"Football-plus.az" xəbər verir ki, srağagün və dünən turnirdə 1/4 final oyunları keçirildi. Bu mərhələdə artıq sensasiyalara yer yoxdu. Bizim üçün önəmli olan məqam dünyanın 3-cü raketkası Novak Cokoviçin erməni Karen Xaçanovun qələbə yürüşünə son qoymasıdı. İlk setdə uduzsa da, geridönüş etməyi bacaran serb ulduz karyerasında 45-ci dəfə “Böyük dəbilqə” turnirlərində yarımfinala çıxdı və indi bu göstəricidə kişilər arasında yalnız Rocer Federerdən (46) geri qalır. Kişiləri və qadınları nəzərə alanda isə lider amerikalı Kris Evertdi (52).
Novak yarımfinalda Karlos Alkarasla qarşılaşacaq. Dünyanın 1-ci raketkası 1/4 finalda Stefanos Sisipasın öhdəsindən gəldi. 20 yaşlı ispan 2-ci dəfə “Böyük dəbilqə” turnirində yarımfinalda oynayacaq. İlk dəfə bunu ötənilki “US Open”də bacarıb və turnirin qalibi olub. Alkaras Sisipasla oyunlarının balansını 5:0-a çatdırdı. Maraqlıdı ki, o, Cokoviçlə indiyə qədər keçirdiyi yeganə qarşılaşmada da qalib gəlib.
Qadınların mübarizəsində ilk yarımfinalçılar Katerina Muxova ilə Arina Sobolenko oldu. Çexiyalı tennisçi rusların sonuncu ümidi Anastasiya Pavlyuçenkovanın öhdəsindən gəldi. Ukrayna – Belarus münasibətlərinin xarakterini nəzərə alsaq, Elina Svitolina – Arina Sobolenko dueli hər kəsin diqqət mərkəzində idi. Bu oyundan qalib ayrılan belaruslu ardıcıl 3-cü “Böyük dəbilqə” turnirində yarımfinala adladı. Ukraynalı torun önündə onun əlini sıxmaq üçün gözləyən Sobolenkonun gözünü yolda qoydu. Belaruslu tennisçi mətbuat konfransında ölkəsinin prezidenti Aleksandr Lukaşenko ilə birgə şəklinə görə də izahat verməli oldu:
“Belarusda keçirilən Federasiya kubokunda çıxış edirdim. Lukaşenko oyunlara gəlir və bizlə şəkil çəkdirirdi. Onda Belarusda, Ukraynada və Rusiyada pis heç nə baş verməmişdi. Artıq dəfələrlə demişəm ki, döyüş əməliyyatlarını dəstəkləmirəm. Ölkəmin münaqişələrdə iştirak etməsini istəmirəm. Bu mövzuda mövqeyimi, cavabımı bilirsiz. Ancaq idmanın siyasətə qarışmasını da istəmirəm. Ona görə ki, sadəcə, 25 yaşlı tennisçiyəm. Siyasətə qatılmaq istəsəydim, burda olmazdım. Siyasətlə məşğul olmaq istəmirəm, mən tennisçiyəm”.
Xanım tennisçi “hələ də Aleksandr Lukaşenkonu dəstəkləyirsiz” sualını da cavablamalı oldu: “Mən döyüş əməliyyatların dəstəkləmirəm, odu ki, məhz indi Lukaşenkonu dəstəkləmirəm”.
1/4 final
Kişilər
Cokoviç (Serbiya, 3) - Xaçanov (Rusiya, 11) 4:6, 7:6 (7:0), 6:2, 6:4
Alkaras (İspaniya, 1) - Sisipas (Yunanıstan, 5) 6:2, 6:1, 7:6 (7:5)
Zverev (Almaniya, 22) - Etçeverri (Argentina) 6:4, 3:6, 6:3, 6:4
Ruud (Norveç, 4) - Rune (Danimarka, 6) 6:1, 6:2, 3:6, 6:3
Qadınlar
Muxova (Çexiya) - Pavlyuçenkova (Rusiya) 7:5, 6:2
Sobolenko (Belarus, 2) - Svitolina (Ukrayna) 6:4, 6:4
Sventek (Polşa, 1) - Qauff (ABŞ, 6) 6:4, 6:2
Haddad Mayya (Braziliya, 14) - Jaber (Tunis, 7) 3:6, 7:6 (7:5), 6:1






