"Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

6.11.2026 18:00 0
Ölkə futbolu / Manşet
Bu gün Misli premyer-liqasında 11-ci tura start veriləcək.

Əvvəlcədən bildirək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümünə görə Peşəkar Futbol Liqası bu turu “Zəfər turu” elan edib. Bununla bağlı turun oyunlarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Üç gün ərzində keçiriləcək oyunlar “CBC Sport”un efirində canlı yayınlanacaq. Açılış matçını, yəni “Qarabağ” – “Turan Tovuz” qarşılaşmasını həm də “İdman” TV-də izləmək mümkün olacaq.

Misli premyer-liqası
1-ci dövrə, 11-ci tur
6 noyabr
Qarabağ – Turan Tovuz

“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 8:+6=0-2, 17:8.
2022/23 – 3:0, 3:1; 2023/24 – 3:0, 4:3; 2024/25 – 0:1, 1:2; 2025/26 - 1:0, 2:1.
Cəzalı: Hayderson Urtado (Turan Tovuz).
“Futbol+”in proqnozu: 50-20-30.
Hakimlər: FƏRİD HACIYEV, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Tərlan Talıbzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, “Azərsun Arena”. Saat 18.00.

Göründüyü kimi, bu oyun “Azərsun Arena”da keçiriləcək. Ona görə ki, “Qarabağ” PFL-ə müraciət edib. Klub “Tofiq Bəhramov”un qazonunda renovasiya işlərinin aparılacağını bildirib. “Köhlən atlar”ın rəsmi müraciətini, “Azərsun Arena”nın premyer-liqa və ölkə kuboku oyunlarını qəbul etməyə hazır olduğunu nəzərə alan PFL ağdamlıların “Turan Tovuz”la oyundan etibarən ev oyunlarını bu stadionda keçirməsi ilə bağlı qərar qəbul edib. Sadəcə, “Qarabağ” yalnız qayıdışını bayram etmək məqsədi ilə yox, həm də üç oyuna çatan qələbə həsrətinə son qoymaq üçün mübarizə aparmalıdı. Çünki çempionluq uğrunda döyüşən “köhlən atlar” həddən artıq xal itkisi üzündən hədəfdən uzaq düşə bilər. İş ondadı ki, bir müddət işləri yolunda getməyən “Turan Tovuz” böyük ölçüdə toparlanıb. Ötən həftə evdə “Sabah”ı məğlub edən “bozqurd” daha bir iddialı rəqibi məğlubiyyətə uğratmaqla çempionluq yarışında qalmaq niyyətindədi.

Komandalar indiyə qədər 15 dəfə üz-üzə gəlib. Bunların 11-də Ağdam, 2-də Tovuz təmsilçisi qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində “köhlən atlar” öndədi – 33:15.

Neftçi – Kəpəz
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 33:+20=7-6, 67:28.
1992/93 – 2:1, 2:0; 1993/94 - -:+*; 1994/95 – 0:0; 1995/96 – 3:2, 2:3**; 1996/97 – 2:0; 1997/98 – 0:1; 1998/99 – 1:3, 3:0; 1999/2000 – 3:1; 2000/01 – 1:0; 2001/02 – 2:0, 0:0; 2003/04 – 3:0; 2004/05 – 2:0; 2005/06 – 1:2; 2010/11 – 6:2; 2011/12 – 2:0; 2012/13 – 4:1; 2015/16 – 0:0, 2:3; 2016 /17 – 2:0, 0:0; 2017/18 – 0:0, 1:0; 2022/23 – 5:2, 2:2; 2023/24 – 2:0, 5:1; 2024/25 – 2:1, 2:2; 2025/26 – 5:1.
* - texniki nəticə top fərqinə daxil edilməyib.
** - neytral meydanda keçirilib.
Cəzalı: İqor Ribeyro (Neftçi).
“Futbol+”in proqnozu: 50-25-25.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı, “Palms Sports Arena”. Saat 20.00.

“Sabah”la “Qarabağ”ın büdrəməsindən maksimum yararlanan “Neftçi” Şamaxıda qazandığı önəmli qələbə sayəsində yenə zirvəyə yüksəldi. Əlbəttə, indi əsas vəzifə mövqeyi qorumaqdı. Axı liderliyi qorumaq azı qazanmaq qədər çətindi. Odu ki, “doğma divarlar” arasında “Kəpəz”i məğlub etməkdən başqa yol yoxdu. Lakin “sarı-göylər”in əvvəlki mövsümlərlə müqayisədə daha güclü olduğu göz önündədi. Komanda Azər Məmmədovun rəhbərliyi altında premyer-liqada keçirdiyi son 6 matçda uduzmayıb. Həm də Gəncə təmsilçisi bakılılarla oyuna derbi kimi yanaşır. Deməli, “Neftçi”ni heç də asan sınaq gözləmir.

Bu komandalar indiyə qədər 66 dəfə qarşılaşıb. Bunların 33-də “ağ-qaralar”, 21-də “sarı-göylər” qalib gəlib, 12-də “sülh” qeydə alınıb. Topların nisbətində bakılılar öndədi – 111:66.

7 noyabr
Şəfa – Araz-Naxçıvan

“Şəfa” indiyə qədər bu rəqiblə evdə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR hakimi: Emin Əliyev.
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 16.00.

Autsayderlərin dueli gərgin mübarizə şəraitində keçəcək. Azı ona görə ki, komandalar matça 6 xallıq oyun kimi yanaşacaq. Axı “Şəfa” “zirzəmi”dən bir qədər də uzaqlaşmaq, “Araz-Naxçıvan” isə sonuncu sıradan xilas olmaq istəyir. Düzdü, bu komandalar tarixdə ilk dəfə üz-üzə gələcək. Bu səbəbdən kimin daha güclü olacağını demək çətindi. Lakin hadisələrin indiyəqədərki axarı paytaxt təmsilçisinin rəqibi ilə müqayisədə özünü daha yaxşı tərəfdən göstərdiyini deyir. Nəticə isə təbii ki, meydanda bəlli olacaq.

Zirə – Qəbələ
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 20:+9=6-5, 24:21.
2015/16 – 1:0, 0:3; 2016/17 – 0:2, 2:2; 2017/18 – 2:1, 1:1; 2018/19 – 1:0, 1:1; 2019/20 – 1:1, 1:2; 2020/21 – 2:0, 0:0; 2021/22 – 1:2, 0:3; 2022/23 – 2:1, 2:2; 2023/24 – 1:0, 4:0; 2025/26 - 1:0, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 45-30-25.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabbarov.
VAR hakimi: Kamranbəy Rəhimov.
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə, İdman Kompleksinin stadionu. Saat 18.30.

“Zirə” hələ ki sabit nəticə göstərə bilmir. Bəli, zədəli futbolçuların çoxluğunu nəzərə alsaq, “qartallar”ı tənqid etmək düzgün deyil. Lakin peşəkar klub məhz bu amili də hesablamalıydı. Hər halda, qəsəbə təmsilçisi hələ avrokuboklara vəsiqə qazanmaq hədəfindən uzaqda deyil. Sadəcə, xal ehtiyatını artırmaq lazımdı ki, “Qəbələ” bu baxımdan əlverişli rəqibdi. Amma “qırmızı-qaralar” ötən həftə “Qarabağ”a qarşı sərgilədiyi oyunla azarkeşlərini sevindirdi. Psixoloji durumunu böyük ölçüdə yaxşılaşdıran kollektiv daha bir önəmli uğurla təhlükəli zonadan uzaqlaşmağa cəhd göstərəcək.

Bu komandalar indiyə qədər 38 dəfə qarşılaşıb. Həmin oyunların 11-də “Zirə”, 12-də “Qəbələ” qalib gəlib, 15-də hərəyə 1 xal düşüb. Topların nisbətində “qırmızı-qaralar” öndədi – 41:37.

8 noyabr
İmişli – Sumqayıt

“İmişli”nin bu rəqiblə ev oyunlarının balansı: 2:+0=0-2, 0:2.
2025/26 - -:+; 0:2.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-25-35.
Hakimlər: ƏKBƏR ƏHMƏDOV, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax, şəhər stadionu. Saat 15.00.

Ervins Perkonsun rəhbərliyi altında sürət yığan, daha doğrusu, ardıcıl iki qələbə qazanan “İmişli” “Kəpəz” səddini aşa bilmədi. Düzdü, sonradan Aran təmsilçisinin haqqının yeyildiyi üzə çıxdı. Ancaq bu məqam, yəni hakim səhvi nəyisə dəyişmir. İndi, sadəcə, “Sumqayıt”a qalib gəlmək haqda düşünmək lazımdı ki, ortabablar sırasında möhləmlənmək mümkün olsun. Bu ərəfədə “Sumqayıt”ın son iki oyunda qələbəyə həsrət qaldığını vurğulamalıyıq. Yəni Yevlaxda üz-üzə gələcək komandalar yalnız qələbə uğrunda tər tökəcək.

Tərəflər indiyə qədər 3 dəfə qarşılaşıb. Görüşlərin hamısı “Sumqayıt”ın qələbəsi ilə nəticələnib. Top fərqində, təbii ki, “gənclik şəhəri”nin təmsilçisi öndədi – 3:0.

Sabah – Şamaxı
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 12:+4=5-3, 17:13.
2018/19 – 1:2, 1:1; 2019/20 – 0:1; 2020/21 – 0:2, 1:1; 2021/22 – 2:1, 5:1; 2022/23 – 1:1, 1:0; 2024/25 – 2:2, 3:1; 2025/26 – 0:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 55-25-20.
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı, “Sabah Arena”. Saat 17.30.

Tura Norveçdən yorğun qayıdan “Sabah”ın “Şamaxı” sınağı ilə yekun vurulacaq. Bəli, “bayquşlar”ın “Vikinq”in meydanında böyük çətinliklə üzləşəcəyi şübhə doğurmurdu. Lakin böyükhesablı məğlubiyyət onların əhval-ruhiyyəsini daha da korladı. Deməli, çempionluq uğrunda mübarizə aparan komanda istər psixoloji, istərsə də fiziki baxımdan ürəkaçan səviyyədə olmayacaq. Baş məşqçi Valdas Dambrauskasın heyətdə rotasiya edəcəyi də gün kimi aydındı. Odu ki, ötən həftə “Neftçi”yə çətin anlar yaşatsa da, “sülh”ə nail ola bilməyən “şirlər” bu dəfə “Sabah”a “dişini qıcayacaq”.

Bu komandalar indiyə qədər 25 dəfə üz-üzə gəlib. Həmin oyunların 9-da Bakı, 8-də Şamaxı təmsilçisi qələbə qazanıb, 8-də qalib müəyyənləşməyib. Topların nisbətində “bayquşlar” üstündü – 29:27.

Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
// “Qarabağ” son 5 oyunda qol vurub. “Turan Tovuz” son 4 görüşdə xal qazanmayıb.
// “Neftçi” son 3 oyunda qələbə qazanıb. “Kəpəz” son 11 səfərdə qalib gəlməyib.
// “Zirə” son 4 matçda qalib gəlib. “Qəbələ” son 6 oyunda qələbə qazanmayıb.
// “Sumqayıt” xal itirməyib. “İmişli” qol vurmayıb.
// “Sabah” son 4 oyunda xal qazanıb. “Şamaxı” son 2 qarşılaşmada qol vurmayıb.

KƏNAN BAHADIR