"Sabah"ı zirvədən kim salacaq: "Qarabağ", yoxsa "Neftçi"?

31.10.2026 14:13 99
Manşet / Avrokuboklar
Misli premyer-liqasında 10-cu tur sürpriz nəticə ilə start götürdü. Açılış matçında "Turan Tovuz"un qonağı olan lider - "Sabah" uduzdu (2:3).

Məlumdu ki, növbəti matçlar "bayquşlar"ın zirvədən enməsi ilə nəticələnə bilər. Söhbət "Qəbələ" - "Qarabağ", "Şamaxı" - "Neftçi" qarşılaşmalarından gedir. Ona görə ki, həm "köhlən atlar", həm də "ağ-qaralar" 18 xala malikdi və "Sabah"dan cəmi 2 xal geridədilər. Bəs, turun sonunda hansı komandanın zirvədə yer almaq şansı daha yüksəkdi?

Bilindiyi kimi, bu qarşılaşmalarda favorit qonaqlardı. Komandalar bu statusu doğrulda biləcəyi halda top fərqində üstün olduğuna görə ikinci pillədə qərarlaşan "Neftçi" lider olacaq. Turu "Qarabağ" ikinci, "Sabah" üçüncü sırada başa vuracaq. Burda ağdamlılarla bağlı maraqlı məqamı da unutmamalıyıq. Belə ki, qonaqlar Qəbələdə "ağ-qaralar"ı top fərqinə görə qabaqlayacaq qədər qol vursa, liderliyi azı birhəftəliyə təmin edə biləcəklər. O başqa məsələ ki, "Qarabağ"ın istənilən hesablı qələbəsi ən azı birgünlüyə zirvəyə yüksəlmək deməkdi.

"Neftçi"nin sınağının daha çətin keçəcəyini etiraf etməliyik. Çünki Azər Bağırovun rəhbərlik etdiyi “Şamaxı” əvvəlki mövsümlərlə müqayisədə daha iddialıdı. 9 matçın yalnız ikisində uduzan "şirlər" cari mövsümdə evdə xal itirməyib. "Ağ-qaralar" isə son 3 görüşdə qələbə qazana bilməyib. Hər halda, bakılılar həm tilsimi qırmaq, həm də yenidən zirvəyə qayıtmaq üçün bu fürsəti qaçırmaq istəməcəyək.

Kəsəsi, növbəti sürprizlər yaşanmasa, bu gün "Qarabağ" "Sabah"ı, sabah "Neftçi" "Qarabağ"ı zirvədən salacaq.

KƏNAN BAHADIR