Yeni iş yerindəki hədəfləri, jurnalist fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə fikirlərini öyrənmək üçün Emin bəylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Səbail” 2016-cı ildən fəaliyyət göstərir. Kluba bu mövsümün əvvəlində yeni rəhbərlik gəlib. İctimaiyyət “Səbail”in Qubaya köçəcəyindən, həmin rayonun adını daşıyacağından xəbərdardı. Hazırda sənədləşmə işləri gedir. Təyinatıma gəlincə, klubun prezidenti Mirzə Bayrampurla tanışlığımız var idi. Təşəbbüs ondan gəldi ki, müşavir vəzifəsi tutum, kömək edim. Klub faktiki yenidən qurulmaq mərhələsində olduğu üçün ilk növbədə yeni strukturun formalaşması və başqa işlərdə yardımçı olacağam. Vəzifənin adından da göründüyü kimi bu status özündə konkret istiqamət üzrə yox, bütün məsələlərdə müşavirlik etmək funksiyasını daşıyır. İlkin danışığımız belə olub ki, mövsüm bitənə qədər yeni strukturun formalaşmasında yaxından iştirak edim. Sonrasına vaxtı gələndə qərar veriləcək. “Futbolumuz” verilişindəki fəaliyyətimi davam etdirəcəm. Çünki biz həmin layihədə premyer-liqa klubları barədə danışırıq, “Səbail” isə aşağı liqada mübarizə aparır. Yəni efirdə danışdığım premyer-liqa təmsilçilərinin və hazırda çalışdığım klubun yolları kəsişmir. “Səbail” premyer-liqaya çıxsa və mən orda fəaliyyətimi davam etdirməli olsam, klubla televiziya arasında seçim etməli olacağam. Hələ ki paralel fəaliyyətdə bir problem görmürəm”.
KƏNAN BAHADIR





