“Səbail” Qubaya köçdü, “Dənizçilər” fəaliyyətini dayandırdı

5.09.2026 21:47 21
Ölkə futbolu
Yayda yeni rəhbərliyə qovuşan “Səbail” tezliklə Qubaya köçəcək və oranı təmsil edəcək. Bu köç uzun illərdi Bayıl təmsilçisini dəstəkləyən “Dənizçilər” fanklubunun taleyini də sual altına salır.

“Səbail” Qubada məskunlaşandan sonra “Dənizçilər”in fəaliyyəti necə olacaq? Fanklub komandanı dəstəkləmək üçün hər oyun Qubaya yollanacaqmı? Yoxsa 9 ildən artıqdı fəaliyyət göstərən azarkeş qrupu fəaliyyətini tam dayandıracaq? Bəlkə fanklub da adını dəyişsin?

“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün “Dənizçilər” fanklubunun rəhbəri Atif Rüstəmli ilə əlaqə saxlayıb:

“Səbail” artıq Bayılı təmsil etmir, yəni adı dəyişdirilib, “Quba” olur. Bu səbəbdən fanklubun ora getməsi mənasızdı. Qrupumuz artıq kluba dəstək olmağı dayandırıb. Hələlik, sadəcə, milli komandaya dəstək olacağıq. Bayılda nə zaman futbol klubu yaranarsa, yenidən fəaliyyətimizi bərpa edəcəyik”.

İSRAYIL XEYRULLAYEV