''Fənərbaxça'' üçün mövsüm yavaş-yavaş kabusa çevrilir.
10 tura cəmi 16 xal toplayan və liderdən 9 xal geri düşən İstanbul nəhəngi son 5 mövsümün ən zəif startını reallaşdırıb. Rəhbərlik İsmayıl Kartalın istefasından sonra komandanı müvəqqəti olaraq köməkçi məşqçi Dirk Kuyta tapşırmışdı. Yığma fasiləsinə qədər olan matçlarda ''Fənər''in məhz Kuytun başçılığı altında meydana çıxacağı güman edilirdi. Amma ''sarı-lacivərdlilər''in evdə ''Göztəpə'' önündə yaşadığı şok məğlubiyyətdən sonra Kuytun bu səviyyənin məşqçisi olmadığı aydınlaşdı. Onun əvəzetmələrdə həm gec qalması, həm də ciddi səhvlərə yol verməsi diqqətdən qaçmadı.
Türkiyə mənbələrinin yazdığına inansaq, bazar günü idarə heyətinin təcili toplantısı keçirilib. Bir neçə saat davam edən toplantıda hər şey - hətta rəhbərliyin tam tərkibdə istefası da müzakirə olunub.
Bu arada yerli mənbələrin yazdığına inansaq, ''Fənər'' rəsmiləri namizədlərdən biri olan Antonio Kontenin meneceri ilə əlaqə saxlayaraq şərtlərlə maraqlanıblar. Tanınmış italiyalı mütəxəssisin ''Fənər''dən mövsümün qalan hissəsi, yəni 7 ay üçün 6 milyon avro maaş tələb etdiyi məlum olub.
Daha öncə İtaliya yığması, eləcə də ''Yuventus'', ''İnter'', ''Çelsi'', ''Tottenhem'', ''Napoli'' kimi klubları çalışdıran 57 yaşlı mütəxəssis iyunun əvvəllərindən bu yana işsizdi. ''Mançester Yunayted''in də Konteyə ciddi maraq göstərdiyi məlumdu.
Konte ''Fənər''dən 7 ay üçün nə qədər maaş istədi?
Dünya futbolu





