“Selta”nı qəbul edən “Real” artıq 6-cı dəqiqədə qapısında qol görməklə işini çətinləşdirdi. Viqolular qoldan sonra da pis təsir bağışlamadı. Ancaq təşəbbüs tədricən “Real”ın əlinə keçdi. 38-ci dəqiqədə Mbappe birmənalı qiymətləndirilməyən penalti qazandı və onu boşa verdi. Fasilədən sonra təzyiqi bir qədər də artıran madridlilər hissənin ortalarında hesabı bərabərləşdirdi. Mbappenin ötürməsindən sonra Bellingem fərqləndi. Qələbənin qoxusunu hiss edən “Real” hücumları davam etdirdi. Mourinyo 79-cu dəqiqədə əsas cokeri Espini də oyuna qoşdu. Məhz o, sona 5 dəqiqə qalmış madridlilərə qələbə gətirən qolu vurdu. “Real” bu qələbənin sayəsində birgünlüyə “Barselona”ya çatdı.
“Kamp Nou”da “Sabah”ın ÇL-dəki rəqibləri üz-üzə gəldi. “Real” “Selta” ilə oyunda ilk yarıdan sonra 0:1 uduzurdusa, “Barsa” “Vilyarreal”la oyunun 2-ci hissəsində 0:2-ni aradan qaldırmalıydı. “Sarılar” artıq 7-ci dəqiqəyə qədər iki qol vurmaqla “Barsa” azarkeşlərini şoka saldı. Əvvəlcə Lopesin səhvindən sonra Byukenen fərqləndi, ardından Oluvaseyi komandasının üstünlüyünü artırdı. Kataloniyalılar tədricən özünə gəldi. 23-cü dəqiqədə Yamal özü qazandığı penaltini dirəyə vurdu. Təbii ki, fasilədən sonra “Barsa”nın təzyiqi bir qədər də artdı. Və 57-ci dəqiqədə növbəti künc zərbəsi Martinin qoluna çevrildi. 4 dəqiqə sonra Lopes qoldakı “günahını yudu”, hesabı bərabərləşdirdi. “Sarılar” tam ruhdan düşdü. Az sonra Erik Qarsiyanın asmasının qarşısını almaq istəyən Navarro “qapıların yerini səhv saldı”. “Barsa”nın üç qolu cəmi 10 dəqiqədə sığdı. Flik yalnız bundan sonra meydana yeni oyunçular buraxdı. Bu oyun hətta darmadağınla bitə bilərdi, sadəcə, qapıçı Qulaçi yaxşı oynadı. Uzatma dəqiqələrində Navarro meydandan qovuldu. Bakıya səfər ərəfəsində superəzmkar qələbə qazanan “Barsa” yenidən vahid liderliyi ələ keçirdi.
Turnir cədvəlinin 3-cü pilləsində isə “Atletiko” qərarlaşıb. “Hindular” səfərdə autsayderlərdən “Xetafe”nin qapısından üç cavabsız top keçirdi. “Atletik” evdə “Espanyol”a, “Rayo Valyekano” isə “Valensiya”ya 0:1 uduzdu. Bu hesab “Osasuna” – “Malaqa” oyununda da qeydə alındı, sadəcə, meydan sahibləri qalib gəldi. “Alaves” “Deportivo”ya, “Rasinq” – “Real Sosyedad”a qalib gəldi. Yalnız “Sevilya” – “Betis” oyunu heç-heçə bitdi.
13-cü tur
Real – Selta 2:1
Bellingem, 66. Espi, 85 – Duran, 6. (74241)
Real: Kurtua, Aleksander-Arnold (Vinisius, 57), Konate, Höysen, Karreras (Kukurelya, 57), B.Silva (Valverde, 57), Kamavinqa (Espi, 79), Gülər, Bellingem, Dyomande (Endrik, 71), Mbappe.
Barselona – Vilyarreal 3:2
Martin, 57. Lopes, 61. Navarro, 67-öz qapısına – Byukenen, 5. Oluvaseyi, 7. (59034)
Barselona: X.Qarsiya, E.Qarsiya (Kunde, 84), De Yonq, Martin, Kanselo, Bernal (Qavi, 90+1), Lopes (Olmo, 68), Pedri, Yamal, Adeyemi (Qordon, 68), Rafinya.
Vilyarreal: Qulaçi, Romero (Kardona, 65), Veyqa, Navarro, Frimen, Geye, Komesanya (Pepe, 76), Oluvaseyi, Byukenen (Peres, 76), Moleyro (Masia, 65), Mikautadze (Mourinyo, 86).
Xetafe – Atletiko 0:3
Baena, 10. Kardoso, 30. Qrimaldo, 90+2-p. (8875)
Atletiko: Oblak, Qrimaldo, Hantsko, Le Norman, Lyorente, Barrios, Koke, Baena (Mendosa, 67), Kardoso (Li Kan İn, 46), Simeone, Alvares (Sörlot, 75).
Atletik – Espanyol 0:1
Fernandes, 66. (46107)
Alaves – Deportivo 3:1
Peres, 2. Boye, 62. Suares, 90 – Tenalya, 41-öz qapısına. (17277)
Rayo Valyekano – Valensiya 0:1
Kopete, 41. (12321)
Sevilya – Betis 1:1
Salas, 90+1 – Antoni, 50. (42983)
Rasinq – Real Sosyedad 3:2
Zabiri, 6; 8. Kanales, 68-p. – Oyarsabal, 45+1. Qedeş, 60. (22201)
Osasuna – Malaqa 1:0
Budimir, 20. (19813)
Levante – Elçe 1:1
Rekena, 88 – Revivo, 62. (18260)
1. Barselona 13 12 0 1 51-15 36
2. Real 13 11 0 2 33-11 33
3. Atletiko 13 10 1 2 26-10 31
4. Betis 13 8 3 2 21-16 27
5. Real Sosyedad 13 7 1 5 23-23 22
6. Sevilya 13 5 4 4 18-20 19
7. Rasinq 13 5 2 6 20-32 17
8. Atletik 12 4 4 4 15-12 16
9. Alaves 13 4 4 5 18-18 16
10. Vilyarreal 13 4 3 6 19-18 15
11. Espanyol 13 4 3 6 14-14 15
12. Deportivo 13 3 6 4 16-17 15
13. Osasuna 13 4 3 6 13-23 15
14. Selta 13 2 7 4 11-12 13
15. Levante 13 2 6 5 17-22 12
16. Rayo Valyekano 12 3 3 6 15-22 12
17. Valensiya 13 3 3 7 9-20 12
18. Xetafe 13 3 3 7 8-21 12
19. Elçe 13 2 5 6 15-21 11
20. Malaqa 13 0 5 8 9-24 5
Bombardirlər: Rafinya (Barselona) – 15, Mbappe (Real) – 13, Zabiri (Rasinq) - 11.
Növbəti turun oyunları noyabrın 28-i – dekabrın 1-i aralığında keçiriləcək: Levante – Rasinq, Betis – Rayo Valyekano, Malaqa – Atletik, Elçe – Atletiko, Real – Alaves, Valensiya – Osasuna, Deportivo – Barselona, Selta – Vilyarreal, Real Sosyedad – Sevilya, Espanyol – Xetafe.
Oyundan sonra
Joze Mourinyo, “Real”ın baş məşqçisi:
“Biz asan qələbə qazanmaq istəyirik ki, hissələr arasındakı fasilədə deyək-gülək, hesabda artıq 3:0 və ya 4:0 öndə olaq. Bu heç də həmişə mümkün olmur, odu ki, döyüş ruhu göstərmək lazımdı. Ardıcıl 9 qələbə qazanmışıq, çərşənbə axşamı onuncunu da qazanacağıq”.
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“İlk 10 dəqiqəyə baxsaq, çox pis başladığımızı demək olar. “Barsa”nın həmin qollara reaksiyası möhtəşəm idi. İkinci hissədə dəqiq oyun strukturumuz var idi, belə oyunda rəqibin yorulması təbiidi. 10 dəqiqə ərzində üç qol vurmağımız qeyri-adi haldı. Qələbəni haqq etdiyimizi düşünürəm”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Xanımım Karla ruhlanma mənbəyimdi, onun sayəsində 345 qələbə həddinə çatmışam. Məni dəstəkləyənlər, həmçinin oğullarım və qızlarım sağ olsun, hərçənd onlara az vaxt ayırıram. Bu nəticə çoxlu oyunçunun, eləcə də klubun xidmətinin məhsuludu. Həmçinin məşqçi korpusumun üzvlərinin, menecerlərin də”.
Turun rəqəmi
345 – La Liqada qələbə sayını bu həddə çatdıran Simeone məşqçilər arasında rekordçu oldu. Onun hesabında 123 heç-heçə və 99 məğlubiyyət də var. 2011-ci ildən “Atletiko”nu çalışdıran argentinalı mütəxəssis bu göstəricidə Luis Araqonesi arxada qoydu (756 oyunda 344 qələbə).
Turun ulduzu
Lamin Yamal (Barselona) – boşa verdiyi penaltiyə görə çox qəzəbli idi, səhvini düzəltmək istəyirdi. Ancaq 2-ci hissədə soyuq başla oynadı. Özü fərqlənməsə də, “Barsa”nın iki qolunu təşkil etdi. Əvvəlcə Fermin Lopesə assistentlik etdi, ardından dabanla Erik Qarsiyaya incə ötürmə verdi, onun asması avtoqolla nəticələndi.
Turun sitatı
Santi Komesanya, “Vilyarreal”ın yarımmüdafiəçisi:
“Bernabeu”da və burda başımıza eyni işlər gəlir. Bu komandalar hakimə güclü təzyiq edir. İlk yarıda “Barsa”nın 7 oyunçusu hakimin qərarlarına etiraz etdi”.
Faktlar
* Mbappe cari mövsümdə yerinə yetirdiyi 5 penaltidən 3-nü qola çevirib, 2-ni boşa verib. O, “Selta”ya qədər “Betis”lə oyunda da penaltini qola çevirə bilməmişdi.
* “Real”a keçəndən sonra 4 qol vuran Espi bütün bunları sonradan oyuna qoşulmaqla reallaşdırıb. Meydana əvəzetmədən çıxmaqla 4 qol vurmaq “böyük beşlik”də ən yaxşı nəticədi.
* “Real” Mourinyo dönəmində evdə ardıcıl 17 çempionat matçında qələbə qazanıb. Bunların 6-sı cari mövsümün, 11-i isə 2012/13 mövsümünün payına düşür. 17 qələbədən ibarət seriya 21-ci əsrdə bu komandanı çalışdıranlar üçün ən yaxşı nəticədi. Luis Molovni də 1985/86 mövsümündə eyni nəticəyə nail olub. Yalnız Migel Munyosun 22 və 18 oyunluq seriyaları var.
* “Real” son 4 mövsümdə ilk dəfə ardıcıl 9 oyunda qələbə qazanıb. Bunların 6-sı La Liqada, 3-ü ÇL-də qeydə alınıb.





