Bu mövsüm “Qarabağ” da 14 qol vurub, Duran da... – bəlkə onu qaytaraq?!

24.11.2026 16:55
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 12-ci turunda “Kəpəz”in qonağı olan “Qarabağ” ardıcıl 5-ci oyunda qələbəyə həsrət qaldı. Ancaq ağdamlıların yeganə uğursuz göstəricisi bu deyil. “Köhlən atlar” həm də ardıcıl 4-cü oyunda rəqib qapısına yol tapa bilmədi.

Ümumiyyətlə, Qurban Qurbanovun komandası əvvəlki mövsümlərlə müqayisədə məhsuldarlığı ilə seçilmir. Maraq üçün xatırladaq ki, “Qarabağ” 2024/25 mövsümündə 36 turda 86, ötən “futbol ili”ndə 33 turda 71 qola imza atıb. Cari göstərici isə 11 matçda cəmi 14 qoldu. Müqayisə üçün 2025/26 mövsümünə əsaslansaq, ötən “futbol ili”ndə hər matç üçün orta məhsuldarlıq 2,2 qol olub. İndi bu rəqəm 1,2-di.

14 qoldan 4-ü Aleksey Kaşukun, 3-ü Renaldo Sefasın, 2-si Jali Muaddibin payına düşür. Marko Yankoviç, Xoni Montiel, Kadi Borges və Musa Qurbanlı hərəyə 1 dəfə fərqlənib. Həmçinin “Şamaxı”nın futbolçusu Rikardo Apolinario “Qarabağ”a qarşı keçirilən ilk tur oyununda avtoqolla yadda qalıb. Qollardan 8-ini, yəni yarısından çoxunu köhnə oyunçular vurub...

“Köhlən atlar”ın bu yay heyətə cəlb etdiyi isveçli hücumçu Zakaria Savo hələ məhsuldar hərəkətə imza atmayıb.

Ağdam təmsilçisinin 2025/26 mövsümündə ən məhsuldar futbolçuları hərəyə 9 qol vuran Kamilo Duran və Leandro Andrade olub. Deyəsən, “Qarabağ” yenə keçmiş futbolçuları qaytarmaq taktikasını işə salmalı, ən əsası, Duranı gətirməlidi. İş ondadı ki, kolumbiyalı cari mövsümdə Çempionlar Liqasının təsnifat mərhələsində 2, Avropa Liqasının liqa mərhələsində 3, Şotlandiya çempionatında 8, kubokunda 1 qol vurub. Kəsəsi, 22 oyunda 14 dəfə adını tabloya yazdırıb. Yəni “köhlən atlar”la eyni sayda! Hələ 8 məhsuldar ötürməni demirik.

Deməli, “Qarabağ” başqa yol tapmağa məcburdu...

KƏNAN BAHADIR