''Fənər''də daha bir ayrılıq

8.09.2026 22:30 54
Dünya futbolu
Bu yay heyətdə ciddi dəyişikliklərə gedən, altısını icarəyə verməklə 18 futbolçu ilə yolları ayıran ''Fənərbaxça''da bu rəqəm 19-a çatmaq üzrədi. Legioner limiti üzündən əsasən əcnəbilərlə vidalaşmalı olan İstanbul nəhəngi baş məşqçi İsmayıl Kartalın planlarına daxil olmayan Rodriqo Bekao ilə də yollarını ayırır. Rusiyanın ''çempionat'' saytının məlumatına görə, braziliyalı müdafiəçi bu ölkənin elita təmsilçisi ''Rodina'' ilə anlaşıb. Ruslar ''sambaçı''nı birilliyə icarəyə götürüb. Mənbənin yazdığına inansaq, Bekaonun 1,8 milyon avroluq illik maaşının 600 min avrosunu yeni klubu ödəyəcək. Qalan 1,2 milyon avronu isə ''Fənər'' ödəməkdə davam edəcək. 30 yaşlı futbolçu Rusiya futboluna gözəl bələddi - 2018/19 mövsümündə ÇSKA-da çıxış edib. Bekao ''Fənər''ə 2023-də ''Udineze''dən gəlib. Ötən mövsümün ikinci dövrəsini ''Kasımpaşa''da icarədə keçirən futbolçu ''Fənər''in heyətində yalnız 38 rəsmi oyunda iştirak edərək hesabına 2 qol, 1 məhsuldar ötürmə yaza bildi.