Millətlər Liqasında həlledici püşk atıldı - ƏTRAFLI

26.11.2026 12:57
Dünya futbolu
Noyabrın 20-də Avropa futbolunda əsas diqqətlər İsveçrənin Nyon şəhərində keçirilən mərasimə yönəlmişdi. UEFA-nın mənzil-qərargahında Millətlər Liqasının (ML) seçmə qrup mərhələsindən sonrakı mübarizənin tərəfləri müəyyənləşdi.

"Football-plus.az" xənər verir ki, ML-in 2026/27 mövsümündə 184 oyun nəzərdə tutulub. Bu oyunlardan 156-sı sentyabrın 24-dən noyabrın 17-dək qrup mərhələsində baş tutub. Bu mərhələdə təxminən iki ay davam edən mübarizə nəticəsində turnirin 1/4 finalının bütün iştirakçıları müəyyənləşib. Pley-offda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları oynayacaqlar. Bu komandalar A liqasında qruplarda ilk iki yeri tutanlardı.

Nyonda atılan püşk ML-in həm A liqasında ilk iki yeri tutan 8 komanda arasında keçiriləcək 1/4 final və yarımfinal matçlarında, həm də müxtəlif liqalar arasında nəzərdə tutulan keçid oyunlarında iştirak edəcək cütləri müəyyən edib. 1/4 final, A və B, həmçinin B və C liqaları arasında pley-off oyunları 2027-ci ilin martında, yarımfinal iyunun 9-10-da, ML-in finalı və 3-cü yer uğrunda oyunu isə iyunun 13-də keçiriləcək.

Pley-offun cavab oyunlarının əsas vaxtında qalib müəyyənləşməsə, hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Əlavə vaxtda da iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, qalib penalti seriyası ilə müəyyən ediləcək.

Xatırladaq ki, turnirin son qalibi Portuqaliya yığmasıdı. Bu komanda ötən mövsümün əsas və əlavə vaxtı 2:2 hesabıyla nəticələnən finalında İspaniyanı penalti seriyasında 5:3 hesabı ilə məğlub edib. Püşkə əsasən son çempion 1/4 finalda Niderlandla qarşılaşacaq. Qeyd edək ki, qrupları 1-ci yerdə başa vuran komandalar (Fransa, Almaniya, İngiltərə, Portuqaliya) “səpələnmişlər” səbətinə daxil edilmişdilər. Bu komandalar pley-offun ilk mərhələsinə rəqib meydanında başlayacaqlar. İki oyundan ibarət duellərin qalibləri yarımfinala vəsiqə qazanacaqlar. Bu mərhələnin duelləri bir oyundan ibarət olacaq. ML-in final mərhələsinin hansı ölkədə keçiriləcəyi isə yarımfinaldan sonra müəyyənləşəcək.

Yeri gəlmişkən, ML-in ilk üç mövsümünün qalibləri Portuqaliya (2018/19), Fransa (2020/21) və İspaniya (2022/23) yığmaları olub.

1/4 final
1. İspaniya - Fransa
2. Norveç - İngiltərə
3. Niderland - Portuqaliya
4. Belçika - Almaniya

İlk oyunlar 2027-ci il martın 25-də və 27-də, cavab oyunları martın 28-də və 30-da keçiriləcək.

yarımfinal
3-cü cütün qalibi - 1-ci cütün qalibi
İlk oyun 2027-ci il iyunun 9-da keçiriləcək.
4-cü cütün qalibi - 2-ci cütün qalibi

İkinci oyun 2027-ci il iyunun 10-da keçiriləcək.

A və B liqaları arasında pley-off
Bosniya və Hersoqovina – Danimarka
Macarıstan – Serbiya

İlk oyunlar 2027-ci il martın 25-də, cavab oyunları martın 28-də keçiriləcək.

İrlandiya - Xorvatiya
Sloveniya - Uels

İlk oyunlar 2027-ci il martın 27-də, cavab oyunları martın 30-da keçiriləcək.

B və C liqaları arasında pley-off
Cənubi Kipr – Şimali Makedoniya
Belarus - İsrail

İlk oyunlar 2027-ci il martın 25-də, cavab oyunları martın 28-də keçiriləcək.

Estoniya – Rumıniya
Farer adaları - Gürcüstan

İlk oyunlar 2027-ci il martın 27-də, cavab oyunları martın 30-da keçiriləcək.