Ən istedadlı futbolçular və onların valideynləri ilə hələ məktəb yaşlarında olakən əlaqə saxlamağa başlayırlar. Amma bu o anlama gəlməsin ki, Mərakeş yalnız “milliləşdirilənlərə” bel bağlayır – bu Şimali Afrika ölkəsində hələ də böyük istedadlar doğulur. Onları bütün qitədə məşhur olan, 2009-cu ildə Mərakeş kralı VI Məhəmmədin təşəbbüsü ilə yaradılan futbol akademiyasında inkişaf etdirirlər. Akademiyanın əvvəllər də müsbət imici var idi, DÇ-2022-dən sonra isə faktiki keyfiyyət nişanına çevrildi. Mərakeş yığmasının tarixi nəticəyə nail olan, 4-cü yeri tutan heyətində akademiyanın dörd yetirməsi var idi – “Atlas şirləri”nin müdafiəsinin dirəyi olan Agerd, orta sahənin həlledici oyunçularından biri Unahi, forvard Ən-Nəsiri və ehtiyat qapıçı Taqnauti.
İndi isə akademiyanın daha gənc yetirmələri adından söz etdirməkdədi. Xavbel Tarqallin “Feyenoord”da önəmli fiqura çevrilib, 21 yaşlı forvard Yassir Zabiri La Liqanın cari mövsümündə parlayır. Turnirin startı ərəfəsində uzun fasilədən sonra elitaya qayıdan “Rasinq”in oyunçusu 10 top vurmaq istədiyini etiraf etmişdi. O artıq 5-ci turdan sonra planın yarısını yerinə yetirdi. 3-cü turda “Elçe” ilə oyunda het-trik, 5-ci turda “Alaves” ilə oyunda dubl etdi.
11 turdan sonra Zabirinin hesabında 8 qol var ki, birini də “Kamp Nou”da vurub. Düzdü, kataloniyalılar həmin oyunda “Rasinq”i yerlə yeksan etdilər (7:2), ancaq buna görə mərakeşlini qınamağa dəyməz. O, 59-cu dəqiqədə meydana çıxdı və öz işini gördü. Özü də formasını geyməyi arzuladığı komanda ilə oyunda:
“Hədəfim “Barsa”da oynamqdı. Uşaq olanda bu komandanı çox bəyənirdim. Ailəm də dəstəkləyirdi. Messi əfsanədi. Mən isə əsasən Suaresə, həmçinin özümə çox bənzəyən Qrizmanna baxırdım”.
“Bu gözlərin önündə baş verən yuxu kimidi. Lap uşaqlıqdan futbol mənim üçün hər şey idi. Bütün uşaqlar kimi mən də oxuyurdum, ancaq qəlbim həmişə topa məxsus idi” – bu sözləri isə Zabiri bir il əvvəl, adımı Afrika futbolunun tarixinə yazdırandan sonra deyib. Təbii ki, U-20 kateqoriyasında dünya çempionluğunu qazanan komanda yoldaşları ilə birgə. Ancaq həmin komandada da onun xüsusi yeri var idi.
İspaniya ilə keçirilən ilk oyunda (2:0) hesabı məhz Zabiri açdı. Ardından Braziliya üzərində qələbəni (2:1) və pley-offa vaxtından əvvəl vəsiqəni təmin etdi. 1/8 finalın Koreya ilə oyununda (2:1) onun zərbəsi qələbə gətirdi. Bundan sonra Zabiri qısa müddətə susdu. Sanki Argentina ilə final oyunu üçün güc və emosiya toplayırdı. Messinin həmvətənlərinə qarşı həlledici oyunun taleyini Zabirinin dublu həll etdi – 2:0.
Yassir oyundan sonra emosiyalarını belə bölüşdü: “Cərimə zərbəsindən qol vuranda gözlərimə inana bilmədim. İkinci qol isə... Heç necə bayram etdiyimi də xatırlamıram”. Yassir belə düşünür ki, bu çətin turnirdə duaların və valideynlərinin xeyir-duası ilə irəliləyib, Allah da komandanın yanında olub.
Gənclər arasında dünya çempionatının qalibi, 5 qol vurmaqla “Gümüş top” qazanan futbolçu onu yetişdirən akademiyanı da unutmadı. Dedi ki, akademiya onun həyatını dəyişib, əsl ailə mühitində olub. Aralarında 9 yaş fərqinin olmasına baxmayaraq, DÇ-2022-nin qəhrəmanlarından biri Agerd daim Zabirini dəstəkləyib:
“Dünya çempionatı vaxtı hər gün mənə yazırdı. Onun məsləhətlərinin və dəstəyinin qiyməti yoxdu. Agerd mənim üçün əsl ilham mənbəyidi”.
Avropanın fəthinə 2024-də başlayıb
Mərakeşli futbolçu Avropa səyahətinə 2024-ün yayında – Portuqaliyanın “Famalikan” klubunda başlayıb, ancaq orda uzun müddət qalmayıb. İlk mövsüm uyğunlaşma prosesinə həsr olunub. Əsasən gənclər komandasında oynamaqla əsas komandanın oyunlarında sonradan meydana çıxıb, biri çempionatda, ikisi kubokda olmaqla üç qol vurub. Bir il sonra Zabirinin statusu dəyişsə də, çempionatda yalnız 12 oyun keçirə, 4 qol vura bilib.
2026-nın yanvarında “Renn” gənclər arasında dünya çempionatının ulduzuna görə “Famalikan”ın qapısını döydü. 10 milyon avrodan keçən Fransa klubu bonus kimi portuqaliyalılar üçün daha iki milyon nəzərdə tutmuşdu. Ancaq söhbət bonusa qədər uzanmadı. Yassir “Renn”də cəmi 6 oyuna çıxdı, 42 dəqiqə meydanda oldu. Fransa çempionatında təkbətək mübarizələrin hədsiz çoxluğundan gileylənən mərakeşli sonradan belə deyəcəkdi:
“Bu mənim üslubum deyil. Mənim üslubum İspaniya və ya Portuqaliyadı”.
“Rasinq”ə icarəyə verilmək Zabiri üçün göydəndüşmə oldu, Santanderdə də buna görə dua edirlər. La Liqanın 10-cu turunda – “Espanyol”un qapısından qələbə qolunu (2:1) keçirəndən sonra komandanın baş məşqçisi Xose Alberto Lopes də forvardın ünvanına tərif yağdırmaqdan çəkinmədi:
“Diqqəti ona yetirirəm ki, Yassir komanda oyunçusudu, daim rəqibə təzyiq edir, kollektivin uğuru naminə çalışır. Bundan başqa, müstəsna istedada malikdi, istənilən məqamda oyunun axarını dəyişə bilər. Yassir tərəqqi edən oyunçudu, onu çalışdırmaq mənə məmnunluq bəxş edir”.
Söz düşmüşkən, Zabirinin baş məşqçilərlə münasibətləri həmişə yaxşı olub. Gənclərin dünya çempionatındakı zəfərdən sonra o, Mohamed Uahbi haqda “isti” sözlər demişdi, baş məşqçinin kollektivdə paxıllıq hissinə imkan vermədiyini, futbolçuların fikrini nəzərə aldığını, komandaya çox yaxın olduğunu vurğulamışdı. Həm də demişdi ki, bu məşqçini aparıcı klublarda və ya yığmalarda görəcəyinə ümid edir. Sonra Uahbi Yassiri DÇ-2026 ərəfəsində keçirilən yoldaşlıq oyunları üçün milli komandaya çağırmaqla onun arzularından birini gerçəkləşdirdi. Bu avans idi, gənc futbolçu dünya çempionatına aparılmadı. Ancaq bu payız Afrika Kubokunun seçmə mərhələsinə qatılan Mərakeş yığmasının start heyətində yer aldı. İkinci hədəfinə doğru isə İspaniyada keçirdiyi hər oyundan sonra bir addım da yaxınlaşır.
“Transfermarkt” artıq Zabirinin tərəqqisinin fərqinə varıb, onun dəyərini 9 milyon avrodan 20 milyona qaldırıb. Mərakeşli bu tempə sadiq qalsa, çətin ki, “Renn”ə qayıda. Əlbəttə, “Barselona”nın günü sabah onun uşaq fantaziyalarını gerçəkləşdirəcəyinə inanmaq çətindi, ancaq indiki forması daha böyük kluba keçəcəyini göstərir.





