''Qalatasaray''da Osimhen şoku - nigeriyalı ulduz əməliyyat olunacaq!

6.11.2026 21:35 45
Dünya futbolu
Yüksəlişdə olan və son 5 rəsmi oyunda qələbə qazanan ''Qalatasaray''da Viktor Osimhen şoku yaşanır.

Nigeriyalı ulduzun son olaraq ''Ştutqart''la oyunda aldığı zədə gözləniləndən ciddi imiş. Klubdan verilən açıqlamada həmin görüşdə sol dizində ağrılar hiss edən Osimhenin əməliyyat olunacağı qeyd olunub. Əməliyyat noyabrın 7-də ''Acıbadem'' xəstəxanasında baş tutacaq və klubun baş həkimi Yener İncə tərəfindən həyata keçiriləcək. Bu da o deməkdi ki, İstanbul nəhəngi bu tur ən yaxın izləyicisi ''Amed SF''ə qarşı ev oyununu əsas qol silahı olmadan keçirməli olacaq.

''A Spor'' kanalının yaydığı məlumata görə Osimhen təxminən 3 həftəliyə sıradan çıxıb. Klubun tibbi personalı onu noyabrın 24-də ÇL-də ''Aston Villa'' ilə oyuna yetişdirməyə çalışacaq. Osimhen ''Ştutqart'' ilə görüşdə bir neçə epizodda meydanın ot örtüyündən şikayətlənmişdi. 27 yaşlı futbolçu bu mövsüm ikinci dəfə zədə üzündən bir neçə həftəliyə sıradan çıxıb.

O, sentyabrda da yığma fasiləsi ərəfəsində zədələnmiş və Nigeriya yığmasının oyunlarını buraxmalı olmuşdu.