Əsasnamədə "qırmızı" alsa da, qovulmayan futbolçu barədə şok dəyişiklik! - "Zirə"dən oyunun yenidən keçirilməsinə reaksiya

30.10.2026 15:15 126
Ölkə futbolu / Manşet
Təəssüf ki, “Futbol+”in səhifələrində ölkəmizdə hakimlərin biabırçı qərarları ilə bağlı neçə yazı dərc etdiyimizi unutmuşuq.

Xatırlayırsızsa, bu mövzu ilə bağlı sonuncu ən çarpıcı hadisə ötən mövsüm yaşanmışdı. Belə ki, Əliyar Ağayev ölkə kubokunun yarımfinalının “Turan Tovuz” – “Zirə” oyununda “bozqurd”un haqq etdiyi iki penaltini təyin etməmiş, sonda cütün qalibi “qartallar” olmuşdu. Bu mövsümün ilk böyük biabırçılığı isə hələ 2-ci təsnifat mərhələsində yaşandı.

Bəli, yenə tərəflərdən biri “Zirə”di, lakin bu dəfə zərərçəkən rolunda. Söhbət oktyabrın 27-də “Bank Respublika Arena”da keçirilən “Səbail” – “Zirə” görüşündə yaşananlardan gedir. Deməli, bu matçda meydan sahiblərinin kamerunlu yarımmüdafiəçisi Samuel Nonqoh 68 və 80-ci dəqiqələrdə iki sarı vərəqə alsa da, meydandan qovulmadı. 80-ci dəqiqədəki “sarı”dan sonra 4-cü hakim Vaqif Vəliyevdən qırmızı vərəqə göstərməli olduğu ilə bağlı siqnal alan Səbuhi Bayramov əlini cibinə atsa da, onu dövrəyə alan “Səbail” futbolçularının təzyiqi altında qərarını dəyişdi.

Əlbəttə, onu bağışlamaq olmaz! Ancaq referinin həm də təcrübəsizliyin qurbanı olduğu göz önündədi. Çünki Səbuhi premyer-liqada 2018/19 mövsümündə debüt etsə də, burda hələ cəmi 17 oyun idarə edib. Elita klublarının yarışında sonuncu dəfə 2021-ci ilin fevralında görünüb. Ölkə kubokunda isə indiyə qədər cəmi 7 matçda şans qazanıb. Bayramov karyerasını əsasən 1-ci liqada davam etdirir.

Meydanda başverənlərə gəlincə, böyük ehtimalla, “Səbail”in oyunçuları ədalət təmsilçisini Samuelin oyun ərzində ilk dəfə sarı vərəqə aldığına inandırdı. Belədə meydanda qalan Nonqoh yalnız əlavə vaxt başlayanda Ehtiram Şahverdiyevlə əvəzləndi. Həmin Ehtiram isə hətta penalti seriyasında da iştirak etdi. Düzdü, burda daha dəqiq olan “Zirə” 1/8 finala vəsiqə qazandı. Yəni hakimin kobud səhv premyer-liqa təmsilçisinə mübarizəni dayandırmaq bahasına başa gəlmədi. Amma və lakin...

Dünyanın hər yerində belə hallar yaşananda, yəni hakimlər kobud texniki-reqlament səhvinə yol verəndə oyunlar yenidən keçirilir. Odu ki, biz də bu ehtimalı gözardı edə bilmərik. Sadəcə, son illərdə bu məsələ ilə bağlı bəndlərdə dəyişiklik var. Məsələn, 2022/23 mövsümünün Əsasnaməsində 19-cu maddənin 13-cü bəndində deyilir: “Hakim ikinci sarı vərəqə verdiyi halda futbolçunu meydandan qovmağı unudursa, bu məsələ PFL-də müzakirəyə çıxarılır, hakimlə bağlı ölçü götürmək üçün AFFA Hakimlər Komitəsinə məlumat verilir. İdman prinsipləri nəzərə alınaraq qarşı tərəfin yazılı müraciətindən sonra PFL bu halın baş verdiyi oyunla bağlı müvafiq qərarlar qəbul etmək iqtidarındadı”.

2026/27 “futbol ili” üçün Əsasnamədə isə məsələyə fərqli yanaşılıb. Sizi 19-cu maddənin mövzu ilə bağlı 16-cı bəndi ilə tanış edirik: “Hakim ikinci sarı vərəqə verdiyi halda futbolçunu meydandan qovmağı unudursa və ya bir neçə dəqiqədən sonra səhvə yol verdiyini xatırlayıb gec də olsa, həmin futbolçunu meydandan qovursa, bu barədə AFFA İntizam Komitəsinə məlumat verilir”.

Göründüyü kimi, son dəyişiklik sayəsində belə hallarda haqsızlıqla üzləşən komandaların etiraz etmək hüququ əlindən alınıb! Hadisələrin axarının nə ilə nəticələnəcəyi AFFA İntizam Komitəsinin insafına buraxılıb. Təsəvvür edin, “Zirə” bu matçda uduzsaydı, nəticə ilə barışmadığını hüquqi baxımdan əsaslandıra bilməyəcəkdi! Faktiki Rəşad Sadıqovun komandasının bəxti gətirib. Ən əsası, belədə “top”un PFL-də olduğunu zənn edirdiksə, artıq qurum məsuliyyətdən xilas olub. Halbuki dünyada qırmızı vərəqə aldığı halda futbolçunun meydançanı tərk etmədiyi YÜZLƏRLƏ oyun yenidən keçirilib!

Oyunun taleyi haqda son qərarı AFFA İntizam Komitəsinin verəcəyini öyrənəndən sonra qurumun sədri Erkin Hüseynovla əlaqə saxladıq. Qurum rəsmisindən iclasın nə vaxt keçiriləcəyini və belə hallarda hansı qərarın verilməli olduğunu soruşduq. İş ondadı ki, Hüseynovdan müəmmalı cavab aldıq:

“İclas bütün kubok matçları başa çatandan sonra keçiriləcək. Qanuna görə, hakimlərin səhvi yalnız AFFA Hakimlər Komitəsi tərəfindən araşdırılır. Məlumdu ki, hakim futbolçuya iki sarı vərəqə göstərsə də, meydandan çıxarmayıb. Burda cəzanı hakim alacaq. Həmçinin, hakim səhv qərar verdiyini protokolda bildirib, səhvini etiraf edib. Futbolçu qırmızı vərəqə alıbsa, AFFA İntizam Komitəsi tərəfindən buna uyğun cəza veriləcək. Hakimləri isə yalnız Hakimlər Komitəsi cəzalandıra bilər”.

İndi başqa vacib məqamlara toxunaq. Əlbəttə, sıx qrafikdən gileylənən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandasının qələbə qazandığı matçın yenidən keçirilməsini arzulamaz. Kobud qayda pozuntusuna rəğmən, mərhələ adlamağı bacarmayan, 1-ci liqada işləri yolunda getməyən, lider “Gəncəbasar”dan 4 xal geridə olan, kubok oyununda 120 dəqiqə ərzində böyük güc sərf edən “Səbail”in də bu işə qol qoyacağına inanmaq çətindi. O başqa məsələ ki, matçın yenidən keçirilməsi məhz idman prinsiplərinə əməl edilməsi baxımından vacibdi. Əminliklə deyə bilərik ki, matç təkrar keçirilməsə, dünya futbolunda analoqu olmayan hadisə yaşanacaq.

Bəs, matçın yenidən keçirilməsinə qərar verilsə, qalib komanda - “Zirə” bunu necə qarşılayacaq? Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə:

“Hələ bununla bağlı qərar qəbul edilməyib. Qəbul olunmayan qərar haqda açıqlama vermək doğru olmaz”.

Fürsətdən istifadə edib, Elmar bəydən Nonqohun meydanda qalmasına “Zirə”nin fubolçuların etiraz etməməsi ilə bağlı mövqeyini də öyrəndik:

“Rəqib futbolçunun qırmızı vərəqə alsa da, meydandan qovulmasının fərqinə varmalı olanlar hakimlər briqadası idi. Dördüncü hakim baş hakimə xəbərdarlıq etsə də, baş hakim fərqli qərar verdi. Əsas onların qərarı idi”.

Görəsən, AFFA İntizam Komitəsi məsələyə necə nöqtə qoyacaq? İdman prinsipi tapdalanacaq, yoxsa ədalət bərqərar ediləcək? Səbirsizliklə gözləyirik.

KƏNAN BAHADIR