“Real” startda xal itirdi, Levandovski “Barsa”nın üzünü güldürdü - İCMAL

21.08.2024 16:28 321
Dünya futbolu
İspaniya çempionatında ilk tur heç-heçələrin çoxluğu ilə əlamatdar oldu. Keçirilən 8 oyunun beşində bərabərlik qeydə alındı. Son çempion “Real” da xal itirənlər sırasındadı. “Barselona” isə Levandovskinin dublu sayəsində mövsümə qələbə ilə başladı.

“Real” gözləntilərin əksinə, ilk turda qələbəyə həsrət qaldı. Madrid nəhəngli La Liqada “Malyorka” ilə keçirdiyi son 7 oyunun 6-da 3 xal qazanmışdı. Balearlılar özü üçün xoş olmayan seriyanı dayandıra bildi. La Liqada debüt oyununu keçirən Mbappe də fərqlənməyi bacarmadı. Hərçənd fransalı hücumçu əlindən gələni etdi, xüsusən də fasilədən sonra. O, rəqib qapısına hamıdan çox zərbə vurdu. Meydan sahibləri oyuna gümrah başlasalar da, “Real” rəqibin hücum ehtirasını tezliklə soyutdu – artıq 13-cü dəqiqədə Rodriqo hesabı açdı. Bu hücumda Mbappe ilə Vinisius da fəal iştirak etdi. Tezliklə Vinisiusun asmasından sonra Kilianın vurduğu zərbə toru yandan silkələdi. Amma fasilə ərəfəsində “Malyorka” da kəskin hücum qurdu, Muriqi Kurtuanı məyus etməyə yaxın oldu. Meydan sahiblərinin 7 nömrəli futbolçusu 2-ci hissənin əvvəlində qol istəyinə çatdı. Kosovolu hücumçu Dani Rodrigesin künc zərbəsindən ötürməsini qolla tamamladı. “Real” heç-heçə hesabı ilə barışmaq fikrində deyildi, Mbappe tez-tez oyunu öz üzərinə götürməyə başladı.

Ancaq Qreyf onun yaxın küncə zərbələrinin öhdəsindən gələ bildi. Qapıçı Modriçin uzaq məsafədən zərbəsini də qaytardı. Hücuma aludə olan madridlilər sonda rəqibin iki əks-hücumuna da imkan yaratdı. Ancaq Antonio Sançes həmin epizodlarda topu qapıdan aralı vurdu. Heç-heçə hesabını qoruyan “Malyorka” stadiona toplaşan çoxlu azarkeşini sevindirdi. “Real” isə xal itirməklə startda “Barselona”dan geri düşdü.

Madridlilərin əzəli rəqibi Flikin rəhbərliyi altında keçirdiyi ilk rəsmi oyunda əzmkar qələbə qazandı. Kataloniyalılar “Mestalya”da çətinlik çəkdi. Hərçənd onların qələbəni haqq etdiyini demək olar. Düzdü, ilk yarıda qonaqlar o qədər də üstün oynamadı. Onlar topa daha çox nəzarət etsə də, “Valensiya” daha kəskin hücumlar qururdu. Kubarsi iki epizodda avtoqola səbəblar ola bilərdi. “Barselona”dan isə Rafinya fərqlənməyə yaxın oldu. Komandaların fasiləyə qolsuz yollanacağı görünsə də, hissənin sonunda oyun canlandı. 44-cü dəqiqədə inadkar Duro “yarasalar”ı irəli çıxardı, ancaq 5-ci uzatma dəqiqəsində Yamalın asmasını tamamlayan Levandovski hesabı bərabərləşdirdi. 2-ci hissə başlayan kimi Rafinyanın qazandığı penaltini qola çevirən polşalı ulduz dubl etdi. “Yarasalar”ın silkələnəcəyini, hesabı bərabərləşdirmək üçün irəli atılacağını düşünmək olardı, ancaq “göy-qırmızılar” rəqibin əl-qol açmasına imkan vermədi. “Barsa” 3-cü qolu vurmağa daha yaxın idi, nəinki meydan sahibləri hesabı bərabərləşdirməyə. Levandovski ilə yanaşı, başqalaerının da fərqlənmək imkanı var idi. Kadr problemlərinə (qonaqlarda dayaq yarımmüdafiəçiləri kimi Bernalla Kasado, sonda isə Qarsiya oynayırdı) baxmayaraq, “Barsa” 3 xal qazana bildi. Amma Flikin görməli olduğu iş çoxdu. “Valensiya”ya gəlincə, “yarasalar” fasilədən sonra göstərdiyi oyunla azarkeşlərini məyus etdi. Belə görünür ki, Ruben Baraxanın çalışdırdığı komanda yüksək yerlər uğrunda mübarizə aparmağa hazır deyil.
İspaniyanı Çempionlar Liqasında təmsil edəcək komandalardan “Jirona” da mövsümə heç-heçə ilə başladı. Rəqiblərin ötən mövsümün kəşfi olan komandaya artıq daha ciddi yanaşdığını nəzərə alsaq, belə xal itkiləri gözləniləndi. Düzdü, kataloniyalıların rəqibi də iddialı “Betis” idi. Kubokun son qalibi “Atletik” “Xetafe” ilə, “Osasuna” “Leqanes”lə heç-heçəyə razılaşdı. “Selta” “Alaves” üzərində əzmkar qələbə qazandı. “Sevilya” “Las Palmas”la oyunda iki dəfə önə çıxsa da, qələbə hesabını qoruya bilmədi. Avropa Liqasının qrupunda oynayacaq “Real Sosyedad” evdə “Rayo Valyekano”ya uduzdu. Özü də basklar təsəlli qolunu 90+8-ci dəqiqədə vurdular.

Turun dünən axşam keçirilən son iki oyununda “Valyadolid” “Espanyol”u məğlub etdi, “Vilyarreal” – “Atletiko” oyununda heç-heçə qeydə alındı.

1-ci tur
Malyorka – Real 1:1
Muriqi, 53 – Rodriqo, 13. (23010)
Real: Kurtua, Mendi, Rüdiger, Militao, Karvaxal (Vaskes, 87), Bellingem (Gülər, 88), Çuameni (Modriç, 63), Valverde, Vinisius (Dias, 88), Rodriqo, Mbappe.
Valensiya – Barselona 1:2
Duro, 44 – Levandovski, 45+5; 48-p. (46673)
Barselona: Ter Ştegen, Kunde, Kubarsi (Kristensen, 64), Martines, Balde (Martin, 62), Bernal (E.Qarsiya, 71), Kasado, Yamal (Viktor, 86), Rafinya, Torres (Pedri, 64), Levandovski.
Betis – Jirona 1:1
Bartra, 6 – Misexoy, 72. (54084)
Jirona: Qassaniqa, Martines, Lopes, Blind, Qutyerres, Errera (Misexoy, 71), Romeo (Solis, 66), Martin, Xil (Stuani, 81), Ruis (Kreyçi, 81), Portu (Almena, 66).
Atletik – Xetafe 1:1
Sanset, 27 – Uçe, 64. (47845)
Selta – Alaves 2:1
Svedberq, 66. Aspas, 84 – K.Qarsiya, 17. (22477)
Las Palmas – Sevilya 2:2
Nyanzu, 42-öz qapısına. Ramires, 71 – Suares, 25-öz qapısına. Xuanlu, 61. (24843)
Osasuna – Leqanes 1:1
Soriano, 79-öz qapısına – Krus, 22. (19561)
Real Sosyedad – Rayo Valyekano 1:2
Subimendi, 90+8 – De Frutos, 67. Kamelyo, 84. (31763)
Valyadolid – Espanyol 1:0
Moro, 23. (22027)
Vilyarreal – Atletiko 2:2
Qruneveld, 18. Koke, 37-öz qapısına – Lyorente, 20. Sörlot, 45+2. (21566)
Bombardir: Levandovski (Barselona) - 2.

Növbəti turun oyunları avqustun 23-25-i aralığında keçiriləcək: Selta – Valensiya, Sevilya – Vilyarreal, Osasuna – Malyorka, Barselona – Atletik, Xetafe – Rayo Valyekano, Espanyol – Real Sosyedad, Real – Valyadolid, Leqanes – Las Palmas, Alaves – Betis, Atletiko – Jirona.

Turun rəqəmi
1 – “Real” mövsümə Ançelottinin rəhbərliyi altında 6-cı dəfə başladı və ilk dəfə qələbə qazana bilmədi.

Turun ulduzu
Robert Levandovski (Barselona) – polşalı hücumçu ilk yarının sonuna qədər gözə dəyməsə də, fasilə ərəfəsində hesabı bərabərləşdirdi. 2-ci hissənin əvvəlində komandasını irəli çıxaran Leva meydandan hətta pokerlə də ayrıla bilərdi. Ancaq bir epizodda ona Moskera mane oldu, digər epizodda topu qapının üstündən vurdu.

Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Heyəti möhkəmləndirmək üzərində çalışırıq. Heyət istədiyimiz kimi olmalıdı. Hələ transfer kampaniyasını bitirməmişik. Kimi axtardığımızı, nə istədiyimizi bilirik”.

Reaksiyalar
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Mövsümə qələbə ilə başlamaq çox vacibdi. İkinci hissədə daha yaxşı oynadıq. İlk yarıda isə çoxlu səhvə yol verdik. Hissənin sonundakı qol çox vacib idi. Biz vahid komanda kimi hücum edir və müdafiə olunuruq. Levandovski böyük peşəkardı. Müdafiədə çox iş gördü və iki qol vurdu. Hələ çox işləməliyik, ancaq mövsümə qələbə ilə başlamaq lazım idi”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Heç-heçədən narazıyam, ona görə ki, daha yaxşı oynaya bilərdik. Ancaq özümüzə bəraət qazandırmaq istəmirəm. Bu elə oyun idi ki, balansız yoxluğu üzündən uduza da bilərdik”.

Faktlar
* “Real” artıq 33 oyundu La Liqada məğlub olmur. Madridlilər sonuncu dəfə ötən il sentyabrın 24-də “Atletiko”ya uduzub (1:3). Onlar həmin vaxtdan bəri keçirdiyi 33 oyunun 24-də qalib gəlib, 9-da heç-heçə edib. Paytaxt klubu 30 oyunu əhatə edən əvvəlki rekordunu 1988-in mayı – 1999-un apreli aralğında müəyyənləşdirmişdi.
* "Real" tarixində 20 dəfə ölkə çempionatına heç-heçə ilə başlayıb və bunların beşində çempion olub. Madrid təmsilçisi heç-heçə ilə başladığı 1931/1932, 1985/1986, 1988/1989, 1996/1997 və 2006/2007 mövsümlərində sonra çempionluğu bayram edib.
* “Barselona” ilə oyun günü 16 yaş 306 günlük olan Devid Otorbi 21-ci əsrdə “Valensiya”nın heyətində La Liqada meydana çıxan ən gənc oyunçudu. O, Coel Consonun 2010-cu ildə müəyyənləşdirdiyi rekordu (17 yaş 169 gün) yenilədi.