Bəli, cari “futbol ili”ndə istifadəyə verilən Gəncə şəhər stadionu ən çətin sınaq meydanlarından birinə çevrilib. “Kəpəz” burda keçirdiyi 7 görüşdə yalnız “Şamaxı”ya uduzub (1:4). Hər halda, sevimli komandalarını 90 dəqiqə ərzində yorulmadan qələbəyə səsləyən 15 mindən çox azarkeş qarşısında çıxış etmək asan deyil. Odu ki, böyük ölçüdə yenilənən heyətlə Gəncəyə təşrif buyuran “köhlən atlar”ın da “sinifdə qalması” təbii ola bilər. Lakin hadisələrin axarı “Qarabağ” üçün parlaq gələcək vəd etmir. İndi tərəfdarlar təkcə çempionluq hədəfindən uzaq düşdükləri üçün yox, həm də avrokuboklara vəsiqə qazanmaq ehtimalının azalmaqda olmasından gileylənir. Baş məşqçi Qurban Qurbanov isə mətbuat konfranslarında komandası haqda müsbət fikirlər səsləndirir.
Bəs “Qarabağ”ın əzəmətini bərpa etməsi üçün nə çatmır? Yeni futbolçuların uyğunlaşma prosesi niyə bu qədər uzun çəkdi? Öz aramızdı, bəlkə uğursuz nəticələrin səbəbi tam başqadı?
Bu mövzu ilə bağlı fikirlərini öyrənmək üçün təcrübəli mütəxəssis Aslan Kərimova tribuna verdik:
“Bəli, hazırda öyrəşmədiyimiz şəraitlə üz-üzəyik. “Qarabağ” əvvəlki mövsümlərdə 1-ci dövrədən sonra ən yaxın izləyicisini azı 4-5 xal qabaqlamaqla lider olur, çempionluq uğrunda mübarizədə şəksiz favorit sayılırdı. İndi durum fərqlidi. Səbəblər müxtəlifdi. Əlbəttə, heyətə yeni qoşulan futbolçuların bir-birinə uyğunlaşması ilə bağlı problem var. Ancaq hadislərinin axarının belə olmasının tək səbəbi bu deyil. Ən böyük amil xeyli aparıcı futbolçunun eyni anda komandanı tərk etməsidi. Gedənlərin hər biri “Qarabağ”ın oyun üslubunu bilən və asanlıqla həyata keçirən futbolçular idi. Leandro Andrade, Abdulla Zubir, Kevin Medina, Kamilo Duran, Juninyo kimi oyunçuların gedişi kollektivi böyük ölçüdə zəiflətdi. Ağdam təmsilçisinin ən böyük üstünlüyü cinahlarda forma geyən oyunçular idi. Xüsusən Medina “Qarabağ”ın avrokuboklarda qarşılaşdığı səviyyəli, çox güclü rəqiblərlə matçlarda belə əks-hücumlarda fəal çıxış edir, hücumçulara ciddi çətinlik yarada bilirdi. Bu gün Qurban Qurbanovun sərəncamında həmin səviyyədə olan oyunçular yoxdu. Bu azmış kimi, hazırda Elvin Cəfərquliyev zədəlidi. Belədə rəqiblər “Qarabağ”ın zəif cəhətlərindən faydalana, cinahlardan irəliləyərək qol imkanları yarada bilirlər. Bununla yanaşı, problem təkcə uyğunlaşma prosesi, aparıcı oyunçuların gedişi ilə yox, həm də yeni gələnlərin keyfiyyəti ilə bağlıdı. Yəqin ki, klub qış fasiləsini gözləyir. Çünki hazırda heyətə yenidən əl gəzdirmək məcburiyyətindədilər. Düşünürəm ki, daha 2-3 futbolçu transfer etməklə çatışmazlıqları aradan qaldırmaq mümkün olacaq. “Qarabağ” çempionluq uğrunda mübarizdən çəkilmək istəmir. Görünür ki, Kadi Borges, Mateus Silva, Marko Yankoviç özünü yaxşı tərəfdən göstərməyə can atır və buna böyük ölçüdə nail olur. Heç şübhəsiz, mövsümün sonunadək klub tərəfindən hədəfə çatmaq üçün müvafiq addımlar atılacaq. Liderdən – “Neftçi”dən 7 xal geridə olsalar da, 3-4 mövqe üçün daha keyfiyyətli oyunçu alıb vəziyyəti düzəldə bilərlər. Məncə, Jali Muaddib də yaxşı futbolçudu. Sadəcə, onunla yanaşı, başqa oyunçular da potensiallarını ortaya qoymaq üçün çox çalışmalıdı”.
Xatırladaq ki, “Qarabağ” 13-cü turda “Sumqayıt”ı qəbul edəcək. Noyabrın 29-da “Azərsun Arena”da keçiriləcək qarşılaşma saat 17.00-da başlayacaq.
KƏNAN BAHADIR





