Günlərdi bu mövzuda yazmaq istəyirdim, hər dəfə də qarşımda gözəgörünməz sədd görürdüm.
Sadəcə, sağlam məntiqin və ağlın qalib gələcəyinə, ölkə futboluna rəhbərlik edən qurumların və şəxslərin “12 komandalı çempionat” ideyasını böyük həvəslə dövriyyəyə buraxan adamların ağzının üstündən birdəfəlik və qəti şəkildə vuracağını, bu mövzunun qapanacağını düşünürdüm. Ancaq xüsusən də sırf yerli futbolçulardan qurulan “Şamaxı”nın elita ilə vidalaşması qətiləşəndən sonra bu komandanın ən müxtəlif qiyafəli vəkilləri peyda olub, həm futbol adamları, həm də jurnalistlər arasında olan belələri hər cür ağlasığmaz dəlillər irəli sürürlər. At izi it izinə, it izi at izinə qarışıb. Hər biri idman prinsipinə və ədalətli oyun anlayışına zidd olan belə dəlillərə söykənən istənilən şəxsin – futbol adamının və jurnalistin fərdi maraqları var və həmin maraqlar qətiyyən ölkə futbolunun xoş gələcəyinə (təbii, belə gələcək olacaqsa!) xidmət etmir. Mənim də dəlillərim var, tərəziyə qoyaq, görək sizin mövqeyiniz ağırdı, yoxsa bunlar...
Yunis Hüseynovu, Bəxtiyar Musayevi, Şahin Diniyevi, “Şamaxı”nın elitada qalmasının zəruriliyi ideyasını topluma bu və ya başqa şəkildə sırıyan, ictimai rəyi zorlayan onlarla futbol adamını birləşdirən ortaq nöqtə var – bunların hər biri gələcəkdə eyni aqibətlə üzləşə biləcəyini anlayır və indidən həmin günlərdə baş vuracaqları hüquqi nihilizm üçün platsdarm, “hava limanı” hazırlayırlar. Zamanı çatanda bu ifadədən yararlanacaqlar: “Şamaxı” üçün idman prinsipini pozubsuzsa, mənim üçün də pozun! Komandamın “Şamaxı”dan nəyi əskikdi?
“Şamaxı”nın vəkillərinin daha bir dəlili var: idman prinsipi indiyə qədər pozulubsa, bundan sonra da pozulmalıdı! Bu adamlar, çox güman, Şimali Amerikada mövcud olan, milyardlarla dolların fırlandığı MBA, MHL kimi qapalı liqaların varlığından xəbərdardılar, sadəcə, həmin liqaların iş prinsisplərini bilmirlər, bu mənada maariflənməkdə yarar var. Amma söhbət məsələyə ciddi yanaşmaqdan gedirsə, bir pis o biri pisə haqq qazandırmamalıdı, yəni ölkə futbolunun əsas qərarverici orqanı AFFA, ölkədaxili yarışların təşkilatçısı PFL 12 komandalı çempionata razılıq verəcəksə, olan-qalan nüfuzlarını da itirəcəklər, ayaqlar altına atacaqlar. Baş katib Sərxan Hacıyevi bu şəkildə xərcləməyə dəyməz.
“Şamaxı”nın vəkillərinin reqlamentə, idman prinsipinə yönələn hücumlarında ana xətt kimi keçən tezislərdən biri də budu ki, bölgə futboluna qayğı lazımdı, bölgə klublarının sayı çox olmalıdı. Təsəvvür edin: bunu deyən adamlar bu gün də ölkə klublarının əksərinin bu və ya başqa yolla AFFA-nın büdcəcinə “oturduğunu”, bölgə klublarının əksərinin ya özünün, ya da aşağı yaş qruplarının Bakıda məskunlaşdığını, yalnız oyundan-oyuna təmsil etdikləri şəhər-rayonlara baş çəkdiyini bilirlər, amma yenə də ictimai rəyi həyasızcasına yanıldırlar. Sən Allah, bölgə futbolu var, hansı bölgə öz komandasına sahib çıxır, stadionları doldurur, klub atributları üçün dava-qırğına çıxır, klub büdcəsinin önəmli hissəsini formalaşdırır? Yüzdəyüz əminliklə deyirəm ki, belə bir bölgə yoxdu! Ardıcıl iki il 1-ci mərhələdən başlayıb qrupa qədər irəliləyən, ən yaxşı vaxtlarında belə azarkeş sevgisi görməyən “Qəbələ”nin acı taleyini görmədikmi?!
Vəkillərin daha bir dəlili: “Şamaxı” elitada qalmasa, sponsor klubdan üz döndərəcək! Belə bir mifik sponsor varsa, ilk imkandaca klubu atırsa, olmasından olmaması yaxşıdı! Buyur, düş aşağı dəstəyə, pul xərclə, hamını qabaqla, yenidən elitada oyna. “Luton” İngiltərənin 4-cü divizonundan elitaya qədər olan yolu qət etmək üçün 9 il çalışıb. Qəhrəmanlar və qəhrəmanlıqlar üçün həmişə imkan var. Həvəs lazımdı, həvəs!
Vəkillər “Şamaxı” üzərindən həm də yerli futbolçuların gələcəyindən yana narahatlıq keçirirlər. Guya yerli futbolçular itib-batacaq, başqa sahələrə və yollara üz tutacaqlar. Bir şəxs gerçəkdən qarşısına futbolçu olmağı hədəf qoyubsa, gec-tez hədəfinə çatacaq. “Şamaxı”da alınmasa, “Qarabağ”da, orda alınmasa, “Konyaspor”da, kəsəsi, hardasa oynayacaq. Hələ bu başqa məsələ ki, “Şamaxı”nın acı taleyi sırf yerli futbolçuların nəyə qadir olduğunu açıq-aşkar göstərdi. Arxadan gələnlərə də heç bir inam yoxdu. O arxadan gələnlər Bakıda Özbəkistana 0:5 və 0:3 hesabıyla uduzanlardı.
Hə, gəlib çatdıq daha bir əsas suala. Mənim həmkarlarımın, bəzi jurnalistlərin idman prinsipinin pozulmasını təbliğ etməkdə marağı nədi? Hər şey aydındı və gün kimi ortadadı: belə “jurnalistlər” zahirən “Şamaxı”ya canıyananlıq etsələr də, AFFA və PFL-ə hücum üçün növbəti nəzəri zəmin tapdıqlarına görə daxilən böyük məmnunluq yaşayırlar. Elə ilk imkanda adı çəkilən qurumlara töhmət vuracaq, başlarına qaxınc edəcəklər ki, sizi görə-görə gəlmişik, idman prinsipini həmişə pozmusuz. Bir sözlə, 12 komandalı çempionat hər cür saxtakarlar üçün ideal sığınacaqdı. Ümid edirəm ki, AFFA belələrinin çaldığı havaya oynamayacaq.
HUŞƏNG