Futbolçuların bazar qiymətlərini onların yaşı, hazırkı forması, ampluası, klubu ilə müqaviləsinin şərtləri və komandadakı rəqabətin səviyyəsi kimi amillər müəyyən edir.
"Football-plus.az" xəbər verir ki, transfer dəyərinə oyunçunun potensialı, müəyyən dövrdə aldığı zədələrin sayı, həmçinin yaşıl meydandan kənardakı davranışının da təsiri olur. Bu mövzu üzrə ixtisaslaşan “transfermarkt” portalı hazırda dünyada ən dəyərli 7 futbolçunun yeni siyahısını açıqlayıb.
Pedri
Klubu: Barselona
Ampluası: yarımmüdafiəçi
Yaşı: 20
Dəyəri: 100 milyon avro
“Barselona”ya 2020-ci ilin yayında “Las Palmas”dan keçən Pedri qısa zamanda nəhəng komandanın orta xəttinin aparıcı oyunçusuna çevrilə bildi. Yeniyetmə yaşında olmasına baxmayaraq, hamını texniki, meydanı yaxşı görmək bacarıqları və soyuqqanlılığı ilə valeh etdi. Təsadüfi deyil ki, pandemiyaya görə 2021-ci ildə keçirilən AÇ-2020-nin ən yaxşı gənc oyunçusu seçildi. Onu parlaq gələcəyin gözlədiyinə şübhə etməmək olar. Əsl adı Pedro Qonsales Lopes olan yarımmüdafiəçinin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Transfer bazarındakı qiyməti isə 100 milyon avrodu.
Filip Foden
Klubu: Mançester Siti
Ampluası: yarımmüdafiəçi
Yaşı: 22
Dəyəri: 110 milyon avro
Filip “Mançester Siti”nin yetirməsidi. Başqa sözlə, klubda uşaq yaşlarından top qovur. Əsas komandada 2017-ci ildə debüt edib və o vaxtdan yaşına görə kifayət qədər özünü göstərmək şansı qazanıb. Yüksək səviyyəli texnikası, kreativliyi və qol vurmaq bacarığıyla seçilir. Komandada dünya səviyyəli hücumameyilli oyunçular yetərincədi. Deməli, Foden artıq bir neçə ildi yüksək rəqabətin daim mövcud olduğu şəraitdə oynayır. Belə vəziyyətdə onun futbolçu qabiliyyətlərini nümayiş etdirməklə rəqabətə davam gətirməsi xüsusi vurğulanmalıdı. Məhz buna görə 22 yaşında dünyanın ən dəyərli (110 milyon avro) futbolçuları sırasındadı.
Bukayo Saka
Klubu: Arsenal
Ampluası: yarımmüdafiəçi
Yaşı: 21
Dəyəri: 110 milyon avro
“Arsenal”ın yetirməsi artıq özünü premyer-liqanın ən yaxşı vingerlərindən biri kimi sübut edib. Ampluasına görə kifayət qədər qol vuran Saka komanda yoldaşları üçün qol vəziyyətləri yaratmaqla da rəqibin planlarını böyük ölçüdə pozmağı bacarır. Onun hazırkı dəyəri 110 milyon avroya bərabərdi.
Cud Bellingem
Klubu: Borussiya D
Ampluası: yarımmüdafiəçi
Yaşı: 19
Dəyəri: 110 milyon avro
O da dünya səviyyəli ən yaxşı gənc ingilis futbolçuların sıralarına daxildi. “Borussiya”nın yarımmüdafiəçisi Foden və Saka ilə birlikdə yeniyetmə yaşında mübariz oyunu ilə diqqəti cəlb edə bilib. 19 yaşlı Cud hazırda dünya transfer bazarında ən çox tələb olunan oyunçulardan sayılır. Dortmund klubu onun satışından yaxşıca pul qazanmağa hazırlaşır. Bellingem liderlik keyfiyyətini də nümayiş etdirən yüksək səviyyəli texnikası ilə seçilən inkişafameyilli mərkəz yarımmüdafiəçisidi.
Vinisius Junior
Klubu: Real
Ampluası: hücumçu
Yaşı: 22
Dəyəri: 120 milyon avro
Vinisius artıq indidən adını futbol tarixinə yazmağa iddialı oyunçuya bənzəyir. Braziliyalı hücumçunun oyun üslubu driblinq, topa nəzarət etmək vərdişləri və müdafiəçiləri arxada qoymaqla sürətini qəfil artırmaq bacarığı ilə xarakterizə olunur. Bu mövsüm “Real”ın bütün turnirləri nəzərə almaqla ən yaxşı bombardirinin məhz Vinisius olması təsadüf deyil. Transfer dəyəri 120 milyon avro müəyyən edilib.
Erlinq Holann
Klubu: Mançester Siti
Ampluası: hücumçu
Yaşı: 22
Dəyəri: 170 milyon avro
Norveçli 22 yaşında olsa da, artıq özünü böyük ölçüdə dünya futbolunda ən yaxşı mərkəz hücumçusu kimi sübut edib. “Mançester Siti”yə ötən yay Dortmund “Borussiya”sından transfer olunan Holannın “səhmləri” durmadan dəyər qazanır. Bu mövsüm mavi formada müxtəlif turnirlərdə 5 dəfə het-trik, bir dəfə isə poker edən Erlinqin dəyəri 170 milyon avroya layiq bilinir.
Kilian Mbappe
Klubu: PSJ
Ampluası: hücumçu
Yaşı: 24
Dəyəri: 180 milyon avro
Mbappe artıq bir neçə ildi futbolun şahzadəsi kimi qələmə verilir. Bu fikirlə razılaşmamaq olmur. Fransalı hücumçu bombardirlik, yüksək fiziki hazırlıq, dəqiq ötürmə vermək və həlledici məqamlarda sürətli düzgün qərar vermək kimi unikal qabiliyyətlərə malikdi. Avropa və dünya futbolunda, belə desək, müdafiəçilərlə qapıçıları terror hücumlarına məruz qoymaqda davam edir. Artıq 24 yaşında dünya çempionatının qızıl və gümüş medallarını boynundan asıb. Bu planda uğurlarını davam etdirəcəyinə və “Qızıl top”u bir neçə dəfə qazanacağına şübhə yoxdu. Odu ki, hazırda dünya futbolunda ən dəyərli oyunçu sayılır!