Güclülərin xal alış-verişi, “Kəpəz”in yüksəlişi davam edir... - ŞƏRH

29.10.2026 23:23 72
Ölkə futbolu / Manşet
Yenə bir-birindən gərgin, baxımlı keçən matçlar, yenə hədəfə çatmaq uğrunda amansız mübarizədən qalib ayrılmaq eşqi ilə alışıb-yanan komandaların bəxş etdiyi zövq!

Hadisələrin axarı göstərdi ki, 8-ci turda gerçəkləşən matçlardan sonra hərarətin artdığını yazmaqda haqlıymışıq. Düzdü, “Araz-Naxçıvan” və “Şəfa” hələ bu yarışda uğur əldə etməyin formulunu tapmadığından aşağı sıralarla bağlı vəziyyət dəyişmədi. Lakin yuxarı pillələrdə nələr baş verdi, nələr!

“Araz-Naxçıvan” demişkən, turun açılış matçında bu komandanın “Qəbələ” ilə duelinə şahidlik etdik. Komandaların fasiləyə hərəyə bir qol vurmaqla yollandığı görüş “qırmızı-qaralar”ın qələbəsi ilə başa çatdı. Belədə Yeton Bekiri yeni klubunda ilk dəfə 3 xala sevindi. Yuri Maksimov üçün isə “qara zolaq” bir qədər də uzandı. “Zirə” 5 oyuna çatan qələbə həsrətindən evdə “Sumqayıt”ı yenməklə qurtuldu. Bəli, “kimyaçılar”ın son ana qədər azı bir xal uğrunda tər tökdüyünü gördük. Ancaq “Zirə”ni sonuncu dəfə 2020-ci ilin oktyabrında məğlub edən “gənclik şəhəri”nin təmsilçisi bu dəfə də tilsimi qıra bilmədi.

“Şəfa” – “Kəpəz” matçında sürpriz nəticə qeydə alınmadı: “sarı-göylər” qalib gəldi. Artıq debütant üçün mənzərə daha acınacaqlıdı. Bakılılar son 7 oyunda qələbə qazana bilməyib. Gəncəlilər isə sevimli komandaları ilə öyünə bilər. Axı son 5 turda heç kim “Kəpəz”ə yenə bilməyib.

Böyük həvəslə gözlənilən “Neftçi” – “Turan Tovuz” oyununda qalib müəyyənləşmədi. İqor Ribeyronun 30-cu dəqiqədə meydandan qovulması “ağ-qaralar”ı çox çətin vəziyyətdə qoydu. “Sabah” – “Qarabağ” matçında heç-heçə qeydə alınandan sonra məlum oldu ki, Yuri Vernidubun komandası “bozqurd”a qalib gəlsəydi, turu zirvədə tamamlayacaqdı. Ancaq buna görə üzülməyə dəyməz. Axı “Turan Tovuz” bir qədər bacarıqlı olsa, “Neftçi” uduza da bilərdi. İş ondadı ki, Kurban Berdıyevin komandası belə əla fürsəti boşa verməklə 4-cü sıradakı yerini laxlatdı. Artıq nəinki “Zirə”, hətta “Kəpəz” də tovuzluları ilk “dördlük”dən uzaqlaşdırmaq imkanına malikdi. Əslində “Şamaxı”nı da bu siyahıya əlavə etmək olardı. Sadəcə, “şirlər” Ervins Perkonsun çalışdırdığı “İmişli”yə Yevlaxda uduzdu. Əks halda, bölgə təmsilçisi məhz bu turu 4-cü sırada başa vura bilərdi. Perkonsu isə hələ yalnız təqdir etmək olar. “İmişli” rəhbərliyi baş məşqçi postuna məhz onu gətirsə, təəccüblənməyəcəyik.

Tura Mərdəkanda keçirilən “Sabah” – “Qarabağ” oyunu ilə yekun vuruldu. Yeni evində - “Sabah Arena”da “köhlən atlar”ı qəbul edən “bayquşlar” nə özü qol vurdu, nə də qonaqlara bunun üçün imkan verdi. Nəticədə mərkəzi matç “sülh”lə başa çatdı. Bunun turu zirvədə tamamlayan paytaxt təmsilçisinə sərf etdiyini demək olar. Yalnız “köhlən atlar”ın yerində sayması, daha dəqiqi, 3-cü pillədə qalması onlar üçün xeyrə əlamət deyil. Görünür, Qurban Qurbanovun komandası uzun müddətdi həsrət qaldığı zirvəyə yüksəlmək üçün hələ bir qədər də gözləməli olacaq.

Misli premyer-liqası
1-ci dövrə, 9-cu tur
23 oktyabr
Araz-Naxçıvan – Qəbələ 1:2
Zirə - Sumqayıt 3:2
24 oktyabr
Şəfa – Kəpəz 1:2
Neftçi – Turan Tovuz 1:1
25 oktyabr
İmişli – Şamaxı 2:1
Sabah – Qarabağ 0:0


1. Sabah 8 6 2 0 18-1 20
2. Neftçi 9 5 3 1 22-9 18
3. Qarabağ 8 5 3 0 14-7 18
4. Turan Tovuz 9 4 3 2 8-6 15
5. Zirə 9 4 3 2 12-12 15
6. Kəpəz 8 4 2 2 9-9 14
7. Şamaxı 9 3 4 2 13-11 13
8. İmişli 9 3 1 5 9-14 10
9. Sumqayıt 8 2 2 4 12-13 8
10. Qəbələ 9 2 1 6 5-16 7
11. Şəfa 9 1 0 8 5-17 3
12. Araz-Naxçıvan 9 0 2 7 7-19 2

Bombardir: Breno Almeyda (Neftçi) – 8.

Növbəti turun proqramı belədi: 30 oktyabr – Turan Tovuz – Sabah, 31 oktyabr – Araz-Naxçıvan – Zirə, Qəbələ - Qarabağ, 1 noyabr – Şamaxı – Neftçi, Kəpəz – İmişli, 2 noyabr – Sumqayıt – Şəfa.

KƏNAN BAHADIR