Əsgər Abdullayevin “dostu”, SSRİ çempionatının ən erkən qolunun müəllifi – pəhləvan kimi Pəhləvanidi...

30.10.2026 13:42 153
Aktual / Dünya futbolu
SSRİ çempionatını yaxından izləyənlər, yəqin ki, Yevstafi Pəhləvanidini xatırlayar.

Əslində onu xatırlamamaq da çətindi. Atası Alkiviad da futbolçu olub, ötən əsrin 40-cı illərində Tiflis “Dinamo”sunda oynayıb. Yunan ailə 1949-cu ildə Gürcüstandan Qazaxıstana sürgün olunub, gələcəyin möhtəşəm hücumçusu da 1960-cı ilin məhz bu günündə Çimkənddə dünyaya gəlib. “Kayrat”ın SSRİ çempionatındakı bombardiridi, güclülər dəstəsində keçirdiyi 226 oyunda 69 qol vurub. SSRİ çempionatında ən erkən qolun müəllifi də odu. 1986-cı il sentyabrın 3-də Almatıda keçirilən oyunun artıq 10-cu saniyəsində Kiyev “Dinamo”sunun qapıçısı Viktor Çanovu məyus edib. Daha doğrusu, kiçik Çanov onda heç qapıda yerini rahatlamayıbmış...

Təbii, deyəcəksiz ki, Pəhləvanidinin 66 yaşını tamamlamasının bizə nə dəxli?! “Neftçi”nin veteranlarının dediyinə görə, Yevstafinin zərbələri o qədər güclü olub ki, həmin vaxt “canlı sədd” qurularkən heç kim dayanmaq istəmirmiş. Tövbə-əstəğfürullah, bədənin müəyyən hissəsinin topa tuş gəlməsi təhlükəliymiş...

Və Azərbaycan futbolunun tanınan veteranlarından Əsgər Abdullayevin də Pəhləvanidi ilə bağlı maraqlı xatirəsi var. “Neftçi”nin “Kayrat”ı darmadağın etdiyi (6:0), 1987-ci il iyulun 14-də keçirilən həmin o məşhur oyunda Abdullayev Pəhləvanidiyə qarşı fərdi oynayırmış, kölgə kimi izləyirmiş. Nəhayət, su içərkən belə müdafiəçini yanında görən Yevstafi dözmür, “heç olmasa, burda rahat burax”, - deyə qəzəbini gizlətmir...

ORXAN