“Sabah” yeni mövsüm üçün heyət planlamasını sürətlə həyata keçirir.
Masazır təmsilçisi yay “transfer pəncərəsi”nin ən fəal klubudu desək, heç kim buna etiraz etməz. Görünür, Murad Musayev çempionluğa iddialı komanda yaratmaq istəyir. Bunun üçün də bütün rəqiblərini yaxşı təhlil edib və onların aparıcı oyunçularını heyətə qatmaq niyyətindədi. Legioner limitinin “7+4” olması və əvəzetmə sayının 3-dən 5-ə qaldırılması da rusiyalı mütəxəssisin “çörəyinə yağ sürtdü”. Musayev mətbuat konfranslarında bir neçə dəfə Azərbaycan futbolunda limitin tətbiqinin əleyhinə oluğunu bildirmişdi. Məşqçi 3-cü və 4-cü dövrədə 21 yaş limitinə uyğunlaşmaq üçün qapı xəttində Səlahət Ağayevi Yusif İmanovla əvəzlədi. Ancaq növbəti mövsümdə, təbii ki, buna ehtiyac qalmayacaq. Çünki artıq komandada nə Səlahət var, nə də premyer-liqada gənc oyunçu limiti. Legioner sayının artırılması Musayevə əcnəbi qapıçı oynatmağa belə imkan verir. Ölkə çempionatının son iki turunda iştirak ərizəsində ehtiyat qolkiper kimi Aleksandr Neçayevin adının olması da bəlkə də buna işarə idi. Amma fikrimizcə, hücum futbolu oynadan məşqçinin ən az düşünəcəyi mövqe, təbii ki, qapı xəttidi. Ötən mövsümdə buna çox şahidlik etdik. Həm də Musayev yalnız avrokuboka getmək üçün savaşacaq məşqçi deyil. Onun hədəfi çempionluq uğrunda mübarizə aparan komanda çalışdırmaqdı. Bunu “Sabah”ın indiyədək yenilədiyi müqavilələrdən və heyətinə cəlb etdiyi futbolçulardan görmək mümkündü. Onsuz da geniş heyətə malik “bayquşlar”ın ehtiyat skamyası daha da güclənir. Təbii ki, Masazır təmsilçisində gələnlər olduğu kimi, gedənlər də var. Onların da yoxluğunun komandaya təsiri ola bilər. Lakin böyük ölçüdə fərq yarada biləcək gedişlər hansılardı? Gələnlər “Sabah”ı favorit edə bilər? Müqavilə müddəti artırılan futbolçularla yeni sazişə ehtiyac var idi? Suallar çoxdusa, cavab verməyə çalışacağıq.
Müqavilə müddəti uzadılanlar
Boyan Letiç. Fevralın 18-də azad agent kimi “Sabah”a qoşuldu və cari mövsümün sonuna qədər müqavilə bağlandı. Bunadək onun son klubu İspaniya 2-ci liqasında çıxış edən “Mirandes” idi. Boyanı İqor Ponomaryovun uğurlu layihələrindən biri kimi təqdim edə bilərik. Olimpiya çempionunun bir müddət İspaniyada yaşadığı sirr deyil. Həm də onun Pireney ölkəsi ilə əlaqələri də yüksək səviyyədi. Uzun sözün qısası, bosniyalı futbolçu gəldiyi ilk gündən komandaya uyğunlaşdı. 29 yaşlı oyunçudan əvvəl sol cinahda Slavik Alxasov çıxış edirdi. Lakin azərbaycanlı futbolçu Letiçlə mübarizədə qalib gələ bilmədi. Boyanın hücumların təşkilində effektli olması da komandanın əsas oyunçusuna çevrilməsini şərtləndirən səbəblərdəndi. Həmçinin Letiçin fiziki dayanıqlılığı da yüksək səviyyədədi. Baxımlı oyunu ilə seçilməyi bacarır. Elə buna görə də futbolçu ilə “1+1” illik yeni müqavilə bağlandı. Düşünürük ki, onun qalması “Sabah” üçün uğurlu olacaq.
Aleksey İsayev. Masazır təmsilçisinin pleymeykerinin bacarıqlarından uzun-uzadı danışmağa ehtiyac yoxdu. Mərkəz yarımmüdafiəçi nəinki “Sabah”da, ümumilikdə premyer-liqada ötən mövsümdə ən parlaq oyun sərgiləyən yerli futbolçulardandı. Məhsuldarlıq baxımından kasad keçən 2021/22 “futbol ili”ndə İsayev 6 qol, 9 assistlə yadda qalıb. Görünən odu ki, komandada hər kəs ona çox güvənir. Bu üzdən “Sabah” maestrosu ilə müqavilə müddətini 2025-ci ilin yayına qədər uzatdı. Sözsüz, Aleksey İsayev “bayquşlar”ın əsas simalarındandı və klubun yay “transfer pəncərəsi”ndəki ən uğurlu “imza”sıdı.
Elvin Camalov. Murad Musayev komandanın liderlərindən saydığı futbolçunu da getməyə qoymadı. Onunla 2024-cü ilin iyununa qədər nəzərdə tutulan yeni müqavilə bağlandı. Camalov həqiqətən də bu keyfiyyətə malik oyunçudu. Bunu istər meydandakı oyunu, istərsə də komanda yoldaşlarıyla əlaqəsi ilə göstərir. Elvinin kapitanlığı da göz qabağındadı. Yeni mövsümdə də uğurlu olacağını düşünürük.
Bəxtiyar Həsənalızadə. Ötən mövsüm Murad Musayevin müdafiənin mərkəzində israrla güvəndiyi oyunçu ilə də bitən müqaviləsi 2023-cü ilin yayına kimi yeniləndi. Lakin milli üzvünün rusiyalı mütəxəssisin 4-3-3 taktiki sxemi üçün uğurlu seçim olduğunu düşünmürük. Bəxtiyarın riskli ötürmələri bəzən komandasına ziyan da verir. İddialı rəqiblərlə matçlarda sanki özünü bir müddət itirir, daha sonra toparlanır. Bəxtiyarla müqavilənin 1 illik nəzərdə tutulması da bundan qaynaqlana bilər. “Sabah”ın avrokuboklardan kənarda qalmasında az da olsa, Həsənalızadənin də “payı” var. Çünki son dövrədə, “Neftçi” ilə oyunun 5-ci dəqiqədə öz qapısından keçirdiyi qol qarşılaşmanın taleyini həll etmişdi. Qalan dəqiqələrdə “bayquşlar” üstün olsalar da, daha artığına gücü çatmamışdı. Bütün bunlara baxmayaraq, 29 yaşlı futbolçu üçün bu müqavilə yeni bir şansdı. Nəzərə alaq ki, Musayevin başı hazırda yarımmüdafiə və hücumu gücləndirməyə qarışıb. Ona görə də Həsənalızadə yenə davamlı meydanda ola bilər. Amma nə dərəcədə uğurlu olacağı müəmmalıdı.
Gedənlər
Şpiro Periçiç. İlk növbədə onu qeyd etməliyik ki, xorvatiyalı futbolçunun gedişinin “Sabah”a heç bir mənfi təsiri olmayacaq. 28 yaşlı oyunçu Musayevin gəlişindən sonra müdafiənin mərkəzində yerini Zurab Oçiqavaya verməli oldu. Gürcü futbolçunun uğurlu çıxış etməsi də onu arxa planda qoydu. Qış fasiləsindən sonra, demək olar ki, oynamaq imkanı qazanmadı. Lakin Şpironun, çempionatımızın səviyyəsini də nəzərə alsaq, heç də pis müdafiəçi olmadığını düşünürük. “Səbail”, “Şamaxı” və “Sumqayıt” kimi klublarda yaxşı çıxış edə bilər.
Slavik Alxasov. Murad Musayevin gəlişindən sonra az şans qazandı. Letiç komandaya qoşulandan sonra isə, demək olar ki, arxa plana keçdi. Boyanla müqavilə müddətinin artırılıb, Alxasovla yolların ayrılması hər iki tərəf üçün doğru qərardı. Slavik “Zirə”də daha çox oyun şansı qazanmaqla özünü yaxşı tərəfdən göstərə bilər.
Xulio Sezar Rodriges. Paraqvaylı futbolçu ilə yolların ayrılmasını nə “Sabah”ın xeyrinə, nə də ziyanına yaza bilərik. Musayev 31 yaşlı hücumçuya ilk “11-lik”də şans tanımırdı. Adətən, son 15 dəqiqədə meydana buraxırdı. Bununla belə, Xulio parlaq oyunu ilə seçilirdi. Komanda yoldaşları ilə anlaşması da yüksək səviyyədə idi.
Səlahət Ağayev. “Sabah” kapitanı ilə də yolları ayırdı. Yeni qapıçı alınmasa, komanda bunun peşmanlığını çəkə bilər. Çünki nə Rüstəm Samiqullin, nə də Yusif İmanov liderlik keyfiyyətinə malikdi. Musayev çempionluq uğrunda mübarizə aparmaq istəyirsə, mütləq Səlahətin yerini doldura biləcək qapıçı transfer etməlidi.
Gələnlər
Tellur Mütəllimov. Son olaraq “Sumqayıt”da çıxış edən futbolçu daim heyətdə yer almaq üçün Bəxtiyar Həsənalızadə və Zurab Oçiqava ilə mübarizə aparmalı olacaq. Bu iki futbolçu Musayevin “4-lü” müdafiəsinin əsas fiqurlarıdı. Oçiqavanın əməliyyat olunması hardasa Tellurun xeyirinədi. Çünki gürcü futbolçunun bərpa prosesi uzun çəkərsə, millimizin üzvü əsas heyətdə bir o qədər çox oynamaq imkanı tapacaq. Amma Zurabın qayıdışından sonra işi çətin ola bilər. Oçiqava inamlı oyunu və standart vəziyyətlərdən yararlanmaq bacarığı ilə seçilir. Buna görə də Mütəllimovun əsas rəqibi Bəxtiyar olacaq. Geniş heyət qurmaq baxımından Tellurun keçidini də uğurlu saymaq olar.
Anatoli Nuriyev. Milimizin üzvünün transferinə “Sabah”ın nə dərəcədə ehtiyacı var idi? Bunu Murad Musayev daha yaxşı bilər. Düşünürük ki, yerli oyunçu balansını qorumaq üçün heyətə qatılıb. Nuriyevin “Sabah”a gəlişi Xuan Kamaranın ayrılığının pərdəarxası ola bilər. Nəzərə alsaq ki, ispaniyalı futbolçunun icarə müddəti də başa çatıb, bu tam realdı. Amma Musayevin seçim imkanı olarsa, sözsüz, bu iki futbolçu arasından Kamaranı seçməlidi. Nuriyevə gəlincə, olmasa da olardı.
David Volkov. Gürcü futbolçunun “Zirə”dən ayrılandan sonra xaricə üz tutacağı gözlənilirdi. Amma görünən odu ki, “bayquşlar”ın təklifi onu razı salıb. Ümid edirik ki, yeni “futbol ili”ndə, ötən mövsümkü kimi, 3 ay yaxşı performans sərgiləyib 6 ay psixologiyası çökməz. Həm də “Zirə”dən fərqli “Sabah”da ondan daha yaxşı hücumçular var. Coy-Lens Mikels nümunəsini göstərməyimiz kifayətdi. David Volkov transferi də “olmasa da olardı” silsiləsindəndi.
Getmək ehtimalı olanlar
Xuan Kamara. İspaniyalı futbolçu Masazır təmsilçisində icarə əsasında çıxış edib. Mərkəz yarımmüdafiəçisi “Yagelloniya”ya məxsusdu. Onunla yola davam edilib-edilməyəcəyi bəlli olmasa da, gedəcəyi daha real görünür. Buna baxmayaraq, Xuanla Aleksey İsayevin möhtəşəm anlaşması var və by ikili ötən mövsüm “Sabah”da çox uğurlu performans sərgilədi. Ümid edirik Musayev bunu gözardı etməz. 28 yaşlı futbolçunun qalmasının komandaya uğurlu təsir edəcəyini düşünürük.
SƏNƏM FƏRHADOVA