Zubir niyə oynamır? - Qətərdə “transfer pəncərəsi” bağlanıb

8.09.2026 22:01 1 791
Aktual / Manşet
Ötən ay gözlənilmədən “Qarabağ”dan ayrılan Abdulla Zubirin Qətərin “Əl-Şəhaniyə” klubuna keçidi gözlənilirdi. Fransalı futbolçunun transferi ilə bağlı tərəflərin əsas məsələlər üzrə razılığa gəldiyi barədə məlumat yayılmışdı. Lakin keçid bu günə qədər rəsmiləşməyib. Avqustun 16-da azad agent statusu alan 34 yaşlı yarımmüdafiəçi ilə bağlı son günlərdə də yeni məlumat ortaya çıxmayıb. Halbuki avqustun ortalarında onun Qətərə yollandığı və karyerasını “Əl-Şahaniyə”də davam etdirəcəyi bildirilmişdi. Qətərdə yay “transfer pəncərəsi”nin sentyabrın 3-də bağlanması Zubirin gələcəyi ilə bağlı sualları daha da artırıb. “Əl-Şəhaniyə” artıq çempionatda 3 oyun keçirib, lakin bu qarşılaşmalarda Zubirin adına rast gəlmədik.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Qətərdə “transfer pəncərəsi”nin bağlanması azad agent statusu daşıyan futbolçulara yeni müqavilə baxımından əngəl törətmir. Yəni Zubir kimi müqaviləsiz futbolçunun sonradan hansısa kluba qoşulması problem deyil. “Əl-Şahaniyə” istəsə, 34 yaşlı futbolçunu indi də heyətinə qata bilər. Deməli, problem başqa səbəblə bağlıdı. “Əl-Şahaniyə”nin Zubirlə bağlı planında nəsə dəyişib? Yoxsa fransalı futbolçunun komandaya qoşulması üçün müəyyən prosedurların tamamlanması gözlənilir?
Hələlik bu suallara dəqiq cavab yoxdu. Bildiyimiz isə odu ki, Zubirin “instaqram” hesabında hələ də “Qarabağ”ın adı yazılıb. Yəqin sevgidəndi…
İSRAYIL XEYRULLAYEV