"Səbail" hələ Qubaya layiq deyil! - KÖŞƏ

5.11.2026 19:00 27
Manşet / Yazarlar
Son aylarda "Səbail"lə bağlı yaşanan hadisələrin, qurulan planların detalları haqda xeyli məlumat yayılıb. Yaydan bəri klubun adının "Quba" olaraq dəyişdiriləcəyi bəllidi. Komanda Qubaya köçəcək, burda yeni futbol akademiyası, idman kompleksi qurulacaq, daha bir bölgə məhz bu kollektiv sayəsində premyer-liqada təmsil olunacaq və s. və i.a. Göründüyü kimi, hər şey qulağa xoş gəlir, ürəkdə Qubada futbolun inkişafı ilə bağlı böyük addım atılacağının sevinci yaranır, ümidlər bəslənilir. Amma və lakin...

"Səbail" sonuncu dəfə bu məsələ ilə bağlı sentyabrın 2-də məlumat yayıb. Klub bəyanat vasitəsilə planlarını ictimaiyyətə bir daha elan edib. Artıq dünən həmin vədin üstündən daha iki ay ötdü.

Yeni xəbər ümidi ilə qarşı tərəfə müraciət etdikdə daim eyni cavabı eşidirik: "Hüquqi prosedurlar davam edir". Məlum olduğu kimi, bu müddətdə "Cəbrayıl"ı satın alan iş adamları adını "Gəncəbasar" qoydu, qısa müddətdə möhkəm komanda formalaşdırdı, ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcəklərini açıqladı. Bu komanda indi "Səbail"in də iştirak etdiyi 1-ci liqada liderdi. Yeni rəhbərlikdə vaxtilə "Kəpəz"in İdarə Heyətinin sədri olmuş İlqar Nadiri və klubun keçmiş icraçı direktoru Cabir İbrahimov da yer alıb. Bəs, "Səbail" araya-ərsəyə nə gətirib? 6 oyunda 11 xal toplayan komanda 4-cü sıradadı və liderdən 4 xal geridədi. Üstəlik, çempionluq uğrunda mübarizə aparan rəqiblərindən birinə - "Şahdağ Qusar"a uduzublar. Bu görüşdə yaşanan biabırçılıqlar haqda bir qədər sonra bəhs edəcəyik. Ancaq heyətində Bahadur Həziyev, Mehdi Cənnətov, Eltun Turabov, Sərtan Taşkın, Ezekyel Morqan, Slavik Alxasov və başqa çox təcrübəli futbolçunun olduğu komandanın çempionluq yarışında geri düşməsi anlaşılan hal deyil.

Nəzərdə tutduğumuz biabırçılıqlara gəlincə, Qusar təsmilçisi ilə matçdan sonra "Səbail"in prezidenti Mirzə Bayrampur və futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir edib, onlara hədə-qorxu gəlib. Komandanın azarkeşləri də kütləvi şəkildə ədalət təmsilçilərinin ünvanına təhqir səsləndiriblər, meydançaya kənar əşyalar atıblar. Düzdü, klub belə kobud qayda pozuntularının bədəlini ödəyib. Bayrampur və Seyidov AFFA İntizam Komitəsi tərəfindən hərəyə 4 oyun cəzalanıblar, klub sadalanan səhvlər üzündən 8100 manat cərimələnib. Lakin "Səbail"in bu cür cəzalardan çəkinmədiyi çox keçmədən ortaya çıxdı. Belə ki, ölkə kubokunun 2-ci təsnifat mərhələsində Masazırda "Zirə" ilə qarşılaşan komandanın üzvü Samuel Nonqoh 80-ci dəqiqədə ikinci sarı vərəqə alsa da, meydanı tərk etmədi. Dərhal baş hakim Səbuhi Bayramovu dövrəyə alan futbolçular ədalət təmsilçisinin başına sözün əsl mənasında oyun açdı. Nəticədə bir az da təcrübəsizliyin qurbanı olan "fit sahibi" Nonqohu meydandan qovmadı. Yəni "Səbail" belə biabırçılığın üzə çıxacağını bilmirdi? Stadionda izləyicilərin, media nümayəndələrinin varlığı, matçın canlı yayınlanması, PFL-in saytında rəsmi protokolun dərc olunacağı sirr deyildi. Lakin kollektiv ifşa olunmaq riskini gözə aldı və ölkə futbolunda bəlkə də ilk dəfə yaşanan biabırçılığa qol çəkdi. O başqa məsələ ki, bunda Səbuhi Bayramovun günahı daha böyükdü və heç şübhəsiz, ən ağır cəzanı o haqq edir.

Bəs, "Səbail" Qubaya nə vaxt köçəcək? "Şahdağ Qusar"la oyunu Şimal derbisi kimi təqdim edən komanda bu rəqibi "Quba" adı altında qəbul edə biləcəkmi? Klubun peşəkar idarə olunması, idarəçilərinin, futbolçularının hadisələrin axarını düzgün qiymətləndirməsi nə vaxt mümkün olacaq? "Səbail"lə bağlı suallar çoxdu. Biz isə hələ gözləmə mövqeyindəyik. Ümid edirik ki, klubun indiyəqədərki əməlləri yalnız təcrübəsizliyin nəticəsidi və qısa müddətdə peşəkarlaşmaq yönündə ciddi tərəqqi edə biləcəklər. Əks halda, əminliklə deməliyik ki, Quba belə təmsil olunmağı haqq etmir!

KƏNAN BAHADIR