Bəs “kobra” artıq gündəlik məşqlərə qatılırmı? Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra meydana çıxması real görünürmü? Bu gün çempionat oyunu olsa, meydana çıxmağa hazırdı?
“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün “Qarabağ”ın mətbuat katibi Anar Həsənovla əlaqə saxlayıb:
“Hazırda Elvin həkim nəzarəti altında fərdi məşqləri davam etdirir. Onların qərarından asılı olaraq vəziyyət dəyişə bilər. Hazırda komandadan kənardadı. Nə vaxt geri dönməsi həkimlərin verəcəyi qərardan asılıdı”.
Amma diqqəti çəkən məqamlardan biri də “Qarabağ”ın noyabrın 3-də məşqdən paylaşdığı fotoda Elvin Cəfərquliyevin də yer alması idi. Bu görüntü futbolçunun artıq komanda ilə məşqlərə başlaması ilə bağlı suallar yaradıb.
Məsələ ilə bağlı Anar Həsənovdan əlavə açıqlama aldıq:
“O, komanda ilə eyni vaxtda məşq etsə də, həmin müddətdə kənarda fərdi şəkildə çalışır”.
İSRAYIL XEYRULLAYEV





