Türkiyə yığması Sərgən Yalçının başçılığı altında debüt matçını noyabrın 12-də Millətlər Liqasında İzmirdəki ''Gürsel Aksel'' stadionunda Belçikaya qarşı keçirəcək.
Bu arada hər iki komanda da zədə problemi ilə üzləşib. Türkiyənin heyətində zədələnən futbolçu Aral Şimşirdi. ''Trabzonspor''un vingeri yığmanın düşərgəsinə yüngül zədə ilə gəlmiş və ilk günlərdə onun üçün hazırlanmış xüsusi proqram əsasında məşq etmişdi. Amma Aralı qarşıdakı iki matç üçün oynayacaq duruma gətirmək mümkün olmayıb. Yığmanın tibbi personalının qərarı ilə onun adı heyətdən çıxarılıb. Amma bunu ciddi itki adlandırmaq olmaz. Şimşir indiyə qədər ''ay-ulduzlular''da cəmi 4 oyuna çıxaraq 1 qol vurub.
Belçika yığmasının isə itkisi daha ciddidi. Çünki söhbət Romelu Lukakudan gedir. Türkiyəli futbolsevərlərə gözəl tanış olan və karyerasını ''Fənərbaxça''da davam etdirən tanınmış forvardın ayağında ağrılar var. Amma o, yığma komandanın heyətindən çıxarılmayıb. Belçika yığmasının sosial şəbəkə hesabindakı paylaşımında Lukakunun Türkiyəyə aparılmayacağı qeyd olunub. 33 yaşlı futbolçu vətənində qalaraq müalicəsini davam etdirəcək.
Cümə günü onun durumuna yenidən baxılacaq. Tibbi personal icazə versə, Lukaku bazar günü İtaliyaya qarşı ev matçında iştirak ərizəsinə salınacaq.
Xatırladaq ki, təcrübəli futbolçu indiyə qədər yığmada 135 oyunda aktivinə 94 qol, 20 məhsuldar ötürmə yazıb. O, yığmada vurulan qolların sayına görə futbol tarixində 5-ci pillədə qərarlaşıb. Lukaku oktyabrın əvvəllərində Belçikanın evdə Türkiyəni 3:0 yendiyi qarşılaşmada aktivinə bir qol yazmışdı.
''Fənərbaxça''nın ulduzu Türkiyəyə qarşı oynamayacaq
Dünya futbolu





