''Fənər'' daha qorxulu deyil - 15 oyun, 4 qələbə, 8 məğlubiyyət!

8.09.2026 22:43 171
Dünya futbolu
''Fənərbaxça'' mövsümün ilk böyük İstanbul derbisində öz meydanında ''Beşiktaş''a 1:2 uduzmaqla fanatlarına üzüntü yaşatdı. Bu nəticə ''Fənər''in son illərdə xüsusilə evdəki derbilərdə zəif nəticələr göstərməsi məsələsini bir daha aktuallaşdırdı. Əvvəlki illərdə ''sarı-lacivərdlilər''in ev stadionu əzəli rəqiblər üçün alınmaz qalaya çevrilmişdi. ''Fənər'' 2020-yə qədər evdə ''Qalatasaray''a qarşı 20 illik, ''Beşiktaş''a qarşı 15 illik məğlubiyyətsiz seriyaya malik idi. Amma 2019/20-dən etibarən bu durum yavaş-yavaş dəyişməyə başladı. Həmin mövsümdə ''Qalatasaray'' 3:1-lik qələbə, ertəsi mövsüm isə ''Beşiktaş'' 4:3-lük qələbə ilə Kadıköy lənətinə son qoydu. Bu nəticələrdən sonra ''Fənər'' əvvəlki ev əzəmətini tamamilə itirdi. Sonrakı nəticələr də bunu təsdiq edir. Belə ki, məhz 2019/20-dən başlayaraq komanda evdə əzəli rəqiblərinə qarşı superliqa çərçivəsində keçirdiyi 15 derbinin cəmi 4-də (!) qələbə qazandığı halda 8-dən məğlubiyyətlə ayrılıb. Bu 4 qələbədən 3-ü ''Beşiktaş'', 1-i ''Qalatasaray'' üzərində əldə olunub. ''Sarı-lacivərdlilər'' Okan Burukun ''Qalatasaray''ı çalışdırdığı dönəmdə, yəni 2022-dən bu yana evdə bu komandanı yenə bilməyib. Bu siyahıya kubok matçlarını da əlavə etsək, statistika ''Fənər'' üçün daha da acınacaqlı olacaq. Çünki ötən mövsüm ''Beşiktaş'', 2024/25-də isə ''Qalatasaray'' kubokda da ''Fənər''i səfərdə məğlub etməyi bacarmışdı.