“Ötən mövsüm “Bəhramov”da oynayanda da “Turan Tovuz”a məğlub olmuşduq” - Qurban Qurbanov

6.11.2026 21:03 9
Ölkə futbolu / Manşet
Premyer-liqanın 11-ci turunda “Qarabağ” evdə “Turan Tovuz”a uduzdu.

Matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirdi.

- Zəfər turu idi. Böyük zəfərə görə xalqımızı təbrik edirəm. Qürurlu günlər idi. Matça gəlincə, əlbəttə, qalib gəlmək istəyirdik. Futbolçularımdan razı qaldım. Müdafiə olunmağı, əks-hücuma çıxmağı bacaran rəqibə qarşı oynayırdıq. Demək olar ki, bəzi epizodların qarşısını aldıq. Lakin onlar sonda qələbə qazandılar. Buna baxmayaraq, yolumuza davam edəcəyik. Yaxşı hücumlarımız oldu. Edəcək bir şey yoxdu. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

- Üç matçdı “Qarabağ” qol vəziyyətləri yaradır, lakin yararlana bilmir. Səbəb nədi?
- Hər şey demək olar. Bəxtsiz demək istəmirəm. Ümumən bir-birimizi tamamlamaqda çətinlik çəkirik. Bu cür müdafiə olunan rəqibə qarşı yaxşı hücumlarımız oldu.

- Məğlubiyyətin səbəblərindən biri kimi stadionun dəyişməsini demək olar?
- Yox. Düşünmürəm ki, budu. Ötən mövsüm “Bəhramov”da oynayanda da “Turan Tovuz”a məğlub olmuşduq.

- Futbolçuların uyğunlaşma prosesinin bu qədər uzun çəkəcəyini gözləyirdiz?
- Düzü, gözləmirdim. Yaxşı olacağını düşünürəm. Son vaxtlar pozitiv oyun görürəm. Hər şeyi düzəltməyə çalışacağıq.

İSRAYIL XEYRULLAYEV