Qarabağ (Ağdam) – Səbail 2:1 (1:0)
99. Mateuş Koxalski – 6,0
55. Bədavi Hüseynov (k) – 6,0
24. Aleksey İsayev – 6,0
(66. Patrik Andrade, 75) – 5,5
44. Elvin Cəfərquliyev – 6,0
27. Toral Bayramov – 6,5
10. Abdulla Zubir – 6,0
81. Kevin Medina – 6,0
18. Olavio Juninyo – 6,5
2. Mateus Silva – 5,5
(30. Abbas Hüseynov, 75) – 5,0
6. Julio Romao – 6,0
15. Leandro Andrade – 7,0
(11. Emmanuel Addai, 75) – 5,0
Ehtiyat oyunçular
97. Fabian Buntiç
12. Sadiq Məmmədzadə
20. Riçard Almeyda
22. Musa Qurbanlı
90. Nəriman Axundzadə
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Leandro Andrade
1. Hüseynəli Quliyev – 5,5
74. Yusif Nəbiyev (k) – 5,5
77. Fərid Nəbiyev – 6,5
(19. Samir Abdullayev, 80) – qiymətsiz
20. Mərt Çəlik – 5,0
11. Rüfət Abdullazadə - 5,5
(14. Suleyman Alluş, 80) – qiymətsiz
83. Nihad Quliyev – 6,0
8. Qorka Laruçça – 5,5
44. Amir Bilali – 5,0
(6. Cabir Əmirli, 73) – 4,5
3. Dmitri Litvin – 5,0
7. Madi Queta – 5,5
(10. David Qomis, 86) – qiymətsiz
5. Gitay Sofir – 4,5
(18. Süleyman Əhmədov, 46) – 4,5
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
15. Vüsal Məsimov
17. Gülağa Əsədov
16. Emin Rüstəmov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Fərid Nəbiyev
Qollar: L.Andrade, 5 (1:0, T.Bayramov). L.Andrade, 56 (2:0, O.Juninyo). F.Nəbiyev, 58 (2:1, N.Quliyev).
Hakimlər: TURAL QURBANOV, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
14 sentyabr. Bakı. “Azərsun Arena”. 1600 tamaşaçı (5800 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
"Səbail" meydanı məğlub tərk etsə də, güclü meydan sahiblərinə qarşı əzmkar oyun sərgilədi. "Qarabağ" isə öz ampluasında idi. Hakimin start fiti çalınar-çalınmaz hücuma keçən ağdamlılar hesabı erkən açdı. 5-ci dəqiqədə sol cinahla irəliləyən Elvinin qapı önünə ötürməsini Toral başla Leandroya çatdırdı ki, sonuncu dəqiq zərbəylə komandasını sevindirdi. Hesabı dərhal bərabərləşdirmək istəyən "Səbail"in ümidlərini Nihad puç etdi. Onun qapıya göndərdiyi topu qarşılamaq Koxalski üçün çətin olmadı. Düzü, "Qarabağ"ın növbəti qoluna 9-cu dəqiqədə şahidlik etdik. Amma ofsayd fərqin artmasına imkan vermədi. Burda Zubir Toralın ötürməsindən maksimum faydalanmışdı. Lakin Bayramovun oyundankənar vəziyyətdə olması işi korladı. Ardınca "dənizçilər"in növbəti hücumu bəhrə vermədi. Bu dəfə Koxalski Rüfətin zərbəsini uzaqlaşdırdı. 24-cü dəqiqədə Toral kobud səhvlə azarkeşləri üzdü. O, Elvinin qapı önünə ötürməsini qəbul edərkən qapıçı əks istiqamətdə idi. Lakin qeyri-dəqiqlik "Səbail"in xeyrinə işlədi. Toral bir qədər sonra yenidən bəxtini sınasa da, top qapıdan yan keçdi. "Qarabağ"ın rəqibi təzyiq altında saxladığı dəqiqələr növbəti qol epizodlarıyla müşayiət olundu. Hüseynəli 32-ci dəqiqədə Zubirin zərbəsini dəf etdi. Ardından Aleksey uzaqdan qapını nişan alsa da, qeyri-dəqiqlik üzündən məqsədinə çatmadı. Birinci hissədə sonuncu təhlükəli vəziyyəti də "köhlən atlar" yaratdı. 39-cu dəqiqədə Silva baş zərbəsiylə fərqlənmək istəsə də, top tirin üzərindən keçdi.
İkinci yarıda daha çox qarşılıqlı hücumlar izlədik. Əvvəl "Səbail" irəli atıldı ki, Koxalski Rüfətin zərbəsini zərərsizləşdirdi. Növbəti təhlükəli vəziyyəti yaradan "Qarabağ" isə fərqi artırdı. 56-cı dəqiqədə Juninyonun ötürməsindən Leandro yararlandı. Belədə "dənizçilər" birinci yarıda olduğu kimi, dərhal rəqibi sıxışdırdı. Budəfəki cəhd uğurlu alındığından buraxılan qollardan birinin qisası alındı. 58-ci dəqiqədə Fərid Nihadın ötürdüyü topu tora qovuşdurmaqla komandasını sevindirdi. Çox keçmədən Queta hesabı bərabərləşdirməyə yaxın olsa da, zərbəsi qeyri-dəqiq alındı. Ardından Hüseynəli Juninyoyla təkbətək mübarizədən qalib ayrılmaqla hesabın dəyişməsinə imkan vermədi. "Köhlən atlar"ın növbəti cəhdləri də uğursuz oldu. Əvvəl Juninyo dirəyi nişan aldısa, bir qədər sonra top Zubirin zərbəsiylə tirin üzərindən keçdi. 84-cü dəqiqədə isə Hüseynəlinin yöndəmsiz müdaxiləsindən sonra top "çərçivə"yə daxil oldu. Lakin həmin an Juninyonun qapıçıya toxunması qayda pozuntusu hesab edildi və qol sayılmadı. Son dəqiqələrdə Hüseynəli Romaonun zərbəsini qarşıladısa, Juninyo hədəfdən yayındı. Beləcə "Qarabağ" növbəti qələbəsini qazanmaqla potensial lider oldu.
Gözdən qaçmadı
* “İmarət Tayfa”, “Qarabağ Ordu” və “Dənizçilər” fanklubları tribunada yerini almışdı. İzləyicilər sırasında Azərbaycan “Qran-Pri”si”ni izləmək üçün Bakıya gələn turistlər də var idi.
* “Qarabağ” tərəfdarları 24-cü dəqiqədə boş qapıya yol tapa bilməyən Toral Bayramovu alqışlayaraq ruhlandırdı.
* “İmarət Tayfa” matç bitəndən sonra komandanı yanına səslədi, futbolçulardan Azərbaycan derbisində “Neftçi”yə qalib gəlməyi tələb etdi.
KƏNAN BAHADIR