Türkiyə yığması dünən yoldaşlıq oyunu çərçivəsində səfərdə Macarıstan ilə qarşılaşdı.
Qələbə təqdirində həm Türkiyə macarlara qarşı uğursuz seriyaya son qoya, həm də Vinçentso Montella adını ''ay-ulduzlular''ın tarixinə yazdıra bilərdi. Amma Budapeşt səfəri qardaş ölkənin komandası üçün uğursuz alındı. Ümumilikdə pis təsir bağışlamayan, amma qol fürsətlərini dəyərləndirə bilməyən Türkiyə fasilədən sonra buraxdığı 2 qolla 0:2 hesabı ilə məğlub oldu. Bununla da Türkiyənin Macarıstana qarşı qələbəsiz seriyası 5 oyuna yüksəldi. Türklər bu rəqibi sonuncu dəfə AÇ-2008-in seçmə mərhələsində, yəni 2007-nin sentyabrında evdə 3:0 hesabı ilə məğlub ediblər. Ən əsası Montella tarixə keçmək fürsətini əldən qaçırdı. Onun rəhbərliyi altında komanda ilk 4 oyundan 3 qələbə, 1 heç-heçə ilə ayrılmışdı. Budapeştdə də uduzmayacağı təqdirdə Montella Türkiyə yığmasının başında ilk 5 oyunda uduzmayan birinci məşqçi kimi adını tarixə yazdıracaqdı... Onu da bildirək ki, yaxşı formada olan Macarıstanın məğlubiyyətsiz seriyası 13 oyuna yüksəldi. Macarlar son məğlubiyyəti 2022-nin sentyabrında Millətlər Liqasında İtaliyaya qarşı oyunda yaşayıb (0:2). Türkiyə hələ ki, hazırlıqlarını elə Budapeştdə davam etdirəcək və martın 25-də Vyanaya yola düşəcək. Martın 26-da türkləri səfərdə Avstriyaya qarşı daha bir yoxlama oyunu gözləyir.
ƏLİ