A seriyasının 10-cu turundan sonra turnir cədvəlində diqqəti ən çox cəlb edən fakt, təbii ki, “Latsio”nun vahid liderliyidi.
Milan derbisində uduzan (1:3) “İnter”i qabaqlayan paytaxt komandasının 16 ildən sonra ilk dəfə 1-ci yerin sahibi olduğunu xüsusi vurğulayaq. “Qartallar” hazırda tarixinin ən yaxşı mövsümünü keçirir. Özü də çoxdan “uğursuz” damğası vurulan məşqçi ilə. “Ağ-mavilər”in uzun müddətdən sonra İtaliya çempionatının zirvəsinə yüksəlməsi istər-istəməz başda məşqçi amili olmaqla bir sıra məqamlara göz gəzdirməyi zəruri edir.
Yeni rekord
“Latsio” tarixində yeni rekorda nail olub. Roma klubu A seriyasında mövsümün ilk 10 oyunundan 9-da qalib gəlib. Bu, “qartallar” üçün ən yaxşı göstəricidi. Qeyd edək ki, İtaliya çempionatında əvvəllər yalnız 5 komanda mövsümün ilk 10 turunda 9 qələbə qazanıb. “Yuventus” bunu 4, “Milan” və “Napoli” hərəyə 2, “Roma” və “Torino” isə 1 dəfə bacarıb. Sonuncu dəfə belə nəticəyə 2021/22 mövsümündə “Milan” və “Napoli” nail olub. Bu komandalar onda bir oyununu heç-heçə ilə başa vurmaqla hərəyə 28 xal toplamışdılar.
İndi “Latsio” da belə göstəriciyə malikdi. Komandanın xal itirdiyi yeganə matç 4-cü turda “Milan”a qarşı olub. Romalılar sentyabrın 12-nə təsadüf edən həmin oyunda iki top fərqi ilə önə keçsələr də, sonda 2:2 hesabına razılaşıblar.
Əlindəki imkanlara qane olan klub
Romalılar özləri üçün ideal sayılan həyat tərzini uzun illərdi davam etdirirlər. Bu klub ilk illəri çıxmaq şərti ilə cari əsrdə heç vaxt sanballı, davamlı uğur gətirən bir layihə hazırlamağa, böyük pullar xərcləməyə can atmayıb, imkanları daxilində yaşamağa üstünlük verib. Belə vəziyyətdə daim mövcud olanlarla effektiv şəkildə işləyə bilən məşqçilər axtarıb. Belələri isə komandanı uzaqbaşı A seriyasında skudettoya iddia edən daha güclü rəqiblərə bir qədər yaxınlaşdırmağa nail olublar.
Yeri gəlmişkən, bu klubdan çıxan əksər məşqçilər Romanı tərk edəndən sonra başqa klublarda daha yaxşı nəticələr göstəriblər. Stefano Pyoli çempionatda 2013/14 mövsümünü 9-cu yerdə başa vuran “Latsio”nu bir ildən sonra 3-cü yerə yüksəltməyi bacarıb. Simone İnzaqi üçün uğurun davamını gətirmək bir qədər çətin olsa da, komandanın onun rəhbərliyi altında hər il avrokuboklara vəsiqə qazanması da yaxşı nəticə sayılıb. “Qartallar”ın onunla 2019/20 mövsümündə 4-cü yeri tutduqlarını da xatırladaq.
Mauritsio Sarrinin paytaxtda 2021-24-cü illərdə gördüyü işlər diqqəti daha çox cəlb edir. O, komandanı cari əsrdə ən yaxşı göstərici sayılan 2-ci yerə qaldırdı. Bu isə Çempionlar Liqasına (ÇL) vəsiqə deməkdi. Layihənin daha da inkişafı üçün heyət gücləndirilməli idi, lakin təcrübəli çalışdırıcıya belə imkan yaradılmadı və Sarri istefa verdi.
“Latsio” onun yerinə keçən Marko Baroninin dövründə çempionatda ilk “5-liy”i tərk etdi: 2024/25 mövsümünü 7-ci yerdə başa vurdu. Növbəti mövsüm Sarri yenidən komandanın başına keçdi. Rəhbərliyin sönük transfer siyasətindən o ki var gileylənən 67 yaşlı mütəxəssis postunda çox qala bilməzdi. A seriyasında mövsümü 9-cu yerdə başa vuran “ağ-mavilər” qitə kuboklarından kənarda qaldılar. Qeyd edək ki, komandanın müəyyən bir səviyyədən çox da aşağı düşməməsi fonunda yüksək yerləri tutması üçün əvvəlcədən böyük vəsait ayrılmaması rəhbərliyin yürütdüyü idarəçilik metodudu.
“Uğursuz məşqçi”
Yayda baş məşqçi vəzifəsinə Cennaro Qattuzo gətirildi. Onun paytaxtda peyda olması yerli media və tifozi tərəfindən birmənalı qarşılanmamışdı. Sabiq yarımmüdafiəçi futbolçu həyatında olduğu kimi məşqçi kimi də xarizmatik lider keyfiyyəti ilə tanınır. Aydındı ki, yalnız xarizma ilə çox da uzağa getmək mümkün deyil. Qattuzo 2017-19-cu illərdə çalışdırdığı “Milan”ı Avropa Liqasına çıxarsa da, qrup mərhələsini aşa bilmədi. Ölkə kubokunu qazanmaqla (bu, onun məşqçi kimi qazandığı yeganə tituldu) “Napoli”nin 2019/20 mövsümündə qarşılaşdığı çətinliklərə sinə gərdi, amma növbəti mövsümdə “uğur tavanı”nı qaldıra, ÇL-ə vəsiqəni təmin edə bilmədi. Sonra “Fiorentina”, “Valensiya” və “Marsel”də yarımçıq mövsümlər keçirməklə “uğursuz məşqçi” damğasına tuş gəldi. 2024-cü ildə Xorvatiyada peyda olan Qattuzo “Hayduk”u çempionluğa daşımağı bacarmadı. Və 2025-ci ildə İtaliya yığmasının başına keçdi. Sözün düzü, heyət sarıdan kasadlaşan milli komandaya yaxın duran mütəxəssis tapılmadığı vaxt məhz o, ağır yükü çiyinlərinə götürməyə razılaşdı. Həm də bunu çox istədi. Ancaq çətin missiyanı yerinə yetirə - “skuadra adzurra”nı dünya çempionatına çıxara bilmədi.
Başqa sözlə, 48 yaşlı Qattuzo indiyəqədərki karyerası ilə nə top-kluba, nə də daim avrokuboklarda iştirak edən komandaya layiq məşqçi sayılır. Göz qabağında olan fakt isə bu fikri müəyyən mənada təkzib edir. Fakt budu ki, “Latsio”nu məhz DÇ-2006-nın qalibi dirçəldib. Görünür, Qattuzo ilk növbədə məhz xarizması ilə komandada çox şeyə nail ola bilib. Hər halda, indiyədək onu kimsə güclü taktik kimi qələmə verməyib. Heç indi də belə keyfiyyəti ilə öyünmür…
Perspektiv
Onun təyinatı klubun prezidenti Klaudio Lotito üçün sərfəli variant sayılmaya bilməz. Belə ki, yayda yeni oyunçuların transferi üçün yalnız 22 milyon avro xərclənib. Maraq üçün bildirək ki, “Latsio” bu planda A seriyasında 15-ci yerdədi. Paytaxt komandası heyət üçün çəkilən ümumi xərclərə görə isə ilk “10-luğ”u tamamlayırdı. Bu, romalıların ÇL-ə vəsiqə uğrunda mübarizə aparmaq perspektivinə qara kölgə salan fakt idi. Lakin bu faktlara baxmayaraq, “qartallar” bütün İtaliyanı təəccübləndirən nəticəyə nail olublar!
Onların mövsümü neçənci yerdə başa vuracağını proqnozlaşdırmaq heç də asan deyil. Əsas odu ki, startı, sadəcə, möhtəşəm keçiriblər. Ümumi rəyə əsasən, “Latsio”nun belə başlanğıcdan sonra A seriyasını “İnter” və “Roma” ilə birlikdə ilk “3-lük”də başa vurmaq ehtimalı yüksəkdi. Əsas rəqibləri ilə müqayisədə qitə kuboklarında oynamaması romalılar üçün çox önəmli əlavə üstünlük sayılır. Başqa sözlə, Qattuzonun komandası bütün gücünü ölkə çempionatında xərcləyir. Məlumunuz olsun ki, “Latsio” İtaliya kubokunda mübarizəni hələ avqustda “Mantova”ya uduzmaqla (0:2) dayandırıb. Romalıların işinə yaraya biləcək digər amil isə əsas rəqiblərdən “Milan”, “Yuventus” və “Napoli”nin müxtəlif problemlərlə baş-başa qalmasıdı.
Diqqətinizi bir məqama da yönəldək. “Ağ-mavilər” ilk 10 turda ən iddialı komandalardan yalnız “Milan” və “Yuventus” ilə qarşılaşıb. İlk dövrənin sonuna qədər “İnter”, “Napoli”, “Roma”, “Komo” və “Atalanta” ilə də haqq-hesab çəkməli olacaqlar. Deməli, zirvədə qalmaq üçün yaxşıca tərləmək lazım gələcək.
RAMİL YUSİFOV
P.S. Prezident Lotitonun yarıtmaz transfer siyasətindən narazı olan tifozi hələ ötən mövsümün gedişində komandanın oyunlarını boykot etməyə başlayıb. Boykot böyük ölçüdə indi də davam edir: bu mövsüm “Latsio”nun ev oyununu ən çox 14500 tamaşaçı izləyib. Komanda zirvədə olarkən belə 70 minlik “Olimpiko”nun çox hissəsinin boş qalması Qattuzoya və futbolçulara pis təsir edir. Görünür, ya azarkeşlərin istefaya səslədiyi prezidentə nifrəti yerə-göyə sığmır, ya da onlar startdakı gözqamaşdıran göstəricinin bir müddət sonra faydasız statistika kimi sönəcəyini düşünürlər.
A seryasında sürpriz lider - Qattuzo “Latsio” ilə nəyə nail ola bilər?
Dünya futbolu




