Türkiyənin sürprizə gücü çatmadı

26.09.2026 14:44 108
Dünya futbolu
Dünya çempionatını uğursuz keçirən Türkiyə Millətlər Liqasına da məğlubiyyətlə start verdi.

Qardaş ölkənin komandası tarixində ilk dəfə iştirak etdiyi A liqasında evdə Fransa ilə qarşılaşdı. Kocaelidə keçirilən görüşdə Vinçentso Montellanın komandası ümumilikdə pis təsir bağışlamadı və hətta heyəti ulduzlarla dolu olan bir rəqiblə oyunda gözləniləndən də üstün performans sərgilədi. Amma bukmekerlər tərəfindən bu matçda aşkar autsayder olan Türkiyənin sürprizə gücü çatmadı.

Kilian Mbappenin 54-cü dəqiqədə vurduğu qol oyunda yeganə oldu. Ulduz futbolçu qol zamanı əzələsini dartdığı üçün əvəzləndi. Amma qalan müddətdə Türkiyə məğlubiyyətdən qurtula bilmədi. 86-cı dəqiqədə qapıçı Uğurcan Çakırın qırmızı vərəqə alması ilə Türkiyə oyunu azlıqda tamamlamalı oldu. Fransanın başında debüt oyununda qələbə qazanan Zinəddin Zidan oyundan sonra Mbappenin durumunun ciddi olduğunu və onun ''Real''ın düşərgəsinə qayıdacağını dedi.

Son 4 rəsmi oyunda 3-cü dəfə uduzan ''ay-ulduzlular''ın Millətlər Liqası çərçivəsində evdə 2020-dən bu yana davam edən 9 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı.

Türkiyə növbəti oyununu sentyabrın 28-də İzmirdə İtaliyaya qarşı keçirəcək.

Qeyd edək ki, evdə Belçikaya uduzmaqla İtaliya da ML-ə məğlubiyyətlə start verib.