"Football-plus.az"ın məlumatına görə, Asiya Futbol Konfederasiyası (AFK) bu qərarı Yaxın Şərqdəki qeyri-sabit vəziyyətə görə verib. Turnir plana əsasən Səudiyyə Ərəbistanında 2027-ci il yanvarın 7-dən fevralın 5-nə qədər keçirilməli idi. AFK-nın yeni qərarına görə qitə çempionatı gələn il dekabrın 23-də start götürməli və 2028-ci il yanvarın 21-də sona çatmalıdı. Təşkilatın bəyanatında belə deyilir:
“Təşkilat Komitəsi regiondakı mövcud vəziyyəti nəzərə alaraq Asiya Kubokunun keçirilmə tarixində dəyişiklik etmək qərarına gəlib. Bu qərar ciddi logistik çətinliklər və nəqliyyat sahəsindəki problemlərlə bağlıdı. Turnirin yeni tarixi təsdiqlənməsi üçün FİFA-ya bildiriləcək. Mövcud vəziyyət qitə çempionatının əvvəlcədən təyin olunan tarixlərdə təşkilini qeyri-mümkün edib. Belə hala görə iştirakçı komandaların, rəsmi şəxslərin, azarkeşlərin və yarışla bağlı olan digər tərəflərin maraqları nəzərə alınaraq Asiya Kuboku müəyyən müddətə təxirə salınıb”.
Qitə çempionatının məkanı dəyişməyib. Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan Səudiyyə Ərəbistanının dəstəklədiyi yerli hökumətlə husilər arasında başlayan hərbi qarşıdurma davam edir. Bu ilin iyulunda krallığı dəniz blokadasına aldıqlarını bəyan edən üsyançılar Səudiyyə Ərəbistanına məxsus bir neçə neft tankerinə hərbi hücumlar ediblər. Avqustun əvvəlində Yəmənin cənub-qərb hissəsinə həmlələr edən “Ənsar Allah” hərəkatı sentyabrın 10-11-də keçirilən əməliyyatlar nəticəsində Moha liman şəhərinə və Bab Əl-Məndəb boğazına çıxışı olan ərazilərə nəzarəti ələ keçirib. Oktyabrın 4-də isə Yəmənin hökumət qüvvələri üsyançılardan həmin ərazilərin geri qaytarılması üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Əlavə edək ki, qitə birinciliyinin təxirə düşməsi təşkilatçı ölkənin çempionatının təqviminə təsir edəcək. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 13-cü turun matçlarının vaxtı dəyişdirilib. Liqanın rəhbərliyi 2026/27 mövsümünün təqvimini yenidən nəzərdən keçirməyi və oyunlar arasında futbolçuların istirahəti üçün daha çox vaxt ayırmağı planlaşdırır. Bu məqsədlə klublarla müzakirələr aparılacaq. 13-cü turun yeni tarixləri bir müddət sonra açıqlanacaq.
Yeri gəlmişkən, 11-ci turdan sonra “Əl-Hilal” 29 xalla turnir cədvəlinə başçılıq edir. 27 xal toplayan “Əl-Nəssr” 2-ci yerdədi.





