Yıldırım Kartalı istefadan vaz keçirdi - "Fənər"də baş məşqçi həngaməsi başa çatdı

12.09.2026 12:25 0
Dünya futbolu
''Fənərbaxça''da son 24 saatda baş məşqçi mövzusunda əsil ''sabun operası'' yaşandı. Baş məşqçi İsmayıl Kartal belə desək, iki dəfə ayrıldı və iki dəfə geri döndü.

Hər şey ''Roma'' ilə qarşılaşmada tribunadan Kartalın üzərinə su şüşəsi atılması ilə başladı. Zatən duyğusallığı ilə tanınan və bu hərəkətdən çox üzülən təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında sürpriz şəkildə istefa verdiyini açıqladı. Çox keçmədən başqan Əziz Yıldırım jurnalistlərin önünə çıxaraq istefanın qəbul olunmadığını, məşqçinin işinə davam edəcəyini dedi və ''mən burda olduğum müddətdə Kartal baş məşqçi olacaq'' ifadəsini səsləndirdi. Ancaq dünən fərqli olaylar yaşandı.

Kartal səhər saatlarında bazaya gəlmədi. Komanda saat 12.00-da başlayan məşqi Kartalın köməkçisi Dirkt Kuytun başçılığı altında keçdi. Məşqçi telefonları söndürərək qeybə çəkilincə idman direktoru Oğuz Çətin onunla üzbəüz görüşüb söhbət etdi. Beykoz Anadolu Kavağında baş tutan iki saatlıq görüş Kartalı fikrindən daşındırmaq üçün yetərli olmadı və o, istefadan dönmədi. Hadisələrin bu cür axarından sonra biz də Türkiyə mətbuatına istinadən ''Fənərbaxça''da 4-cü İsmayıl Kartal dönəminin başa çatdığını yazdıq. Hətta ilkin namizədlər də var idi. Amma sonda Əziz Yıldırımın özünün məsələyə qarışması ilə vəziyyət dəyişdi.

İdarə heyətinin toplantısından İsmayıl Kartal ilə yola davam edilməsi qərarı çıxdı. Bunun ardından Yıldırım məşqçi ilə telefonda danışaraq sona qədər onun arxasında duracağını dedi. Yerli vaxtla saat 20.30 radələrində ''Fənərbaxça'' rəsmi bəyanatla İsmayıl Kartalın işinə davam edəcəyini açıqladı!

Bu gün saat 11.30-da başlayan məşq Kartalın başçılığı altında keçirildi. Türkiyə çempionatında ilk 4 tura cəmi 6 xal toplayan ''Fənər'' 5-ci turda ''Qaziantep''in qonağı olacaq.