"Emin öz adını istənilən halda "Neftçi"nin tarixinə qızıl hərflərlə yazdırıb" - Yuri Vernidub

6.11.2026 23:15 9
Ölkə futbolu / Manşet
"Neftçi" Misli premyer-liqasının 11-ci turunda "Kəpəz"i məğlub etdi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Azərbaycanda hər zaman sülh olsun, insanlar gözəl, istədikləri kimi və xoşbəxt yaşasınlar. İstəyirəm ki, Ukrayna da bir gün azad olsun, qalib gəlsin. İnsanlar sülh içində yaşasınlar, istədikləri həyatı görsünlər. Bu günü görməyi çox istəyirəm. Ümidvaram ki, bu olanda həyatda olacam.

- İkinci matçdı ki, əvəzetmədən meydana buraxdığınız futbolçu qələbə qolunu vurur. Bunu əvvəlcədən planlaşdırırdız?
- Çox sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər. Bu, o deməkdir ki, ehtiyat skamyamız yaxşı vəziyyətdədi. Oyundan öncə də Şkribekə bildirdim ki, əsas heyətdə oynamayacaq, sonradan meydana daxil olacaq. Dincəlmək üçün vaxt verdik. Hər oyundan əvvəl qərar veririk ki, kimi kiminlə əvəzləyəcəyik və oyunumuzu gücləndirəcəyik. Ona görə biz həmişə bilirik ki, kim meydana çıxacaq. Bu, məni çox qane edir və sevindirir.

- Növbəti oyun "Araz-Naxçıvan"a qarşı Şamaxıda süni örtüklü meydançada olacaq. Futbolçular bundan narahatdı?
- Hamı orda oynayır, tək "Neftçi" yox. Qorxulu bir şey yoxdu. Çünki ən yuxarı pillələrdə olmaq istəyirik. Buna görə oynamalıyıq. Səhv etmirəmsə, premyer-liqada cəmi iki belə meydança var. Biri Şamaxıda, biri də Yevlaxda. Çox istəyərdim ki, bundan sonra bütün komandalar yaxşı stadionlarda oynasınlar.

- Digər iddialılarla müqayisədə, "Neftçi"də xarici millilərdə oynayan legionerlər azdı. Bu, sizin üçün məşq prosesi baxımından daha da yaxşıdı?
- Birinci deyim ki, millidə oynamaq böyük fəxrdi. Bu, xüsusilə də milli komandalarda oynayanların səviyyəsi haqda çox şey deyir. İndi bizdə xarici millilərdə 3, Azərbaycan millisində 4 oyunçu oynayır. Onlara görə çox sevinirəm. Sadəcə, istərdim ki, zədə almadan qayıtsınlar. Əllərindən gələni etsinlər ki, öz milliləri qalib gəlsin. Azərbaycan millisinin qrupu birinci pillədə başa vurmasını çox istəyirəm. Eləcə də legionerlərimizin.

- Emin Mahmudov son vaxtlarda çox az şans qazanır. Bu gün açıqladı ki, millidə karyerasını bitirəcək. Millidə karyerasını bitirməsi sizə nə dərəcədə təsir edir?
- Emin Azərbaycanda ən yüksəkdə duran futbolçulardan biridi. O, uzun müddətdi ki, millidə oynayır. Hər zaman da istəyir ki, ən yaxşı nəticələrə nail olsun. Eyni zamanda, "Neftçi"nin açar oyunçularından biridi. "Neftçi" üçün kifayət qədər çox oyun oynayıb. Bilirəm, qərar verib. Ağır qərardı. Amma həyatda belə şeylər olur. Ona görə də onun daha çox vaxtı olacaq ki, öz klubuna vaxt ayırsın. Biz illər keçdikcə gəncləşmirik, yaşlanırıq (gülür). Yaş da bəzən öz sözünü deyir. Çox istəyərdim ki, "Neftçi"də daha çox oynamağa davam etsin və fayda versin. O, buna layiqdi, həm peşəkar, həm də insan kimi. Emin mənə çox kömək edir. Oyunçularla söhbət zamanı, ailədaxili məsələlərin həllində də. Əsl kapitan kimi öz rolunu icra edir. Həm mən onunla tam açığam, həm də o mənimlə.

- Emin mövsümün sonunda futboldan da getməyi düşünsə, onu fikrindən daşındırmağa çalışacaqsız?
- "Neftçi"yə ömrünü verib, 10 ildi ki, burdadı. Onunla danışmışam. Qalıb menecer kimi də klubda işləyə bilər, məşqçi kimi də. Hazırlaşsa, çox gözəl məşqçi olar. Amma öz adını istənilən halda "Neftçi"nin tarixinə qızıl hərflərlə yazdırıb.

- Emil Səfərov milliyə dəvət edilmir...
- Bu, bizim daxili mətbəximizdi. Hər şey yaxşı olacaq. Biz onunla danışırıq, söhbət edirik. Düşünürük ki, dincəlsin və üzərində daha çox işləsin ki, əvvəlki Səfərov olsun. "Neftçi" onunla boş yerə müqavilə imzalamayıb. Emil bizə lazım olan futbolçudur, komandamız üçün çox önəmlidi. O, bunu nə qədər tez anlasa, komanda və özü üçün yaxşı olacaq.