''Xetafe'' qalib gəldi, türkiyəli forvard susqunluğa son qoydu

1.11.2026 21:28 36
Dünya futbolu
La Liqanın 11-ci turunda ''Xetafe'' ''Sevilya''nı qəbul etdi. Madrid təmsilçisinin 3:1 qalib gəldiyi qarşılaşmaya Enes Ünal damğa vurdu.

''Sevilya'' fasiləyə minimal üstünlüklə yollansa da, ikinci hissədə türkiyəli forvard səhnəyə çıxdı. Enes əvvəlcə 68-ci dəqiqədə hesabı bərabərləşdirdisə, 5 dəqiqə sonra aktivinə məhsuldar ötürmə də yazdı. Bununla da 29 yaşlı hücumçu 8 turluq susqunluğa son qoydu.

Təcrübəli futbolçu buna qədər cari mövsümdə La Liqada yeganə qolunu 2-ci turda ''Rasinq''ə vurmuşdu. Ümumilikdə Enes bu mövsüm forma geydiyi 13 rəsmi oyunda aktivinə 4 qol, 1 məhsuldar ötürmə yazıb.

Daha öncə 2020-24-cü illərdə də ''Xetafe''nin şərəfini qorumuş Enes ümumilikdə Madrid təmsilçisində 122-ci oyunda 40-cı qolunu vurdu. O, klub tarixinin ən məhsuldar oyunçuları siyahısında Manu del Moralı (39) geridə qoyaraq 5-ci pilləyə yüksəldi. Bu siyahıya 52 qolla Xorxe Molina başçılıq edir.