşlər yenə bu problemlərlə qarşılaşacaq?
- K.A.: Başverənləri başa düşürük. Hazırda sistem üzərində maksimum yaxşılaşdırma işləri aparırıq. Çox yüklənmə olsa da, hər şey qaydasında olsun. Qarşıdakı matçlar zamanı sistemdə əlavə funksiyalar olacaq. Bu da azarkeşlərin, müştərilərin işini asanlaşdıracaq. Bundan sonra biletlər öz ünvanına və aid olan şəxslərə çatacaq. Jurnalistlər, tanınmışlar indi gündəmdə bu məsələ olduğu üçün nəsə yazırlar. Lakin onlar problemin nədən qaynaqlandığını bilməyə-bilməyə yazırlar. Hətta təklif edirlər ki, bu işlə məşğul olmağa şirkət gətirsinlər. Amma bu problemlər dünyanın ən yaxşı şirkətlərinin də başına gəlir. 2015-ci ildə Tiflisdə keçirilən Superkubok matçında da belə problem yaşanmışdı. Həmin oyunun biletlərinin satışını təşkil edən qurum da problemlə üzləşmişdi. Onlar 15 gündən sonra satışı bərpa edə bildilər.
İLKİN SULTANLI